Qusar şəhər 2 nömrəli tam orta məktəbində təşkil olunan yarışda yuxarı sinif şagirdləri, gənc müəllimlər, müxtəlif sahələrdə çalışan gənclərdən ibarət 9 komanda iştirak edib.
Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov yarışın keçirilməsində əsas məqsədin 125 illik yubileyi olan Azərbaycan kinosunun gənc nəsil arasında təbliğ edilməsi, eyni zamanda gənclərin intellektual oyunlar vasitəsilə bilik və bacarıqlarının artırılmasının və asudə vaxtının səmərəli təşkil edilməsinin təmin olunmasıdır.
Rəsmi hissədə çıxış edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə təhsil sektorunun əməkdaşı Nazirə Babayeva, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun baş məsləhərçisi Ramin Məcidov Qusar gəncləri üçün təşkil olunmasının əhəmiyyəti barədə danışıb, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını Qusar rayonunun Bədirqala kəndini təmsil edən eyniadlı komanda qazanıb və final mərhələsində iştirak etmək hüququ əldə edib. Yarışda ikinci və üçüncü yerləri müvafiq olaraq “Lotos” və “Zəfər” komandaları tutub. Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal, diplom və bədii ədəbiyyat nümunəli kitablarla təltif edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “25-ci kadr-KinoMƏNlərin intellekt savaşı” adlı layihə çərçivəsində bu günədək Siyəzən, Şabran və Xaçmaz rayonlarında intellektual turnirlər keçirilib. Növbəti tədbirlərin Quba rayonunda təşkil olunması planlaşdırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.