Xəbər verdiyimiz kimi oktyabrın 25-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatı müzakirə olunub.
Komitə sədri Hicran Hüseynova gündəliyi təqdim edərək diqqətə çatdırıb ki, iclasda bir məsələ - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatı müzakirə olunacaq.
Hicran Hüseynova dövlət komitəsinin Milli Məclisə təqdim olunan illik məlumatının qanunvericiliyə uyğun hazırlandığını söyləyib. O, qeyd edib ki, 2022-ci ildə ölkədə gender bərabərliyinin təmini sahəsində müsbət dinamika qorunub saxlanıb. Bildirilib ki, dövlət idarəçiliyində, elm, səhiyyə və sosial müdafiə kimi sahələrdə qadınların iştirakçılığının artması müşahidə olunsa da, hüquq-mühafizə, iqtisadiyyat, maliyyə kimi sahələrdə hələ də gender fərqi nəzərə çarpır. Komitə sədri vurğulayıb ki, bütövlükdə əmək bazarında, sahibkarlıq fəaliyyətində qadınların rolu getdikcə artır, həmçinin onların təhsil səviyyəsi, müxtəlif peşələrə yiyələnməsi, orta aylıq əməkhaqqıları ildən-ilə yüksəlir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.