AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Allahşükür Paşazadə Özbəkistana gedib

  • + A
  • - A
  • 27-11-2023, 15:00

    Allahşükür Paşazadə Özbəkistana gedib


    Türk Dövlətləri Təşkilatının Müsəlman dini idarə rəhbərlərinin 4-cü görüşündə iştirak etmək məqsədilə Özbəkistanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə “Maturidinin elmi irsi və müasir dövr” mövzusunda üləmalar forumunda iştirak edib.

    Bu barədə QMİ-nin Mətbuat xidmətindən məlumat verilib.

    Tədbirdə Türk dünyasının və İslam aləminin tanınmış din və elm xadimləri iştirak ediblər.

    Daha sonra A.Paşazadənin rəhbərlik etdiyi QMİ nümayəndə heyəti “Mir Ərəb” mədrəsəsinin 500 illiyinə həsr olunmuş beynəlxalq tədbirdə iştirak etmək məqsədilə Buxara şəhərinə səfər edib.

    Konfransda iştirak edən nümayəndə heyətləri müqəddəs dinimizin mənəvi irsinin inkişafında müstəsna rol oynamış orta əsrin görkəmli İslam alimi və mütəfəkkiri Məhəmməd Bahaəddin Nəqşibəndinin məzarını və məscid kompleksini, ardınca “Mir Ərəb” mədrəsəsini ziyarət edib. Burada Qurani-Kərimdən ayələr tilavət edilmiş, birgə namaz qılınmış, Türk dünyasının, bütün İslam aləminin tərəqqisi və əmin-amanlığı üçün dualar edilmişdir. Bu məşhur təhsil ocağının məzunu olan Şeyxülislam A. Paşazadə xüsusi ehtiram və rəğbətlə qarşılanmışdır.

    Qonaqlara “Mir Ərəb”in yaradılması və fəaliyyəti haqqında məlumat verən mədrəsənin rəhbəri buradan məzun olan görkəmli din xadimləri arasında QMİ sədri A.Paşazadənin adını xüsusi qeyd etmişlər. Qonaqlara Şeyxülislam Paşazadənin təhsil aldığı sinif otaqları və yaşayış məkanı nümayiş etdirilmişdir.

    Nümayəndə heyətləri – Türk dövlətlərinin və İslam dünyasının dini liderləri və alimləri, eləcə də Özbəkistanın dövlət rəsmiləri, ictimai və elmi-dini xadimlər “Mir Ərəb” mədrəsəsinin 500 illiyinə həsr olunmuş “Buxaranın İslam sivilizasiyasında rolu” adlı beynəlxalq konfrans öz işinə başlamışdır. Özbəkistan Respublikası Prezidentinin müşaviri cənab Müzəffər Kamilovun iştirakı ilə keçirilən tədbirdə Misirin baş müftisi Prof. Dr. Şövqi Əllam, Ümumdünya Müsəlman Üləmaları Birliyinin baş katibi Əli Əl-Qaradaği, Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri Müfti İsmayıl Berdiyev və başqaları iştirak etmişlər.

    Tədbirdə məruzə ilə çıxış edən QMİ sədri qədim elm, mədəniyyət, din mərkəzi Buxaranın hər bir müsəlmanın qəlbində özəl yerinin olduğunu, bu ulu diyarın ateizm dövründə müqəddəs dinimizin dəyərlərini qoruyub saxladığını xüsusi olaraq vurğulamışdır. Azərbaycan-Özbəkistan əlaqələrinə toxunan Şeyxülislam A.Paşazadə demişdir: “Şükürlər olsun ki, Azərbaycan və Özbəkistan arasında dərin tarixə malik mədəni, mənəvi əlaqələr bu gün də uğurla davam edir. Özəlliklə Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qardaşlıq münasibətləri ölkələrimiz və xalqlarımız arasında əlaqələrin, hərtərəfli əməkdaşlığın inkişafına dəstək olduğu kimi, ortaq milli-mənəvi dəyərlərimizin zənginləşməsinə də öz töhfələrini verməkdədir.” O, həmçinin qeyd etmişdir ki, qədim İpək Yolunun üzərində yerləşən qardaş ölkələrimizin mədəni-mənəvi özülləri möhkəm təməllər üzərində təşəkkül tapmışdır. Görkəmli elm, irfan sahibləri, İmam Əl-Buxari, Şeyx Əl-Maturudi, Şeyx Nəqşibəndi kimi, Azərbaycanı dünya çapında tanıdan dahi ustadlar - Şeyx Nizami, Füzuli, Nəsimi, Xaqani kimi söz ustadları, Əcəmi Naxçıvani kimi memarlıq dahisi müsəlman Şərqinin, türk dünyasının ümumi sərvətidir. Şeyxülislamın özbək dilində etdiyi çıxış iştirakçılar tərəfindən xüsusi rəğbətlə qarşılanmışdır.

    Tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə təşəkkür məktubu ünvanlamışlar.

    Buxara səfəri çərçivəsində QMİ sədrinin Türkiyə Diyanət işləri başqanı Prof. Dr. Ali Erbaş, Misir, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, habelə RF Şimali Qafqaz regionunun müftiləri, həmçinin, İordaniya, Qətər və Rusiyanın müsəlman elmi-dini xadimləri ilə görüşlər keçirmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR