Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının əməkdaşları “Təmas-Sərvi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra edilən “Zorakılığa məruz qalmış region qadınlarının dərziçilik və sosial sahibkarlıq bacarıqlarının artırılması” təşəbbüsü çərçivəsində yaradılmış "Təmas-Sərvi" sosial müəssisəsini ziyarət etdilər, müəssisədə çalışan qadınlarla görüşdülər.
Təşəbbüsün rəhbəri Kubra Ələkbərova qonaqlara həyata keçirlən fəaliyyətlər haqqında geniş məlumat verdi, təşəbbüsün ugurlarından, benefisarların həyatına gətirdiyi müsbət dəyişikliklərdən danışdı. O qeyd etdi ki, regionda icra olunan təşəbbüslər arasında yaradılmış sinerji onların təsirini əhəmiyyətli dərəcədə artırır. Belə ki, “İnnovativ İnkişaf” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilən “Gəncə-Qazax regionunda iqlim dəyişikliyinin fəsadları ilə bağlı geniş ictimaiyyətin məlumatlılığının artırılması və bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi” təşəbbüsü çərçivəsində "Təmas" RİİB-nin nəzdində fəaliyyət göstərən Genderəsaslı zorakılqdan zərərçəkmiş qadın və uşaq sığınacağına günəş enerjisi avadanlığı quraşdırılmışdır. Səfər zamanı avadanlığa baxış keçiildi. Görüşdə iştirak edən “İnnovativ İnkişaf” MMC-nin rəhbəri Mehman Xəlilov bildirdi ki, təşəbbüs çərçivəsində "Təmas" RİİB-nin nəzdində fəaliyyət göstərən Qadın - uşaq sığınacağında və Sağlamlıq imkanları məhdud olan uşaqların sosial reabilitasiya mərkəzində quraşdırılmış günəş enerjisi avadanlıqları vasitəsilə 1 il ərzində istehsal edilən 1740 KWt bərpa olunan “yaşıl” elektrik enerjisi hesabına hər iki sosial obyektin işıqlandırılması həyata keçiriləcək, həmçinin 870 kq karbon dioksid emissiyasınin atmosferə atılmasının qarşısı alınacaqdır.
Qeyd edək ki, hər iki təşəbbüs Avropa İttifaqının maliyyə dəstəyilə BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində həyata keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.