Mayın 27-dən iyunun 1-dək Cenevrədə keçirilən 77-ci İllik Ümumdünya Səhiyyə Assambleyasının iştirakçıları Beynəlxalq Səhiyyə Qaydalarına (IHR) düzəlişlər etmək və pandemiyaların qarşısının alınması üçün saziş üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus forumun nəticələrini tarixi əhəmiyyətə malik olduğunu bildirib.
Assambleya pandemiya ilə bağlı saziş hazırlamaq üçün 2021-ci ildə yaradılmış Hökumətlərarası Danışıqlar Orqanının mandatını yeniləyib. Məsləhətləşmələrin nəticələrinin 2025-ci ildə keçiriləcək növbəti illik səhiyyə assambleyasında və ya 2024-cü ildə assambleyanın xüsusi sessiyasında yekunlaşdırılacağı gözlənilir.
Təşkilatın Cenevrədəki mənzil-qərargahı izah etdi ki, ÜST ölkələri “beynəlxalq əməkdaşlığı və pandemiyaya çevrilmə riski olan və ya artıq çevrilmiş hadisələrə reaksiyanı daha təsirli edəcək” pandemiya fövqəladə halının tərifini daxil etmək üçün IHR-yə düzəlişlər etdi. İnkişaf etməkdə olan ölkələrin tibbi ləvazimatlara və maliyyələşdirməyə çıxış imkanlarının yaxşılaşdırılmasına da diqqət yetirilib. Bu məqsədlə “maliyyə koordinasiyası mexanizmi” yaradılacaq. Həmçinin ÜST ölkələrinin İHR-nin həyata keçirilməsini təşviq etmək üçün komitə yaratması da nəzərdə tutulur.
77-ci Səhiyyə Assambleyasında Azərbaycan da daxil olmaqla ÜST-yə üzv olan 194 ölkənin nümayəndələri iştirak edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.