AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yenidoğulan körpələrdə fizioloji sarılıq barədə bilmədiklərimiz - MÜSAHİBƏ

  • + A
  • - A
  • 22-06-2024, 16:05

    Yenidoğulan körpələrdə fizioloji sarılıq barədə bilmədiklərimiz - MÜSAHİBƏ

    Azadmedia.az Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun şöbə müdiri Sevinc Mehdiyevanın gənc analara məsləhət xarakterli yenidoğulan körpələrdə fizioloji sarılıq halları barədə müsahibəsini təqdim edir:

    - Sevinc xanım, ilk öncə bilmək istərdik ki, yenidoğulanlarda sarılıq nə zaman müşahidə olunur?

    - Yenidoğulanların neonatal sarılığı qan zərdabında bilirubin səviyyəsinin artması ilə əlaqədar dərinin, görünən selikli qişaların və göz almalarının sarı rəngə boyanmasıdır. Yenidoğulanlarda sarılıq tez-tez rast gəlinən vəziyyətdir. Xüsusilə də vaxtından əvvəl doğulan uşaqlarda sarılıq daha çox təsadüf edilir.
    Sarılıq əlamətlərinin hansı səbəbdən yaranmasını həkimlər nəzarətdə saxlamalı, ailələri lazımsız və erkən müdaxilələr aparılmaması üçün məlumatlandırmalıdırlar.

    - Körpələrdə sarılığın hansı növləri var və onların əsas simptomları hansılardır?

    - Sarılığın fizioloji və patoloji növləri olur. Fizioloji sarılıq əsasən uşaq həyatının 2-3 sutkasında müşahidə edilir və təqribən 2-3 həftədə tamamilə aradan götürülür. Yenidoğulanların vəziyyəti normal olur. Anaları bu dəyişikliklər narahat edir və onlar körpələrində olan hər hansı təhlükəli xəstəliklərdən şübhələnməyə başlayırlar. Lakin əksər hallarda narahatçılıq üçün heç bir ciddi səbəb olmur. Belə sarılıq fizioloji prosesdir, yəni bu heç bir xəstəliyin əlaməti deyil.
    Patoloji sarılıq fizioloji sarılıqdan fərqli olaraq daha tez, əsasən həyatın ilk sutkalarında qeyd olunur və uzun müddət davam edir. Patoloji sarılıq zamanı dəri və görünən selikli qişaların sarılığından başqa, qaraciyər və dalağın böyüməsi, nəcisin rəngsiz axolik olması, sidiyin tündləşməsi, yenidoğulanın süstlüyü və döşdən imtina etməsi kimi əlamətlər ola bilər. Əgər bu əlamətlərdən hər hansı biri müşahidə edilərsə mütləq həkim ilə məsləhətləşmək lazımdır.

    - Yenidoğulanlarda sarılığın səbəbləri hansılardır və necə diaqnoz edilə bilər?

    - Fizioloji və patoloji sarılıqların yaranma səbəbləri müxtəlifdir. Fizioloji sarılıq qaraciyər və dalağın qeyri-yetkinsizliyi, qanyaranma sisteminin bir sıra xüsusiyyətləri, ana südünün yetərsizliyi, yenidoğulanın bədən kütləsinin az olması səbəblərindən qeyd oluna bilər.
    Patoloji sarılıq isə müxtəlif xəstəliklərin o cümlədən, ana ilə uşaq arasında qrup və rezus üzrə uyğunsuzluq, qaraciyər və öd axarları, infeksion, irsi xəstəliklər, doğuş travmaları nəticəsində inkişaf edir.
    Həkimlər tərəfindən keçirilən fiziki yoxlanış zamanı sarılıq asanlıqla diaqnoz edilə bilər. Həkimlər körpənin dəri rəngini qiymətləndirir və ‘transcutaneous bilirubinometer’ adlanan cihaz ilə, yaxud qan testi verilərək, bilirubin səviyyəsi təyin olunur.

    - Yenidoğulmuşlarda sarılıq təhlükəlidirmi?

    - Yenidoğulan körpələrdə fizioloji sarılıq normal və müvəqqəti bir vəziyyətdir və bir çox hallarda öz-özünə keçir. Fizioloji sarılıq zamanı spesifik müalicəyə ehtiyac yoxdur. Onun ən yaxşı müalicəsi - ana südüdür (xüsusilə ananın ilkin südü). Məhz bu səbəbdən körpənin ilkin əmizdirilməsi (doğuş zalında) və daha sonra yalnız ana südü ilə qidalandırılması çox vacibdir.
    Bilirubinin səviyyəsinin enməsi ücün körpə tez-tez döşə qoyulmalı, təmiz havada çox olmalı və günəş vannaları qəbul etməlidir. Sarılıqların müalicəsində venadaxili maye köçürülməsi, qlükoza içirilməsi tamamilə əsassızdır.
    Fizioloji sarılıqdan fərqli olaraq, patoloji sarılıq körpələrdə mütləq və təcili müalicə olunmalıdır. Patoloji sarılıq zamanı bilirubin səviyyəsinin yüksək olması müalicə aparılmadıqda, bir çox fəsadlara, o cümlədən nevroloji problemlərə səbəb olaraq sinir sistemində geriyədönməz ağır dəyişikliklərə yol aça bilər. Bu səbəbdən patoloji sarılığın bütün növləri mütləq stasionarda müalicə olunmalıdır.
    Müalicə bilirubin səviyyəsi və xəstəliyə səbəb olan faktordan asılı olaraq dəyişə bilər. Əsas müalicə metodu – fototerapiyadır. Fototerapiya üsulumüxtəlif lampaların işığının təsirindən hidrofob qeyri-düz bilirubinin suda həll olan formaya keçərək, öd və sidiklə xaric olmasına əsaslanır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR