İRANIN VİTSE-PREZİDENTİ İSTEFA VERİB
İranın Strateji Məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cəvad Zərif istefa verib.
AzadMedia.az İranın rəsmi xəbər agentliyi İRNA-ya istinadən xəbər verir ki, Zərif istefa ərizəsini Prezident Məsud Pezeşkiyanə təqdim edib. Pezeşkiyanın Zərifin istefa ərizəsinə hələ cavab vermədiyi bildirilib.
Zərifin istefa xəbərinin İqtisadiyyat Naziri Əbdünnasir Himmətinin Parlament tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra gəlməsi diqqət çəkir. İqtisadi problemlər qarşısında təsirsiz qalmaqda ittiham olunan Himməti 2 gün öncə Parlament tərəfindən vəzifədən kənarlaşdırılıb.
Keçmiş Prezident Həsən Ruhani dövründə 2013-2021-ci illərdə Xarici İşlər Naziri vəzifəsində çalışan Zərif, 2015-ci ildə imzalanan nüvə sazişinin memarlarından biri idi. Zərif avqust ayında Prezident Pezeşkiyan tərəfindən Strateji İşlər üzrə Prezident müavini təyin edilmişdi.
İranın ifrat mühafizəkar qruplarının hədəfində olan Zərif barədə, hökumətin Parlamentdən etimad səsini aldığı avqust ayında da istefa iddiaları yayılmış, lakin o, vəzifəsinə davam etmişdi. Zərif son olaraq yanvar ayında İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda (WEF) hicab qadağası və HAMAS-ın 7 oktyabr 2023-cü il hücumu ilə bağlı etdiyi açıqlamalar səbəbilə ölkədəki ifrat mühafizəkar qrupların tənqidinə tuş gəlmişdi. Zərif əleyhinə Tehran və Məşhəd şəhərlərində bəzi qruplar tərəfindən etiraz aksiyaları təşkil edilmişdi.
Zərifin istefasının arxasında duran səbəblər rəsmi olaraq açıqlanmasa da, onun son aylarda ifrat mühafizəkar dairələrdən gələn tənqidlərin hədəfində olması və hökumət daxilindəki siyasi fərqliliklər bu qərarın əsas səbəbləri kimi qiymətləndirilir.