Rusiya Xarkova aviazərbələr endirib
Rusiya hərbi qüvvələri Ukraynanın Xarkov vilayətinə aviazərbələr endirib.
Yaşayış məntəqəsinə düşən mərmilər 1 nəfərin ölümü, bir neçə nəfərin yaralanmasına səbəb olub.
Yaralılar arasında bir uşağın olduğu bildirilir.
Rəsmilər 10 müxtəlif məkanda dağıntı və yanğın müşahidə etdiklərini deyiblər.
Rusiya-Ukrayna müharibəsi və tərəflərin atəşkəs və sülhə razılıq vermələri məsələləri ötən gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun türkiyəli həmkarı Hakan Fidan arasında görüşdə də müzakirə mövzusu olub.
Hakan Fidan növbəti birbaşa dialoqa ev sahibliyi etməyə hazır olduqlarını deyib.
Xatırladaq ki, əvvəlki İstanbul görüşünün yeganə nailiyyəti tərəflərin əsir mübadiləsinə razılıq verməsi olub.
Atəşkəs və sülh danışıqlarına əngəl olan amillərdən biri kimi Rusiyanın mülki obyektləri hədəfə alması göstərilir.
Ağ Ev lideri Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin bu cür davranışlara yol verməsini onun ağlını itirməsi kimi şərh edir.
O, qeyd edib ki, Putinin bütün Ukraynanı zəbt etmək istəyi Rusiyanın məhvinə gətirib çıxaracaq.
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirəcəyini qeyd edib.
Rusiya 2022-ci ilin fevral ayında Ukraynaya qarşı genişmiqyaslı yerüstü və havadan hərbi hərəkat başladıb, indiyə qədər Ukraynanın 20 faiz ərazilərinə nəzarəti ələ keçirib.