QƏZZA MÜHARİBƏSİNƏ SON QOYULA BİLƏR
ABŞ Prezidenti Donald Trump və İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonda Qəzza münaqişəsinin həlli üçün yeni sülh planını təqdim ediblər. Rəsmi məlumata görə, 20 maddədən ibarət sənəd bölgədə dərhal atəşkəsin əldə olunmasını, girovların mərhələli şəkildə azad edilməsini və Qəzzanın idarəçiliyinə beynəlxalq nəzarətin tətbiqini nəzərdə tutur.
HƏMÇİNİN İsrail qoşunları bölgədən çıxarılmalıdır. Əvəzində isə girovların azad olunması nəzərdə tutulur.
Sənədə görə, İsrail təklifi qəbul etdikdən sonra girovların azad olunması üçün 72 saat vaxt veriləcək.
"Bütün girovlar azad olunduqdan sonra İsrail ömürlük həbsdə olan 250 nəfəri və 2023-cü il oktyabrın 7-dən sonra saxlanılan 1 700 mülki sakini təhvil verməlidir", – sənəddə qeyd olunur.
Plan HƏMAS-ın Qəzzanın idarəçiliyində rolunun olmamasını, silahların təhvil verilməsini və tunellərin məhv edilməsini nəzərdə tutur.
Qəzzaya nəzarət müvəqqəti olaraq texnokrat, siyasi mənsubiyyəti olmayan Fələstin Komitəsinə tapşırılacaq. Bu komitə Qəzza əhalisinin gündəlik xidmət və bələdiyyə işlərinin təmin edilməsinə cavabdeh olacaq. Komitənin üzvləri fələstinlilər və beynəlxalq ekspertlərdən ibarət olacaq, fəaliyyətinə isə yeni beynəlxalq keçid orqanı – ABŞ Prezidentinin rəhbərlik edəcəyi "Sülh Şurası" nəzarət edəcək.
Trump planı “tarixi gün” adlandırıb və xəbərdarlıq edib ki, HƏMAS qəbul etməsə, ABŞ İsrailin hərbi əməliyyatlarını dəstəkləyəcək. Netanyahu da bəyan edib ki, əgər plan rədd olunarsa, İsrail “işi sona çatdıracaq”.
Britaniya, Fransa və Avropa İttifaqı rəhbərliyi təşəbbüsü alqışlayıb. Fələstin Muxtariyyəti isə ABŞ-la əməkdaşlığa hazır olduğunu bildirib. Bununla belə, HƏMAS rəsmiləri qeyd ediblər ki, İsrail tam çıxarışı və 1967 sərhədləri üzərində fələstin dövlətinin qurulması razılaşmanın əsas şərtidir.
Plan həmçinin Qəzzanın bərpası üçün iqtisadi inkişaf proqramını nəzərdə tutur, İsrailin ərazini nə işğal edəcəyi, nə də ilhaq edəcəyi vurğulanır. ABŞ sənəddə fələstinlilərin məcburi köçürülməyəcəyini, əksinə, onların “daha yaxşı Qəzza qurmaq üçün” dəstəklənəcəyini qeyd edir.