İNDONEZİYADA MƏKTƏBDƏ QƏZA OLUB
İndoneziyada məktəb binasının uçması nəticəsində azı bir şagird həlak olub, onlarla nəfər dağıntılar altında qalıb. İndoneziyanın Şərqi Cava əyalətinin Sidoarjo şəhərində yerləşən internat məktəbində binanın çökməsi nəticəsində azı bir şagird həyatını itirib, onlarla nəfər xəsarət alıb və 65 şagirdin dağıntılar altında qaldığı ehtimal edilir.
Fövqəladə hallar xidməti əməkdaşları, polis və əsgərlər hadisə yerində gecə boyu axtarış-xilasetmə işlərini davam etdiriblər. Xilasetmə əməliyyatı zamanı dağıntıların altından daha bir neçə cəsədin müşahidə edildiyi bildirilib. Bu isə ölənlərin sayının artacağı ehtimalını gücləndirir.
Komanda qərargahında yerləşdirilmiş lövhədə 65 şagirdin adları "itkin" kimi qeyd olunub. Onların əksəriyyəti 7-11-ci siniflərdə oxuyan 12-17 yaşlı oğlanlardır.
Xilasetmə işlərinə yüzlərlə əməkdaş cəlb olunub, onlar oksigen, su, tənəffüs cihazları, tibbi təxliyə avadanlığı və digər dəstək vasitələri ilə təmin olunublar.
Hazırda binanın çökmə səbəbi ilə bağlı araşdırma aparılır. Rəsmi dairələr tikinti standartlarının pozulması və ya struktur zəifliyi ehtimallarını da nəzərdən keçirirlər.