Sabah azərbaycanlılar etiraz aksiyası keçirəcək
Gürcüstanın Axalkalaki şəhərində erməni terrorçu Mixail Avaqyana abidə ucaldılmasına qəzəblənən bu ölkədəki azərbaycanlılar kütləvi etiraz aksiyasına hazırlaşırlar.
Musavat.com xəbər verir ki, ilk etiraz aksiyası sabah - fevralın 5-i saat 12-də Gürcüstan parlamentinin qarşısında olacaq. Aksiyanın keçirilməsi artıq razılaşdırılıb.
Aksiyaya azərbaycanlıların kütləvi şəkildə qoşulacağı bildirilir. O da bildirilir ki, erməni terrorçuya abidə ucaldılması azərbaycanlılara qarşı ciddi hörmətsizlikdir, mənəvi sarsıntıdır və Gürcüstandakı azərbaycanlılar abidənin oradan götürülməsini sərt şəkildə tələb edəcəklər. Aksiyada “Təxribatçılar, əlinizi Gürcüstan-Azərbaycan dostluğundan çəkin!”, “Separatçı Mixail Avaqyanın büstü götürülsün!”, “Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti deyil!”, “Separatçılığa və separatçılara YOX!”, “Gürcüstan-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir!” şüarlarının səsləndirilməsi nəzərdə tutulub.
Məlumat üçün qeyd edək ki, Axalkalaki rayonunun Buqaşeni kəndində “Kobra” ləqəbli Mixail Avaqyana büstün qoyulması Tiflislə Bakı arasında diplomatik gərginliyə, habelə Azərbaycan ictimaiyyətinin və KİV-lərinin kəskin reaksiyasına səbəb olub. Mixail Avaqyan həmin kənddə anadan olub, Ermənistanda yaşayıb və Qarabağ müharibəsi zamanı Qubadlı, Cəbrayıl, Füzuli rayonunun işğalında, habelə Xocalı qətliamında iştirak edib. 1994-cü ildə Horadiz döyüşləri zamanı öldürülüb.