İsrail ordusunun 7 aylıq körpənin ölümü ilə bağlı versiyasını şübhə altına alan video yayımlanıb

İşğal altındakı İordan çayının qərb sahilində, Hebron şəhəri yaxınlığında 6 iyun tarixində baş vermiş və 7 aylıq Sam Əbu Xaykalın ölümü ilə nəticələnmiş hadisə ətrafında yeni mübahisələr yaranıb.
NBC News-un məlumatına görə, yayımlanan video görüntülər İsrail Müdafiə Qüvvələrinin (SAXAL) hadisə ilə bağlı təqdim etdiyi rəsmi versiyaya zidd görünür.
SAXAL daha əvvəl bildirmişdi ki, hərbçilər əməliyyat fəaliyyəti zamanı onlara doğru sürətlənən avtomobil müşahidə ediblər və təhlükə yarandığını hesab edən əsgərlərdən biri atəş açıb. Nəticədə üç fələstinlinin yaralandığı və müalicə üçün xəstəxanaya aparıldığı qeyd olunmuşdu.
Lakin İsrailin insan haqları təşkilatı olan B’Tselem tərəfindən təqdim edilən videogörüntülərin bu iddiaları şübhə altına aldığı bildirilir. Təşkilatın açıqlamasına görə, görüntülərdə avtomobilin sürətlənməsi deyil, əksinə yavaşlayaraq dayanması görünür.
Səssiz olan videonu araşdıran təşkilat nümayəndələri avtomobilin hərbçilərə yaxınlaşaraq təhlükə yaratmadığını, əksinə onlardan müəyyən məsafədə dayandığını iddia edirlər. B’Tselem-in nümayəndəsi Şay Parnes bildirib ki, onların qiymətləndirməsinə əsasən, nəqliyyat vasitəsi hərbçilər üçün birbaşa təhlükə təşkil etməyib.
Təşkilatın yayımladığı digər videoda isə hadisənin nəticələri əks olunub. Kadrlarda körpənin atası qan içində olan uşağı qucağında tutaraq ona yardım göstərməyə və qanaxmanı dayandırmağa çalışır.
İsrail ordusu sonradan yaydığı yenilənmiş bəyanatda hadisəyə “böyük ciddiyyətlə” yanaşıldığını və günahsız mülki şəxslərə dəyən zərərə görə təəssüf hissi keçirdiyini bildirib. Həmçinin qeyd olunub ki, insident hərbi polis tərəfindən cinayət işi çərçivəsində araşdırılır.
Hadisə ilə bağlı istintaq davam edir və yayılan yeni görüntülərin araşdırmanın nəticələrinə necə təsir göstərəcəyi hələ məlum deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.