AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstan prezidentinin Keşikçidağ israrının pərdəarxası

  • + A
  • - A
  • 3-05-2019, 09:33

    Gürcüstan prezidentinin Keşikçidağ israrının pərdəarxası














    Politoloq: “Məqsəd heç də Azərbaycanla münasibətləri pozmaq deyil, aşağı dərəcəli “kontrollu gərginlik” siyasəti yeridilir”

    “Gürcüstanda prezidentlik institutu simvolikdir və bu vəzifəni tutan şəxsin heç bir icra səlahiyyəti yoxdur. Bu ölkədə parlament üsul-idarəsi mövcuddur, prezident dövlət siyasətinin müəyyən olunmasında rol oynamır və bütün səlahiyyətlər baş nazirin əlindədir. Amma Salome Zurabişvili seçildikdən bəri çox aktiv fəaliyyəti ilə diqqəti cəlb edir, hətta zaman-zaman baş naziri də kölgədə qoyur”.

    Politoloq Şahin Cəfərli bu fikirləri Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycanla sərhəddəki Keşikçidağ kompleksi ilə bağlı iddiaları barədə Musavat.com-a açıqlamasında söylədi. Ekspertin sözlərinə görə, Gürcüstanın siyasi sistemindən xəbərsiz olan kənar müşahidəçiyə elə gələ bilər ki, bu ölkədə prezident əsas söz və səlahiyyət sahibidir: “Mən Salome Zurabişvilinin hiperaktivliyini iki səbəblə əlaqələndirərdim: birincisi, o diplomatdır və uzun illər Fransa XİN sistemində fəaliyyət göstərdikdən sonra Gürcüstanda xarici işlər naziri vəzifəsini tutub. Belə görünür ki, Zurabişvili prezident qismində yenidən dövlət vəzifəsinə qayıtdıqdan sonra ən yaxşı bacardığı sahə ilə, yəni xarici siyasətlə məşğul olmağa üstünlük verib. Halbuki xarici siyasət hökumət tərəfindən müəyyənləşdirilir, istər baş nazir, istərsə də xarici işlər naziri bu barədə parlamentin qarşısında məsuldurlar. Prezidentin bu sahədə səlahiyyətləri səfir vəzifəsinə namizədləri təqdim etmək və bəzi məqamlarda dövləti beynəlxalq arenada təmsil etməklə məhdudlaşır. İkincisi, istisna etmirəm ki, Zurabişvilinin bəzi addımları və bəyanatları “Gürcü Arzusu”nun lideri Bidzina İvanişvilinin tapşırıqlarının nəticəsidir. Sirr deyil ki, Zurabişvilini bütün siyasi və maddi gücünü ortaya qoyaraq məhz İvanişvili prezident seçdirdi. İndi mümkündür ki, İvanişvili ona borclu olan prezidentin vasitəsilə istər daxildə, istərsə də xaricdə müəyyən mövzularla bağlı ictimai rəyi yoxlayır, gələcəkdə hökumət səviyyəsində verilməsi düşünülən qərarlara mümkün reaksiyaları öyrənir”.

    Ş.Cəfərli şübhə etmir ki, Azərbaycanla dövlət sərhədinin razılaşdırılmamış hissəsi ilə bağlı mübahisənin, o cümlədən Keşikçidağ (David Qareci) məsələsinin gündəmə gətirilməsi də bu qəbildəndir: “Zurabişvili vasitəsilə bu məsələni əvvəlki dövrlərdən bir qədər sərt şəkildə aktuallaşdırıb, həm Azərbaycanın reaksiyasını yoxlayırlar, həm də gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində radikal millətçilərin bəzi şüarlarını əllərindən alaraq öz elektoratlarını millətçi seçicilərin hesabına genişləndirmək istəyirlər. Məqsəd heç də Azərbaycanla münasibətləri pozmaq deyil, aşağı dərəcəli “kontrollu gərginlik” siyasəti yeridilir. Bakı narazılığını bildirərsə, cavab verəcəklər ki, prezidentin hərəkətləri hökumətlə razılaşdırılmayıb və onun bu sahədə qərar qəbul etmək səlahiyyəti yoxdur”.

    Politoloq hesab edir ki, xanım Zurabişvili Gürcüstanda ABŞ hərbi bazalarının yaradılmasına qarşı çıxmaqla da İvanişvilinin mövqeyini ifadə edir. Ş.Cəfərli ABŞ hərbi bazalarının ölkə ərazisində yerləşdirilməsinə qarşı çıxdığı üçün impiçment təhlükəsi ilə üzləşən gürcü prezidentin “Rusiyanın adamı” olması barədə səslənən fikirlərə də münasibət bildirdi: “İvanişvili ilə Zurabişvili rusiyameylli siyasətçilər deyil. Sadəcə olaraq, İvanişvili Rusiya ilə münasibətlərdə çox ehtiyatlı davranır və çalışır ki, Moskvanı çox qıcıqlandırmasın. Son illər Gürcüstan-Rusiya ticarət dövriyyəsi artır, rusiyalı turistlərin Gürcüstana axını güclənir. Bu baxımdan prezidentin “Gürcüstanda ABŞ hərbi bazasının tikintisi məqsədəuyğun deyil və provokasiya kimi qiymətləndirilə bilər” açıqlaması təsadüfən verilməyib. Bu tip qeyri-populyar bəyanatları hökumət verə bilməz. Elə bu səbəbdən “Gürcü Arzusu”nun ikinci adamı və Tiflis meri Kaxa Kaladze dərhal bəyan etdi ki, hökumət prezidentin mövqeyini bölüşmür və Gürcüstan ABŞ-la müttəfiqliyə böyük önəm verir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR