On minlərlə erməninin Türkiyədən deportasiyası gözlənilir
Ermənistan hakimiyyəti Türkiyədən on minlərlə qeyri-leqal erməni miqrantın mümkün deportasiyasına hazır olmalıdır. Çünki Ərdoğanın siyasəti dəyişib.
Virtualaz.org xəbər verir ki, bunu erməni ekspert-türkoloq Ruben Melkonyan deyib. Onun sözlərinə görə, qeyri-leqal erməni miqrantların Türkiyədən deportasiyasına dair vaxtaşırı olaraq səslənən xəbərdarlıqlar praktikada reallaşa bilər. Səbəb odur ki, Türkiyədə oyun qaydaları dəyişib, millətçilik yüksəlib və hakimiyyətin siyasəti “daha az proqnozlaşdırıla bilən” olub.
Melkonyana görə Ermənistan sakinlərinin Türkiyədən mümkün deportasiyasının səbəbləri kimi bu ölkənin daxilindəki iqtisadi problemlər, Azərbaycan qarşısında öhdəliklər və Yerevana münasibətin sərtləşməsi və s. hesab oluna bilər.
“Həm də belə şaiyələr gəzir ki, mümkün deportasiyanın səbəblərindən biri bizim Suriyaya sülhməramlı missiya göndərməyimizlə əlaqəlidir. Lakin mən hesab etmirəm ki, bu əsas səbəbdir”-Melkonyan bildirib.
Onun sözlərinə görə, deportasiya reallaşsa Ermənistanda problemlər meydana çıxacaq. Amma hakimiyyət bu ssenariyə çoxdan hazırlaşmalıydı.
Müxtəlif məlumatlara görə Türkiyədə on minlərlə qeyri-leqal erməni miqrant var.