İran Hindistan, Çin, İraq və Qətər gəmilərinə Hörmüz boğazından sərbəst keçid verib

İran Hindistan, Çin, İraq və Qətər gəmilərinin Hörmüz boğazından keçidinə tətbiq olunan məhdudiyyətləri aradan qaldırıb.
Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi sədrinin müavini Əmir Həyat Müqəddəm ISNA agentliyinə müsahibəsində bildirib.
“Hazırda Hindistan, Çin, İraq və Qətəri Hörmüz boğazından tranzit keçid məhdudiyyətlərindən azad etmişik. Bu ölkələrin gəmiləri sərbəst hərəkət edir və amerikalılar da onları saxlamırlar”, – deyə deputat qeyd edib.
Onun sözlərinə görə, bu istisnalar Tehranla həmin dövlətlərin qarşılıqlı maraqları əsasında tətbiq olunub. Hindistan gəmilərinin sərbəst keçidi İrana bu ölkədən dərman preparatlarının idxalını asanlaşdırır. Çin gəmilərinə maneəsiz keçid hüququnun verilməsi isə Pekinin siyasi dəstəyini təmin etmək məqsədi daşıyır.
Müqəddəmin sözlərinə görə, İran Hindistan və Çin gəmilərindən Hörmüz boğazından keçid üçün ödəniş alır, Qətər gəmiləri isə ödənişsiz buraxılır. İraq gəmilərindən tranzit haqqının tutulub-tutulmadığı barədə isə məlumat verilməyib.
Qeyd edək ki, Hörmüz boğazı İran və Oman arasında yerləşir və dünya üzrə neft və qaz tədarükünün əsas marşrutlarından biri hesab olunur. Fars körfəzi ölkələrinin enerji resurslarının əhəmiyyətli hissəsi məhz bu boğaz vasitəsilə beynəlxalq bazarlara çatdırılır.
İran rəsmisinin açıqlaması Tehranla ABŞ və İsrail arasında davam edən qarşıdurma fonunda səsləndirilib. Məlumatda bildirilir ki, İrana qarşı hərbi əməliyyat 2026-cı il fevralın 28-də başlayıb. Apreldə tərəflər atəşkəs barədə razılığa gəlsələr də, diplomatik səylərin nəticəsiz qalmasından sonra iyulda hərbi əməliyyatlar yenidən bərpa olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.