AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Rusiya ilə biznes əməkdaşlığından Ukrayna müharibəsinin nizamlanmasında təzyiq vasitəsi kimi istifadə ideyasını təxirə salıb

  • + A
  • - A
  • Bu gün, 14:03

    ABŞ Rusiya ilə biznes əməkdaşlığından Ukrayna müharibəsinin nizamlanmasında təzyiq vasitəsi kimi istifadə ideyasını təxirə salıb


    ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya ilə birgə biznes layihələrindən Moskvanı Rusiya-Ukrayna müharibəsini dayandırmağa təşviq etmək üçün istifadə etmək planını təxirə salıb. Buna səbəb Rusiyanın ABŞ-ın enerji və aviasiya sahələrində əməkdaşlıq təkliflərinə maraq göstərməməsi olub. Bu barədə “Financial Times” qəzeti amerikalı rəsmilərə istinadən məlumat yayıb.

    Nəşrin məlumatına görə, Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Avropa İttifaqının nümayəndələrinə bildiriblər ki, Amerika və Rusiya şirkətləri arasında əməkdaşlıq artıq Vaşinqtonun Moskvaya təqdim etdiyi təkliflərin əsas istiqamətlərindən biri deyil.

    Bundan əvvəl Cared Kuşner iqtisadi əlaqələri müharibədən sonrakı nizamlanmanın əsas elementlərindən biri kimi nəzərdən keçirirdi. Müzakirə olunan mümkün layihələr arasında Amerika şirkətlərinin Rusiyanın neft sektoruna və titan istehsalına investisiya yatırması da yer alırdı.

    Lakin ilkin mərhələdə Rusiya rəsmilərinin bu təşəbbüslərə göstərdiyi maraq sonradan azalıb.

    “Financial Times” yazır ki, Moskva sülh sazişinin imzalanmasının böyük ehtimalla sanksiyaların yumşaldılmasına gətirib çıxaracağına və bunun da özəl şirkətlərə Rusiya bazarına qayıtmaq imkanı verəcəyinə inanır.

    ABŞ-ın bir sıra yüksək vəzifəli rəsmiləri isə Rusiya Prezidenti Vladimir Putinin müharibədə qələbə qazanmaq istəyinin iqtisadi maraqlarla bağlı olmadığı qənaətinə gəliblər.

    Mənbələrdən biri nəşrə açıqlamasında bildirib: “Amerikalılar münaqişə tərəflərinin nə istədiyini daha yaxşı anlamağa başlayıblar”.

    Bununla yanaşı, Moskva Ukraynadan ərazi güzəştləri və Kiyevin qəbuledilməz hesab etdiyi digər şərtlərin yerinə yetirilməsini tələb etməkdə davam edir.

    Qeyd edək ki, daha əvvəl Rusiya və ABŞ nümayəndələri, o cümlədən Cared Kuşner “Şimal axını” qaz kəmərləri layihəsinə amerikalı investorların cəlb edilməsi imkanlarını da müzakirə ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR