AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NBC: Tramp sülh razılaşmasına nail olmaq üçün İran rəhbərliyinin bir hissəsini aradan götürməyə cəhd edə bilər

  • + A
  • - A
  • Bu gün, 14:06

    NBC: Tramp sülh razılaşmasına nail olmaq üçün İran rəhbərliyinin bir hissəsini aradan götürməyə cəhd edə bilər


    ABŞ Prezidenti Donald Trampın administrasiyasında İranın ali rəhbərliyinin bir hissəsinin məhv edilməsini nəzərdə tutan yeni hərbi zərbələrin endirilməsi ehtimalı müzakirə olunur. Məqsəd Tehranın mövqeyini zəiflətməklə müharibənin Vaşinqtonun şərtləri əsasında başa çatdırılmasına nail olmaqdır. Bu barədə “NBC News” məlumatlı mənbələrə istinadən xəbər yayıb.

    Mənbələrin bildirdiyinə görə, bu ssenarinin tərəfdarları hesab edirlər ki, İran rəhbərliyinin bir hissəsinin aradan götürülməsi Trampa müharibəni öz şərtləri əsasında başa çatdırmaq imkanı verə bilər.

    Lakin təşəbbüsün əleyhdarları xəbərdarlıq edirlər ki, İran rəhbərliyinin həlak olması Tehranın mövqeyini daha da sərtləşdirə və gələcək sülh danışıqlarına olan etimadı sarsıda bilər.

    ABŞ-ın hərbi rəhbərliyi də İran liderlərinə qarşı hücumların Amerika rəsmiləri üçün təhlükəsizlik riskləri yarada biləcəyindən narahatdır. Bundan əvvəl İranın təhdidləri səbəbindən ABŞ-ın maliyyə naziri Skott Bessent Vaşinqton yaxınlığındakı hərbi bazaya köçürülüb.

    NBC-nin mənbələrinin məlumatına görə, Tramp hələlik yekun qərar qəbul etməyib. İran rəhbərliyinin bir hissəsinin məhv edilməsi ehtimalı uzun müddətdir müzakirə olunsa da, son həftələrdə müharibənin başa çatdırılması yollarının axtarılması fonunda bu müzakirələr intensivləşib.

    Telekanal xatırladır ki, fevral ayında hərbi münaqişənin başlanğıcında ABŞ və İsrailin zərbələri nəticəsində İranın 36 il ölkəyə rəhbərlik etmiş ali lideri Əli Xamenei öldürülüb. Mart ayında onun oğlu Müctəba Xamenei atasının varisi olub. O da hava hücumları zamanı xəsarət alıb və bir müddət ictimaiyyət qarşısına çıxmayıb. Bəzi amerikalı rəsmilər Müctəba Xameneinin atasından daha sərt siyasi xətt tərəfdarı olduğunu düşünürlər.

    Bundan əvvəl CNN-ə ABŞ kəşfiyyatının məlumatları ilə tanış olan mənbələr İranın Vaşinqtonda Tramp administrasiyasının yüksək vəzifəli nümayəndələrinə qarşı hücum planları hazırladığını bildirmişdilər. İddialara görə, mümkün hücumlarda “çirkli bomba” və ya kimyəvi silahlardan istifadə nəzərdən keçirilə bilər.

    Oktyabr ayında “Israel Hayom” nəşri isə İsrailin “Mossad” kəşfiyyat xidmətinin İranın Tramp və onun administrasiyasına qarşı mümkün sui-qəsd planları barədə Mərkəzi Kəşfiyyat İdarəsini (CIA) xəbərdar etdiyini yazıb. Nəşrin məlumatına görə, digər yüksək vəzifəli amerikalı rəsmilər də potensial hədəflər sırasında ola bilər. Hücum vasitəsi kimi dronlardan istifadə ehtimalı da qeyd olunub.

    Bu məlumatlar fonunda ABŞ Yaxın Şərqdəki diplomatik nümayəndəliklərinin əməkdaşları üçün təhlükəsizlik hazırlığını artırıb, həmçinin səfirlik və konsulluqlardakı işçi heyətinin sayını azaltmağa başlayıb.

    Noyabrın 22-də Donald Tramp İrana qarşı hərbi zərbələrin yenidən başlanmasına meyilli olduğunu bildirib. Ağ Ev rəhbəri İranın danışıqlar aparan nümayəndələrini prosesi uzatmaqda, Tehranı isə ABŞ Konqresinə aralıq seçkilərdən sonra hərbi əməliyyatları gərginləşdirməkdə ittiham edib.

    Bununla yanaşı, İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın Hörmüz boğazının açılması məsələsi üzrə Vaşinqtonla danışıqlara hazır olduğunu bəyan edib. O, İran hakimiyyətinin “yaxşı, ləyaqətli və davamlı razılaşma” əldə etməyə çalışdığını bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR