Nikol Paşinyan Minsk qrupundan olan beynəlxalq müşahidəçiləri Azərbaycanla sərhəddə yerləşdirməyi təklif edib. Paşinyanın bu təklifi Rusiyanı aktiv fəaliyyətə keçməyə məcbur edib. “Qraparak” qəzetinin məlumatına görə, Rusiya tərəfi Ermənistana digər ölkələrdən sülhməramlıların yerləşəcəyindən narahatdır.
Təsadüfi deyil ki, Ayvazyanın istefası Müdafiə naziri Vaqarşak Arutyunyanın Moskvaya səfərindən sonra baş tutdu. Hələlik Arutyunyanın Moskvada hansı tapşırıqlar aldığı bəlli deyil, amma son günlər Geqarkunik sərhədində rusiyalı sülhməramlılar müşahidə edilir. Rusiyalı politoloq Aleksey Malaşenko bildirib ki, 44 günlük müharibədən sonra Qərb Qafqaz regionundan kənarlaşdırıldığını dərk edib. Məhz bu səbəbdən indi Qərb ATƏT-in Minsk qrupunun bərpası üçün fəal, çoxşaxəli addımlar atır. Onun sözlərinə görə, Paşinyan Fransa və ABŞ-ı regiona qaytarmağa çalışaraq, seçkidə Qərbin dəstəyini almağa ümid edir: “Başqa sözlə, seçkidə Rusiya-Qərb qlobal siyasi oyunu nəzərə çarpacaq. Nəzərə almaq lazımdır ki, hətta ATƏT-in Minsk qrupu bu regiona qayıtsa belə, Qərbin 10 noyabr bəyanatından irəli gələn prosesləri dəyişmək cəhdlərindən başqa ciddi şəkildə gündəmdə heç nə dəyişməyəcək. Yəni gözlənilməz bir şey olmayacaq. Qərb regionda öz yerini bərkitməyə çalışacaq. Biz ciddi geosiyasi dəyişikliklər mərhələsindəyik. Rusiya və Qərb yenidən üz-üzə qalacaq – bu dəfə Qafqazda”.
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, Paşinyanın siyasi xətti mümkün qədər Rusiyanın təsirindən uzaqlaşmaqdır. Çünki Qərb qarşısında öhdəlikləri var. Ekspertin sözlərinə görə, Paşinyan birbaşa Qarabağ məsələsində görə deyil, bütövlükdə Ermənistanı Qərbin təsirinə keçirmək niyyətindədir:
“44 günlük Vətən müharibəsində İrəvan hökuməti Kremldən umduğu dəstəyi görmədi. Düzdür, müharibə boyu Rusiya hərbi cəhətdən Ermənistana xeyli yardım etdi və öz dəstəyini əsirgəmədi. Amma İrəvanın gözləntiləri tamamilə başqa idi. Proseslər cərəyan etdikcə Paşinyan hökuməti Moskvadan ümidini üzür. Ermənistan tərəfinin məqsədlərindən biri də müharibədən sonrakı nizamlanma prosesinə və regional əməkdaşlığa mümkün qədər zərbə vurmaqdır. Paşinyan dərk edir ki, indiki halda ABŞ və Fransanın nizamlama prosesinə müdaxiləsi ciddi problemlər yarada bilər. Ən azından üçtərəfli saziş çərçivəsində gedən işləri yubadar. Məqsəd istənilən halda həll prosesini uzatmaqdır. Paşinyanı Parisə aparan səbəblərin başında hər şeyi ona diktə edən Rusiyanın təsir dairəsindən mümkün qədər uzaqlaşmaq durur. Digər önəmli məqam isə Azərbaycan və Türkiyənin bölgədə artan gücü, nüfuzudur. Ermənistan rəhbərliyini təşvişə salan amil budur”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.