"Bu gün Paşinyan artıq erməni xalqına problemdir" — Deputat Fəzail İbrahimli
Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici rolu oynayan şəxs Rusiya prezidenti Vladimir Putindir".
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli bildirib.
Deputat deyib ki, vaxtilə mərhum prezident Heydər Əliyev də Qarabağ probleminin açarının Rusiyada olduğunu söyləyib:
"Vaxtilə mərhum prezident Heydər Əliyev ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri Kazimirova demişdi ki, Qarabağ probleminin həlli yolunun açarı Rusiyanın cibindədir. Bu reallıq bu gün də mövcuddur. Amma burada əsas məsələ odur ki, Rusiya Qarabağ probleminin həllini yubandırmaqda maraqlıdır. Əgər bu gün Rusiya Qarabağ probleminin həllinə razılıq versə və Azərbaycanın tərəfini saxlasa, o zaman Ermənistanı itirəcək. Ona görə də Rusiya təkcə Azərbaycan və ya Ermənistana maraq göstərmir. Bütövlükdə Rusiyanın marağı Qafqazdır. Rusiya Cənubi Qafqazdan çıxmaq istəmir. Qafqazı öz siyasi təsirində saxlamaq üçün bu cür münaqişələrin davam etməsində maralıdır. Təsəvvür edin ki, Rusiya prezidenti Bakıya səfər etməklə haqlı olaraq Azərbaycanın Qarabağı işğaldan azad etməyinə razılıq verir və bununla azərbaycanlıların gözündə "çox yaxşı oğlan" imici qazanır. Ancaq digər tərəfdən isə Rusiyanın forpostu olan digər Cənubi Qafqaz ölkəsi - Ermənistanı itirir. Sizcə, Rusiya buna razı olarmı? Əlbəttə ki, xeyr. Ona görə də Rusiya münaqişələrin həllinin yubanmasına maraq göstərir".
F.İbrahimli qeyd edib ki, Azərbaycan üçün Qarabağ məsələsi önəmli olsa da, Rusiya üçün önəmli olan Cənubi Qafqaz ölkələrini əlində saxlamaqdır:
"Bu gün Rusiya bütün Avropanın qarşısında dayanıb. Qərbin Rusiyaya təzyiqləri gündən-günə daha da artır. Qərb Rusiyaya üz çevirib. Rusiya da Qərbdə deyil, artıq Şərqdə özünə müttəfiqlər və iqtisadi problemlərdən xilas olmaq yollarını axtarır. Ona görə də hesab edirəm ki, prezident Vladimir Putinin Azərbaycana səfərindən Qarabağ probleminin həlli ilə bağlı ciddi nəsə gözləmək olmaz".
Deputat bildirib ki, Qarabağ problemini Serj Sarkisyanın prezidentliyi dövründə daha tez həll etməyə ümid etmək olardı:
"Çünki indiki Ermənistan rəhbəri Nikol Paşinyan erməni xalqı ilə yanaşı, bütün region üçün problemə çevrilib. Paşinyan Qarabağ münaqişəsinin həllində özü bir problemdir. Gərək əvvəl Paşinyan, sonra isə Qarabağ problemi həll edilsin. Bu gün Paşinyan istənilən sərsəm addımı atmağa hazırdır. Ona görə yox ki, o cəsarətli adamdır. Sadəcə olaraq öz missiyasını başa vurmuş bir insandır. Erməni xalqının Qarabağ klanından yaxasını qurtarmaq üçün Paşinyan lazım idi. Ancaq indi Paşinyan heç nəyə gərəkli deyil. Bu gün Paşinyan artıq erməni xalqına problemdir. Ona görə də Azərbaycan bu işğala tamamilə son verməlidir".