Türkiyədə rüsvayçılıq — Cin çıxarma xəstəxanası açıldı
İstanbulda cin çıxarmaq üçün xəstəxana açılıb
"Ölkə.Az" xəbər verir ki, İstanbulda xidmətə açılan "Manevi Şifa Merkezi" adlı xəstəxana bir ilkə imza atıb. Cin xəstəxanası olaraq tanınan mərkəzdə İslami müalicə üsulları ilə, dua və Qurandan ayələr oxumaqla sehri və cadunu pozur, cin çıxarırlar.
Xəstəxana İkitelli səmtində açılıb və 5 mərtəbəli binadan ibarətdir. Metafizika, bio enerji, həcama (bədəndən qədim üsulla qan çəkmək), zəli müalicəsi, mənəvi terapiya kimi xidmətlər təklif edilir. Türkiyənin ilk cadu çıxarma və həcama müalicə mərkəzi "Mall of İstanbull" ticarət mərkəzi ilə üz-üzə yerləşir.
Mərkəz sosial mətbuat vasitəsi ilə paylaşımlar edərək müştəri cəlb edir. Mərkəzdə 10-dan çox metafizika mütəxəssisi cadu çıxarma, astral səyahət, manual terapiya, akupunktur, skelet sistemini düzəltmə, həcəma, zəli müalicəsi və mənəvi əməliyyat kimi bir çox sahədə xidmət verir. Mərkəzin səhiyyə nazirliyi tərəfindən lisenziya aldığı iddia edilir və mütəxəssislərin sertifikatı var.
Amma İstanbul səhiyyə idarəsi və digər rəsmi qurumlar belə bir mərkəzin mövcudluğundan xəbərsiz olduqlarını deyirlər. Mərkəz isə səhiyyə nazirliyi tərəfindən yoxlanıldığını bildirir. Mərkəz psixoloji mərkəz kimi qeydə alındığı üçün nazirlik sadəcə həcəma və zəli kimi alternativ tibb üsulları mövzusunda yoxlamalar aparıb.
Mərkəzin "Facebook" səhifəsində problemlərini yazan şəxslərə "mütəxəssislər" müxtəlif müalicə üsulları təklif edirlər. Baş ağrısı və yaddaş pozğunluğu olana "mütəxəssislər" baş həcəma müalicəsini məsləhət görürlər. Həcəma müalicəsi bir çox xəstəliklər üçün müraciət edənlərə də təklif edilir.
Cadudan şübhələriniz varsa, sizə "mollalar"la görüş təklif edilir. Mərkəzdə fala baxılmır və cadu edilmir.
Narahatçılığını, yuxusuzluq və aqressivliyini və ya intihara təşəbbüs etdiyinizi deyəndə mərkəz sizə "cinlər yaxınlaşıb sizə. Qısa müddətə bura gəlin"-cavabını verirlər. Cin çıxarmaq üçün isə Qurandan ayələr oxunur, dualar edilir, xəstənin üstünə ərəbcə yazılar qoyulur. Müalicə bitdikdən sonra xəstə abdəst alır və ona qoruyucu bir dua verilir. Bu müalicənin qiyməti 400 lirədir.
Telefonla uzaqdan "baxılır" və müştəri mərkəzə çağırılır. İlk qiymət 100 lirə, telefonda cadu edilib-edilmədiyinə baxdırmaq 200 lirədir. Problemin həlli üçün 1 seans 400 lirədir. Əgər bir seans kifayət etməsə, eyni qiymətə digər seanslar yerinə yetirilir.
Mərkəz hər gün 09:00-22:00 arası xidmət göstərir. Quruluş məqsədi isə ehtiyacı olan insanların şarlatanların yanına getməsinin qarşısını almaq, fırıldaqçılardan, cahillərdən insanları qorumaqdır. Mərkəzin qurucusu Lütfü Bulut "şeytanlarla mübarizə" üçün belə bir addım atdıqlarını bildirir: "Heç kəsin xəstəsini oğurlamırıq. Bizə müraciət edənlər bir neçə il ağır dərmanlar qəbul edib sağalmayan, analiz nəticələri yaxşı çıxsa da, problemləri olan insanlardır. Xəstəxanaya psixoloji müalicə üçün yerləşdirilən və dəlilik kağızı alan insanlardır".
Özbəkistandan dəvət edilən Dildora xanım astral səyahət təklif edir. Ruh bədəndən ayrılaraq başqa ölçüyə keçərək müxtəlif yerlərə səyahət edir. Bəzi bio enerji seansı ilə miqren ağrıları, qadın xəstəlikləri, revmatizma və damarların kirəclənməsinin qarşısı alınır.
Yuxusuzluq, yuxuda danışmaq, səhər yorğun oyanmaq, şiddətli baş ağrısı və digər rahatsızlıqlar, tez-tez hamama girmək, sudan, hamamdan, güzgü və tualetdən qorxmaq hissi, yuxudan sıçrayaraq oyanmaq kimi problemlərə isə dua oxumaqla kömək edilir.