“Əgər belə davam edərsə, dünya parçalanacaq” — qorxulu PROQNOZ
İspaniyanın Kataloniya əyaləti müstəqillik referendumu keçirib. Polis və seçicilərin üz-üzə gəldiyi, yüzlərlə insanın yaralandığı referendumdan sonra Kataloniya prezidenti Puçdemon çıxış edərək müstəqil dövlət qurma haqqı qazandıqlarını bildirib.
Səsvermədən iki gün sonra müstəqilliyin elan edilməsi gözlənilir. İspaniyanın Kataloniya muxtar bölgəsində keçirilən referendumda xalqın 90.09 faizi müstəqilliyin lehinə səs verib. Avropa İttifaqı Komissiyası isə Kataloniyada keçirilən müstəqillik referendumundan sonra açıqlama verib. Açıqlamada keçirilən referendumun qeyri-qanuni olduğu bildirilir.
Azərbaycanlı siyasətçilər düşünürlər ki, dünyada dəstəklənməyən bu referendum çoxdan hazırlanan planın nəticəsidir. Politoloq Fikrət Sadıqov “Ölkə.Az”a açıqlamasında bildirib ki, ötən illərdə də Kataloniyada bu məsələləri qaldırmışdılar. Onun sözlərinə görə, bu, separatçılığın bariz nümunəsidir.
“Bununla real müstəqillik əldə olunmur. Əgər əyalət hansısa dövlətin tərkibindədirsə və bir sıra aparıcı dövlətlər, beynəlxalq təşkilatlar həmin müstəqilliyi tanımırlarsa, onda necə ölkə olmaq mümkündür? Sadəcə olaraq müstəqilliyi elan etmək olar. Lakin bunu tanıyan olmayacaq. Onlara qarşı sanksiyalar tətbiq ediləcək. Heç bir ölkə onlarla əlaqə yaratmayacaq”, - deyə siyasətçi bildirib.
Fikrət Sadıqov deyir ki, bunun qarşısını əvvəldən almaq lazım idi: “Belə məsələlərdə bəsit tədbirlərin keçirilməsi lazımdır. Bu hal domino pirinsipilə cərəyan edə bilər. Başqa dövlətlərdə də, kiçik əyalətlər, kiçik xalqlar ayağa qalxa bilər. Bu hal dünya üçün pis nəticələnə bilər. Fransada da müəyyən separatçı qüvvələri var. Belçika da ikiyə parçalana bilər. Avropa dövlətlərində də çaxnaşmalar yarana bilər. Aparıcı dövlətlər yığışıb buna qarşı tədbirlər görməlidir. Əgər belə davam edərsə, dünya parçalanacaq”.