Hər il Dekabrın 5-i Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.
Azadmedia.az xəbər verir ki, BMT Baş Assambleyası 1985-ci il dekabrın 17-də hər il dekabrın 5-nin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib.
Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib.
Sevindirici haldır ki, son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycan könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Azərbaycanın müstəqilliyin bərpasından sonra qazandığı uğurlarda, şübhəsiz ki, könüllü gənclərin də payı var.
Müasir müstəqil Azərbaycanda könüllülük sahəsində əsl inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz Ümummilli Liderimizin adı ilə bağlıdır. Belə ki, dahi öndərin ölkəmizə rəhbərliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektor, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verilib.
XXI əsrin əvvəllərində Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə ölkəmizin tarixinin dinamik və hərtərəfli inkişaf mərhələsi başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin reallaşdırdığı siyasətin əsas məqsədlərindən biri neft kapitalının insan kapitalına çevrilməsidir. Bu zaman qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün innovativ və geniş kütlənin maraqlarına cavab verən yeni addımlara ehtiyac yaranmışdı və təbii ki, bu sahədə könüllülük fəaliyyəti mühüm önəm daşımağa başladı. Məhz bu dövrdə - 2009-cu ildə Milli Məclisin “Könüllü fəaliyyət haqqında” Qanun qəbul etməsi Azərbaycanda könüllülük fəaliyyətinin inkişafında təkanverici rol oynadı. Bu qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu.
2012-ci il dekabrın 29-da 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı zamanı bir qrup “ASAN könüllüsü” ilə görüşən Prezident İlham Əliyev “ASAN” könüllülük hərəkatına xeyir-duasını verib. Təbii ki, “ASAN xidmət”ə qədər də müxtəlif qeyri-hökumət və beynəlxalq təşkilatlarda yüzlərlə azərbaycanlı gənci könüllü kimi fəaliyyət göstərib. Lakin könüllülük hərəkatı olaraq bu fəaliyyət məhz “ASAN xidmət”dən başlayıb. 2016-cı il dekabrın 28-də 1 saylı Bakı “ASAN Kommunal” mərkəzinin açılışı zamanı dövlətimizin başçısının sözləri bunun bariz sübutudur: “ASAN xidmət”i könüllülər hərəkatından ayıra bilmərik. Bu da bir yenilikdir. “ASAN” yaranana qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. Biz könüllülər haqqında eşitmişdik. Ancaq könüllülər hərəkatı nədir, onu bilmirdik. Bu gün artıq bu hərəkat Azərbaycanda yaşayır”.
Ölkəmizdə könüllülük hərəkatının inkişafında və bu sahədə qazanılan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rolunu xüsusilə vurğulamaq lazımdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində müxtəlif mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyətinə şərait yaradıldı. Ən əsası, könüllülərin əməyi yüksək qiymətləndirildi və bu iş davam etdirilir.
Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycan könüllüləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Məhz yüzlərlə könüllü Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusunun sıralarına yazılaraq torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda döyüşlərə atıldılar. Könüllülərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.
Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində könüllülərin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan könüllülərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı könüllü gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.