Türkiyənin cənubunda yerləşən Hatay vilayətində baş verən dəhşətli yol qəzasında ölənlərin sayı 12-yə, yaralıların sayı isə 31-ə yüksəlib.
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca açıqlama verib.
Daha əvvəl məlum olmuşdu ki, Hatay vilayətinin Belen şəhəri yaxınlığındakı yanacaqdoldurma məntəqəsində yük maşını növbəyə dayanan bir neçə avtomobilə çırpılıb, nəticədə yük maşını və iki mikroavtobus yanıb.
Hadisə yerində olan insanların panikaya düşdüyü bildirilir. Alovu söndürmək üçün hadisə yerinə çoxlu sayda yanğınsöndürən briqadası gəlib.
“Hatayda baş verən zəncirvari qəza nəticəsində 12 vətəndaşımız həlak olub, 31 nəfər yaralanıb, 3-nün vəziyyəti ağırdır”, - deyə Koca Twitter-də yazıb və hadisə yerinə ümumilikdə 22 təcili tibbi yardım maşınının göndərildiyini bildirib.
Yük maşını sürücüsünün şəxsiyyəti və onun idarəetməni itirməsinin səbəbləri hələlik müəyyən edilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.