Ermənistan yanvarın 4-də Azərbaycana göndərdiyi sülh müqaviləsi təkliflərinə demarkasiya xəritələrinin fiksasiyası məsələsini də daxil edib.
“Cebhe.info” xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazıb.
“Demarkasiya prosesi üçün xəritələrin müəyyən edilməsi məsələsi digər texniki təkliflərlə yanaşı, yanvarın 4-də Azərbaycana göndərilən sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketinə daxildir”, - qəzet mənbədən sitat gətirir.
Nəşr xatırladır ki, Ermənistan Rusiya Baş Qərargahının 1974-1978-ci il xəritələrini məqbul adlandırıb, Azərbaycan Prezidenti İlham Əliyev isə onları Bakı üçün qəbuledilməz hesab edib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yanvarın 8-də bildirib ki, Yerevan Bakının sülh müqaviləsi ilə bağlı təkliflərinə yanvarın 4-də cavab verib.
“Yanvarın 10-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın sülh müqaviləsi ilə bağlı mövqeyində geriləmə olduğunu açıqlayıb. Daha sonra İlham Əliyev bildirib ki, Bakı İrəvanın Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasının 1975-ci il xəritəsi əsasında aparılması təklifi ilə qəti şəkildə razı deyil”, - deyə qəzet vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.