AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fərid Qayıbov: “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha bir tarixi və qlobal nailiyyət qazandı”

  • + A
  • - A
  • 2-12-2024, 18:36

    Fərid Qayıbov: “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha bir tarixi və qlobal nailiyyət qazandı”

    “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha bir tarixi və qlobal nailiyyət qazandı”.

    Bunu gənclər və idman naziri Fərid Qayıbov noyabr ayını dəyərləndirərkən deyib.

    O, “Nazirin Nöqteyi-Nəzəri”ndə ötən ay BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasının (COP29) Azərbaycanda təşkil olunmasını yüksək hal kimi qiymətləndirib:

    "Ölkəmiz həm ekoloji problemlərin həllində fəallığı, həm də ən yüksək təşkilatçılıq qabiliyyətinin nümayişi baxımından COP29-u uğurla başa vurdu. Dövlətimizin başçısının COP29 çərçivəsində ölkəmizə səfərə gəlmiş FIFA-nın prezidenti Canni İnfantino, eləcə də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konietzko, Beynəlxalq Avarçəkmə Federasiyasının prezidenti Jan Kristof Rollan və Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Klaudio Şermi ilə görüşlərində həm ölkəmizdə idmanın inkişafı, həm də beynəlxalq federasiyalarla əməkdaşlıq məsələləri müzakirə olundu. Sevindirici haldır ki, Azərbaycan gəncliyinin səsi bu dəfə daha geniş miqyasda, qlobal bir müstəvidə eşidildi. COP29-un Yaşıl zonasında fəaliyyət göstərən Gənclər Evi pavilyonumuz 12 gün müddətində gənc liderlərin, fəalların, qonaqların iştirak etdiyi 27 tədbirlə – maraqlı fəaliyyətlər, panel müzakirələr, sərgi və müxtəlif mövzular üzrə seminarlarla diqqət mərkəzində oldu. Dünyanın tanınmış futbol klublarının iqlim naminə alyansının açılış tədbirində, “Gənclər ilə yaşıl gələcək”, “İqlim fəaliyyəti üçün gənclərin gücləndirilməsi: Ambisiyalar, karyeralar və qlobal təsir”, “Uşaqlar və gənclərin iqlim hərəkatı”, Dünya Uşaqlar Günü ilə əlaqədar UNICEF-lə birlikdə təşkil etdiyimiz “Gələcəyə qulaq as” adlı sərgisində və digər tədbirlərdə çıxışlarım oldu”.

    Nazir Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən “Təmiz suda avar çək!” şüarı ilə yürüş, “Qarabağ” futbol klubunun təşəbbüsü ilə dünyanın tanınmış klublarının Bakıda iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması və digər idman tədbirləri iqlim dəyişmələri ilə bağlı məsələlərdə idman ictimaiyyətinin həssaslığının real nümunəsi olub:

    “Bu təşəbbüslərə görə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına və “Qarabağ” futbol klubuna xüsusi təşəkkür edirəm. UNICEF, İsveçrənin ölkəmizdəki səfirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Zəfər Günündə COP29 münasibətilə təşkil etdiyimiz ekoloji yürüş və “We are Water” fləşmobu da gənclərimizin qlobal əhəmiyyətli məsələlərdə fəallığının nümunəsi oldu. COP29 çərçivəsində bir sıra görüşlərim də oldu. BMT Baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paullier, türkiyəli məşhur futbol mütəxəssisi Fatih Terim, COP29-da iştirak etmək üçün Azərbaycana gəlmiş Avropa Klublar Birliyi rəhbərliyi və futbol klublarının nümayəndə heyəti ilə görüşlərimdə müxtəlif məsələlər barədə fikir mübadiləsi apardıq. Anqolanın gənclər və idman nazirinin müavini Paulo Rodriqes da Silva ilə, İslam Həmrəyliyi İdman Assosiasiyasının (ISSA) baş katibi Nasser Ayman Majaliylə, İraq Respublikasının gənclər və idman naziri Əhməd Əl-Mübarqa ilə görüşlərimdə ikitərəfli əməkdaşlıq əlaqələrini müzakirə etdik”.

    F.Qayıbov "Kür" həndol komandasının beynəlxalq yarışlardakı çıxışlarına da toxunub:

    "Ay ərzində ölkəmiz müxtəlif növlər üzrə beynəlxalq yarışlarda təmsil olundu. Region klubumuz olan Mingəçevirin “Kür” həndbol komandasının EHF Avropa Həndbol Liqasının 3-cü mərhələsində yarışması, İslandiyanın təcrübəli klubu ilə mübarizə aparması gələcəkdə bu komandanın azarkeşlərini daha çox sevindirəcəyinə inam yaratdı. Bu gün gənclərimiz və idmançılarımız öz uğurları ilə yanaşı, sosial məsuliyyətli məsələlərdə də aktiv rol oynayırlar. Bu aktivlik hamı üçün faydalıdır. Sağlam həyat tərzinin daha çox insanı əhatə etməsi və ətraf mühiti qorumaq hamını düşündürməli, hətta daha sağlam gələcək üçün strategiyaya çevrilməlidir. Buna görə də, hər kəsi sağlamlıq naminə bu gözəl təşəbbüsü davam etdirməyə, aktiv həyat tərzini qorumağa dəvət edirəm”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR