AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu il üçün Orta Dəhlizlə yük daşımaları planı və icrası razılaşdırılıb

  • + A
  • - A
  • Dünən, 17:36

    Bu il üçün Orta Dəhlizlə yük daşımaları planı və icrası razılaşdırılıb

    “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) Hüquqi Şəxslər Birliyinin İşçi qrupu 2025-ci ildə bu nəqliyyat marşrutu ilə yük daşımaları planını və icrası ilə bağlı tədbirləri razılaşdırıb.

    "Report" "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, bu barədə razılıq bu gün Bakıda keçirilən TBNM BA-nın Hüquqi Şəxslər Birliyinin İşçi qrupunun iclasında əldə edilib.

    Razılığa əsasən, TBNM BA Bakı–Tbilisi–Qars dəmir yolu ilə Avropaya konteyner daşımalarına üstünlük verilməsinin vacibliyini qeyd ediblər.

    İclasda assosiasiyaya üzv dövlətlərin dəmiryol administrasiyalarının əməkdaşları və nəqliyyat şirkətlərinin yüksək səviyyəli rəsmiləri daxil olmaqla 10 ölkədən nümayəndə heyəti iştirak edib.

    Tədbirdə qeyd olunub ki, Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu son illərdə qlobal əhəmiyyətli yükdaşıma istiqamətlərindən birinə çevrilib. Bu marşrutla yük nəqlinin ildən-ilə artdığı, sürətli yük axınının təmin edilməsi üçün əməliyyatların səmərəliliyinin, rəqəmsal həllərin tətbiqinin və əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

    İclasda TBNM BA Hüquqi Şəxslər Birliyinin İcra orqanının 2024-cü ildə fəaliyyətin yekunu üzrə hesabatı və Trans-Xəzər marşrutu ilə daşımaların təhlili dinlənilib. Həmçinin iştirakçılar 2025-ci ildə TBNM üzrə təsdiqlənmiş tarif dərəcələrinə düzəlişlər, rəqəmsallaşma haqqında saziş layihəsi, eləcə də Xəzər dənizi limanları arasında fider bağlantısının təşkili və fider gəmilərin yüklənməsinin təmin edilməsi haqqında saziş layihələrini müzakirə ediblər.

    Sonda İşçi qrupunun protokolu imzalanıb.

    Qeyd edək ki, martin 4-də Bakıda “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin növbəti tədbiri – Ümumi Yığıncağının iclası keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR