Politoloq Ülkər Piriyeva: “Zamanın Qanadlarında: 15–16 Yaşlı Yeniyetmələrin Müasir Dövrdə Ayaqda Qalmaq Mübarizəsi”
Politoloq/Jurnalist Ülkər Piriyeva
Bakı, 16 aprel — Azadmedia.az
Bəziləri onları “Z nəsli” adlandırır, digərləri isə “ekran uşaqları”. Amma heç kim onların nə qədər böyük bir təzyiqin altında böyüdüyünü tam anlamır. 15–16 yaş — uşaq olmağın başa çatdığı, amma böyüklüyün hələ qapını döymədiyi qəribə bir aralıqdır. Müasir dövr bu aralığı daraldır, sürətləndirilmiş bir həyatın içində onlara “yetkin ol”, “özünü tap”, “uğurlu ol” deyə pıçıldamır, qışqırır.
Texnologiya: Bağlantı içində tənhalıq..
Bu nəslin içində doğulduğu texnoloji dünya onlara saysız imkanlar verir: istədiyi biliyə saniyələr içində çatmaq, istənilən şəxslə ünsiyyət qurmaq, fərqli ölkələrdəki insanlarla eyni dildə danışmaq… Amma bu sərhədsiz informasiya axını onları həm də yorur. 15 yaşlı bir uşaq gün ərzində orta hesabla 6–8 saat ekran qarşısındadır. Sosial medianın “filtrli həqiqətləri” isə onlara real həyatın natamam görünməsinə səbəb olur. “Niyə mən belə deyiləm?” sualı çox vaxt “kiməm mən?” sualından əvvəl gəlir.
Kimlik axtarışı: Özünü tapmaq ya itirmək?
Bu dövrdə yeniyetmələr özlərini tanımağa, fərd kimi formalaşmağa çalışırlar. Lakin müasir dövr onlara bu prosesi təbii şəkildə yaşamağa imkan vermir. Çünki sosial medianın diqtə etdiyi “ideallar” onların daxili səsini bastırır. Özünü tapmaq əvəzinə, başqalarına bənzəməyə çalışırlar. Bəzən ruhlarında o qədər çox şəxsiyyət daşıyırlar ki, hansının özləri olduğunu ayırd edə bilmirlər.
Rəqabət və təzyiq: Sən bir marka olmalısan.. Müasir məktəb sistemləri və ailə gözləntiləri gəncləri yalnız akademik uğur üzərindən dəyərləndirir. 15 yaşlı bir uşaq artıq təkcə dərs oxumamalı, CV düzəltməli, olimpiadalarda iştirak etməli, sosial layihələrə qoşulmalı, ən azı bir hobbi və bir xarici dil bilməlidir. Bu, fiziki və psixoloji olaraq bir yeniyetmənin daşıya biləcəyindən çoxdur. Nəticədə isə “yetərsizəm” hissi, depressiya və özünü qınama davranışları inkişaf edir.
Ailə və cəmiyyət: Bəlkə də, Səsi dinlənilməyən nəsil…
Yeniyetmələr çox vaxt ailə və böyüklər tərəfindən “tənbəl”, “hissiyyatsız”, “dərraksız” kimi damğalanır. Halbuki onlar sadəcə fərqli bir dünyada, fərqli kodlarla danışırlar. Onların səsini dinləmək üçün əvvəlcə onların dilini anlamaq lazımdır. Əks halda bu nəsil cəmiyyətlə deyil, sadəcə telefonla danışan bir nəsil olaraq qalacaq.
Çıxış yolları: Qəbul, empatiya və çeviklik..
Bu nəsli zamanla ayaqlaşdırmaq üçün onları tənqid etmək yox, onları anlamaq lazımdır. Onlara doğru suallar vermək, seçim azadlığı tanımaq və emosional dayaq olmaq gələcəyin açarıdır. Psixoloji olaraq onların güclənməsi üçün yalnız bilik yox, duyğu savadı da inkişaf etdirilməlidir. Gənclərə uğur qədər uğursuzluqla baş etməyi də öyrətmək vacibdir.
Nəticə etibarilə… 15–16 yaşlı bir uşaq bu dövrdə sadəcə “böyümək” istəmir, “anlaşılmaq” da istəyir. Zaman dəyişib, amma ehtiyaclar eyni qalıb: sevgi, diqqət, dəyər və yön.
Onları bu çətin dövrdə müşayiət etmək, gələcəyin sağlam fərdlərini yetişdirmək deməkdir. Onlar gələcək deyillər — artıq buradadırlar. Və bizim onlara necə baxmağımız, onların dünyaya necə baxacağını müəyyən edəcək…