AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ölkə rəhbərinin Nyu-York səfəri qlobal diplomatiya və iqtisadi əməkdaşlığın yeni mərhələsidir

  • + A
  • - A
  • Bu gün, 09:00

    Ölkə rəhbərinin Nyu-York səfəri qlobal diplomatiya və iqtisadi əməkdaşlığın yeni mərhələsidir


    Məşhur Məmmədov,
    Millət vəkili


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ştatların Nyu-York şəhərinə işgüzar səfəri ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunu və strateji hədəflərinin ardıcıllığını nümayiş etdirir. Prezidentin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı, həmçinin dünyanın aparıcı maliyyə institutlarının rəhbərləri və dövlət başçıları ilə keçirdiyi görüşlər Azərbaycanın həm siyasi, həm də iqtisadi istiqamətdə qlobal proseslərdəki fəal iştirakını təsdiqlədi.
    Artıq qlobal maliyyə mərkəzlərində Azərbaycan imzasına rast gəlinir.
    Belə ki, Prezident İlham Əliyevin Nyu-Yorkda “Brookfield Asset Management”, “Neuberger Berman” və “Blackstone” kimi dünyanın ən iri maliyyə və investisiya qurumlarının rəhbərləri ilə görüşləri ölkəmizin iqtisadi uğurlarının və gələcək perspektivlərinin beynəlxalq maliyyə elitası tərəfindən yüksək qiymətləndirildiyini göstərdi.

    Bu şirkətlər qlobal miqyasda trilyonlarla dollarlıq aktivləri idarə edir və dünyanın əsas maliyyə mərkəzlərində fəaliyyət göstərirlər. Onların diqqətinin Azərbaycana yönəlməsi təsadüfi deyil. Çünki Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar nəticəsində ölkəmiz sabitlik, şəffaflıq və davamlı inkişaf prinsiplərinə əsaslanan etibarlı investisiya məkanına çevrilib.

    Xüsusilə, Azərbaycanın bərpaolunan enerji sahəsində təşəbbüsləri və regional enerji mərkəzinə çevrilmək strategiyası investorlar üçün geniş imkanlar açır. Nyu-York görüşlərində tərəflərin bu istiqamətdə əməkdaşlıq imkanlarını müzakirə etməsi Azərbaycanın enerji siyasətinin artıq qlobal səviyyədə diqqət mərkəzində olduğunu sübut edir.
    Səfəri izləyəndə əminliklə proqnoz vermək olar ki, bu səfər diplomatik müstəvidə yeni reallıqlar yaradacaq.
    Prezident İlham Əliyevin BMT Baş Assambleyası çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın diplomatik fəaliyyətinin çoxşaxəli xarakter daşıdığını göstərdi. İraq, Yunanıstan, Finlandiya, Keniya dövlət başçıları, həmçinin Avropa Şurasının Baş katibi ilə keçirilən müzakirələrin mərkəzində Ermənistanla Azərbaycan arasında Vaşinqtonda əldə olunmuş tarixi razılaşma dayanırdı.

    Dünya liderləri Azərbaycanın təşəbbüskarı olduğu sülh gündəliyini dəstəkləyərək, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış Vaşinqton Bəyannaməsinin regionda davamlı sabitliyin təmin edilməsində mühüm rolunu vurğuladılar. Bu fakt onu göstərir ki, Azərbaycan artıq Cənubi Qafqazda sülhün əsas memarı kimi tanınır və beynəlxalq ictimaiyyət ölkəmizin konstruktiv mövqeyini dəstəkləyir.

    Yunanıstanla görüşdə enerji əməkdaşlığının, Finlandiya ilə müzakirələrdə ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılmasına dair qərarın xatırladılması, İraq və Keniya ilə iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi Azərbaycanın çoxşaxəli diplomatik kursunun təzahürüdür. Bu, həm də ölkəmizin beynəlxalq təşkilatlarda mövqeyini möhkəmləndirən amillərdən biridir.
    Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə şahidlik edirik.
    Nyu-York səfəri göstərdi ki, Azərbaycan təkcə regional enerji və nəqliyyat mərkəzi deyil, həm də qlobal iqtisadi və diplomatik gündəliyin fəal iştirakçısıdır. Prezident İlham Əliyevin ardıcıl siyasəti nəticəsində ölkəmiz beynəlxalq investorlar üçün etibarlı tərəfdaş, qlobal sülh və təhlükəsizlik proseslərində isə sabitlik faktoru kimi qəbul olunur.

    Azərbaycanın iqtisadi müstəvidə qazandığı uğurlar, beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı və diplomatik sahədə təşəbbüskarlığı ölkəmizin strateji gücünü artırır. Nəticə etibarilə, Prezident İlham Əliyevin Nyu-York səfəri həm iqtisadi tərəfdaşlıqların genişlənməsi, həm də sülh gündəliyinin beynəlxalq dəstək qazanması baxımından tarixi əhəmiyyət daşıyır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR