Azadmedia.az Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin payız sessiyasının 2025-ci il 30 sentyabr tarixli plenar iclasında çıxışını təqdim edir
Hörmətli həmkarlar!
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış etmişdir. Möhtərəm Prezidentin bu çıxışı Cənubi Qafqazda yaranmış yeni reallıqların dünyanın əsas beynəlxalq platformasından təqdim edilməsi baxımından tarixi əhəmiyyət daşıyır.
Dövlətimizin başçısı bəyan etdi ki, Azərbaycan onilliklər ərzində təcavüzə və işğala məruz qalan ölkə statusundan qalib ölkə və regional lider statusuna keçmişdir. Çıxışda hərbi zəfərin diplomatik uğurla tamamlandığı xüsusi vurğulandı.
Sülh sazişinin paraflanması və əldə edilmiş digər razılaşmalar dövlətimizin öz milli maraqlarını həm güc yolu ilə müdafiə etmək, həm də hüquqi və siyasi alətlərin köməyi ilə təsbit etmək qabiliyyətini nümayiş etdirmişdir. Sülh sazişi həm də onu göstərmişdir ki, dayanıqlı sülh yalnız beynəlxalq hüquq normaları əsasında mümkündür.
Möhtərəm cənab Prezidentin çıxışında azad edilmiş ərazilərin minalardan təmizlənməsinə və bərpasına, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına, infrastrukturun inkişafına böyük diqqət yetirildi.
Azərbaycan döyüş meydanında qələbəni davamlı inkişaf layihəsinə çevirməyi bacaran bir dövlət modeli kimi təqdim edildi.
Ölkəmiz Şərqlə Qərbi birləşdirən nəqliyyat və enerji marşrutlarının əsas həlqəsinə çevrilmişdir. Azərbaycanın rolu və əhəmiyyəti regionun hüdudlarından çox-çox kənara çıxır, Avropanın və Asiyanın təhlükəsizliyinə və tərəqqisinə təsir göstərir.
Möhtərəm cənab Prezidentin çıxışında beynəlxalq münasibətlər sistemində islahatlar aparılmasına çağırış edilməsi də çox əhəmiyyətlidir. Dövlətimizin başçısı beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, qarşılıqlı hörmət və əməkdaşlıq, dövlətlərin daxili işlərinə müdaxilə edilməməsi və ikili standartlardan imtina olunması prinsiplərinin önəmini də vurğulamışdır. Və bu prinsiplərin Azərbaycanın qlobal gündəliyə baxışları kimi təqdim edilməsi möhtərəm Prezidentin çıxışını beynəlxalq hüququn və qlobal idarəetmənin gələcəyi ilə bağlı müzakirələrin mühüm tərkib hissəsinə çevirmişdir.
Hörmətli deputatlar !
İnamla demək olar ki, möhtərəm cənab Prezidentin yüksək tribunadan səsləndirdiyi fikirlər, Azərbaycanın təcrübəsi barədə söylədikləri bir çox dövlətlər üçün son dərəcə əhəmiyyətli olacaqdır.
Və hörmətli deputatlar, bu gün payız sessiyasının ilk iclasıdır. Mən ötən sessiyada görülmüş işlərə bir daha nəzər salmaq istəyirəm.
Hörmətli həmkarlar !
Bu ilin yaz və növbədənkənar sessiyalarının yekunları barədə mən sizə məlumat vermişdim. Bildiyiniz kimi, sentyabrın 9-da bizim növbədənkənar bir sessiyamız da keçirildi və həmin sessiya Vaşinqton razılaşmalarına həsr edilmişdi.
Ümumən, üç sessiyada iyirmi iki iclas keçirilmiş, yüz on qanun və qərar qəbul edilmişdir. Ölkənin ictimai-siyasi həyatının mühüm məsələlərinə münasibət bildirilmişdir.
Hörmətli həmkarlar!
Eyni zamanda, onu da qeyd edim ki, Milli Məclisin beynəlxalq fəaliyyəti sessiyalar arasındakı dövrdə də davam etdirilmişdir.
Belə ki, parlamentin iyirmi deputatı on xarici ölkəyə iyirmi üç səfər həyata keçirmişdir.
Deputatlarımız beş beynəlxalq təşkilatın tədbirlərində iştirak etmiş, həmçinin Moldovada keçirilən parlament seçkilərini müşahidə etmişlər.
Və sessiyalar arasında iyirmi ölkənin iyirmi üç nümayəndə heyəti, ümumən isə yüz otuz dörd nəfər xarici qonaq Milli Məclisdə olmuşdur.
Milli Məclisin sədri Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç, iki ölkənin icra orqanlarının ali vəzifəli şəxsləri, habelə iki beynəlxalq təşkilatın nümayəndə heyətləri və beş ölkənin səfirləri ilə görüşlər keçirmişdir.
Sessiyalar arasında Milli Məclis sədrinin üç ölkəyə işgüzar səfərləri olmuşdur.
Belə ki, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti iyulun 27-dən 30-dək İsveçrənin Cenevrə şəhərində Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlamentlərarası İttifaqın Qadın Parlament Sədrlərinin 15-ci Sammitində, avqustun 4-də Türkmənistanın Avaza şəhərində BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində Parlamentlərarası Forumda iştirak etmişdir.
Həmçinin Milli Məclisin sədri sentyabrın 16-dan 18-dək Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində işgüzar səfərdə olmuş, orada Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının 46-cı Baş Assambleyasının sessiyasında və Assambleyanın 2-ci Qadın Siyasi Liderlər Forumunda iştirak etmişdir.
İşgüzar səfərlər çərçivəsində bir sıra ölkələrin parlament rəhbərləri ilə mənim görüşlərim də keçirilmişdir.
Hörmətli həmkarlar!
Konstitusiya və Suverenlik İli çərçivəsində Milli Məclis tərəfindən iki tədbir təşkil edilmişdir. Sentyabrın 19-da parlamentdə Dövlət Suverenliyi Gününə həsr olunan böyük bir konfrans keçirilmiş, sentyabrın 25-də isə Milli Məclisin bir qrup deputatının və parlament aparatı əməkdaşlarının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə yürüşü olmuşdur.
Hörmətli həmkarlar !
Diqqətinizə görə təşəkkür edirəm !