Ekspertlər hesab edir ki, Moskva israr edərsə, bu dəfə əsir və girovların azad olunması məsələsində vəziyyət dəyişə bilər
Əsir və girovların “hamının hamıya” prinsipi üzrə dəyişdirilməsi məsələsi yenidən gündəmə gəlir. Xəbər verildiyi kimi, bu dəfə məsələ Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən səsləndirilib. Xatırladaq ki, rəsmi Bakı bir neçə dəfə Ermənistanı əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsinə çağırıb. Ən son olaraq ötən ilin noyabrında Azərbaycan belə bir təklif irəli sürmüşdü.
Ekspertlər hesab edir ki, Moskva israr edərsə, bu dəfə əsir və girovların azad olunması məsələsində vəziyyət dəyişə bilər. Ola bilsin, Paşinyan da Moskvadan elə bu xahişi gözləyir ki, həm Kremlə xoş gəlib öz yerini yaxşı eləsin, həm də daxili auditoriya qarşısında öz sifətini saxlasın və siyasi opponentləri sakitləşdirərək bəyan eləsin ki, “ortada Kremlin iradəsi var, Moskva israra elədi, biz də razı olduq”. Azərbaycan və Ermənistan rəhbərlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə bu ilin martında Vyanada keçirilən ilk rəsmi görüşündə də humanitar məsələlər, o cümlədən əsr və girovların dəyişdirilməsi diqqət mərkəzində olub.
Bəs Kreml səmimi şəkildə istəsə, Lavrovun dediyi kimi, Bakının zaman-zaman irəli sürdüyü, əsir və girovların “hamını hamıya” prinsipi üzrə dəyişdirilməsi reallaşa bilərmi?
Dağlıq Qarabağ münaqişəsi bölgəsində itkin düşmüş şəxslərin axtarışı, əsir-girovların azad edilməsi üzrə Beynəlxalq İşçi Qrupunun həmsədri, konfliktoloq Əvəz Həsənov “Yeni Müsavat”a bildirdi ki, Bakının “hamının hamıya” prinsipini Ermənistan tərəfi Dağlıq Qarabağdakı qondarma quruma rəhbərlik edənlərin dili ilə qəbul etmədiklərini ortaya qoydu: “Sonra da Nikol Paşinyan faktiki olaraq bu təklifi bir növ inkar elədi. İndi bu məsələnin yenidən ortaya çıxması əsas verir ki, Rusiya artıq hansısa bir humanitar nəticənin ortaya qoyulmasında maraqlıdır. Rusiya istəyir ki, tək sözdə deyil, eyni zamanda əməldə də Rusiyanın vasitəçiliyinin nəticəli olduğunu göstərə bilən bir fakt olsun. Bunu ATƏT-in Minsk Qrupunun digər həmsədrlərinə də sübut etmək istəyir. Ermənilərin, məncə, Dilqəm Əsgərovdan başqa digər üç azərbaycanlı girovu buraxması real görünür. Çünki ermənilər bəyan edir ki, Dilqəm Əsgərov erməni vətəndaşın ölümündə günahkardır. Ona görə də hələlik ermənilər Dilqəm Əsgərovun buraxılması məsələsini qəbul edə bilmirlər. Digərlərinin buraxılması-dəyişdirilməsi üçün yəqin ki, addımlar atılacaq və müəyyən bir nəticə olacaq. Ancaq Dilqəmin tezliklə buraxılacağına mənim şübhələrim qalmaqdadır. Dağlıq Qarabağ ermənilərinin onu buraxacağı ilə bağlı deyilə biləcək mülahizələr hələ aradan qalxmayıb. Ona görə hesab edirəm ki, bu, bir az çətin məsələ olacaq. Rusiya tərəfi də bu məsələdə Dağlıq Qarabağın üzərinə təkidlə getməyəcək. Çünki hələ ki ortada yumşalma mövqeyi yoxdur”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Dağlıq Qarabağ münaqişəsi bölgəsində itkin düşmüş şəxslərin axtarışı, əsir-girovların azad edilməsi üzrə Beynəlxalq İşçi qrupu (BİQ) ilə 2017-ci və 2018-ci illərdə Bakıda keçirdiyi görüşlər zamanı tərəflərdə saxlanılan şəxslərin qısa müddətdə “hamının-hamıya” prinsipi ilə azad edilməsi məsələsini müzakirə etmişdi. Bu təklif son iki ildə Ermənistana və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etmiş BİQ həmsədrləri-Bernhard Klazen (Almaniya), Svetlana Qannuşkina (Rusiya) və Paata Zakeriaşvili (Gürcüstan) tərəfindən Ermənistanın müvafiq qurumlarına çatdırılaraq müzakirə edilib.
Son dəfə ötən ilin oktyabr ayında Ermənistana və işğal olunmuş Dağlıq Qarabağa səfər edən BİQ həmsədrləri Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu ilə telefon əlaqəsi saxlayaraq, 2018-ci il noyabr ayının sonunda Gürcüstanın Tiflis şəhərində Azərbaycanın və Ermənistanın dövlət komissiyalarının görüşünün keçirilməsini planlaşdırdıqlarını və müzakirəyə çıxarılacaq mövzuları razılaşdırmaq istədiklərini bildiriblər. Həmin görüşdə əsir və girovların “hamının hamıya” prinsipi ilə azad edilməsi məsələsinin müzakirəyə çıxarılacağı gözlənilirdi. Lakin məsələ reallaşmadı.
Hazırda ermənilər 4 azərbaycanlını girov saxlayırlar. Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyulunda yaxınlarının məzarını ziyarət etmək üçün Kəlbəcər rayonuna gedən zaman işğalçı Ermənistan ordusunun əsgərləri onları ələ keçirib. Dağlıq Qarabağda onlara qondarma məhkəmə qurulub. Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 20 il azadlıqdan məhrum edilib. Onlardan başqa Elnur Hüseynzadə və Elvin İbrahimov adlı azərbaycanlılar da Ermənistanda əsir saxlanır.
Azərbaycan tərəfində isə hazırda üç erməni diversant (Arsen Baqdasaryan, Zaven Karapetyan, Karen Kazaryan) saxlanılır. Hər üç erməni məhkəmədə Azərbaycan tərəfə keçib diversiya, təxribat həyata keçirmək istədiklərini etiraf ediblər.