"OMD-yə çatandan 2 saat sonra körpəm qollarımda keçindi" - ŞİKAYƏT
«5 aylıq körpəmi xəstəxanaya götürəndə azca öskürəyi vardı. Apteklə faizə işləyən həkimlər iynə-dərman aldırmağın dərdindən uşağın vəziyyətini ağırlaşdırdılar. Sonra da «müalicəsi bizlik deyil» deyib, təcili yardım maşınına qoyub Bakıya göndərdilər. OMD-yə çatandan 2 saat sonra körpəm qollarımda keçindi».
Siyəzəndə yaşayan Əzimovlar bu il martın 31-də ailənin ən kiçik üzvünü – 5 aylıq Cahidi itiriblər.
Cahid ötən il oktyabrın 25-də doğulub. Anası Həlimə Əzimova danışır ki, 5 aylıq körpədə ciddi xəstəlik olmayıb: «Böyük oğlum möhkəm öskürürdü. Martın 19-da Siyəzən rayon Diaqnostika Mərkəzinin həkimi Mənsurə Ağayevanın evinə apardıq. O da uşağı müayinə edib dedi ki, xəstəxana şəraitində müalicə olunmalıdır. Mən ona evdəki iki uşağın da azca öskürdüyü bildirdim. O da təklif etdi ki, uşaqların üçünü də xəstəxanaya götürüm. Martın 21-də uşaqlarla xəstəxanaya yerləşdim. 200 manatdan çox tutan dərman resepti yazıldı, hamısını aldıq, müalicələr başladı. Uşaqların müalicə həkimi də Mənsurə Ağayeva özü idi. Martın 27-də müalicələrin bitdiyini deyib bizi evə buraxdılar. Bir öskürəyə görə uşaqlara o qədər iynə-dərman etmişdilər ki... Nə isə, əşyalarımızı topladım, həyat yoldaşımın gəlməsini gözləyirdik ki, xəstəxananı tərk edək. Cahidin halı qəflətən dəyişdi».
5 aylıq körpənin hərarəti yüksəlib. Həkim anaya məsləhət görüb ki, körpənin müalicəsi xəstəxanada davam etsin: «Yenə iynələr, sistemlər, dərmanlar, «klizma»lar (imalə)... Kaş ki, əvvəldən uşağı xəstəxanaya götürməyəydim. Sapsağlam idi, azca öskürürdü, vəssalam... Apteklə əlbir olan həkimlər bizə lazımsız iynələr, dərmanlar aldırıb uşaqlara döşəmişdilər. Nəticədə körpəmin halı döndü».
Ana deyir, nə əvvəlki, nə də sonrakı müalicələr zamanı rentgen müayinəsi aparılmayıb. Həkim körpəyə vizual müayinə ilə müalicələr yazıb. Martın 30-da səhər həkim bildirib ki, körpənin müalicəsi müsbət nəticə vermir. Məsləhət görüb ki, uşaq Bakıya götürülsün. Təcili yardım maşınıyla Bakıya - Elmi Tədqiqat və Pediatriya İnstitutuna (el arasında daha çox OMD kimi tanınır) götürülüb. Ancaq elə xəstəxanada sənədləşmə prosesi zamanı körpə keçinib.
Elmi Tədqiqat və Pediatriya İnstitutundan «Qaynar xətt»ə bildirilib ki, 5 aylıq körpədə bağırsaq keçirməzliyi olub. Ölümə səbəb də gec müraciət olunmasıdır: «Vaxtında müraciət olunsaydı, körpə sağ qalardı. Təəssüf ki, çox gec idi».
Siyəzən Diaqnostika Mərkəzindən bildiriblər ki, körpənin müalicəsindən ötrü əllərindən gələni ediblər. Hərarəti düşmədikdə onu xəstəxananın göndəriş vərəqəsi ilə Bakıya - Elmi Tədqiqat və Pediatriya İnstitutuna göndəriblər: «Uşaqların üçünə görə də müalicələr düzgün aparılıb. Uşağın bağırsağının dolaşmasının müalicəylə heç bir əlaqəsi yoxdur».
Ana isə düşünür ki, var: «Bakıdakı həkimlər də bildirdilər ki, bu uşağın bağırsağını bu günə qoyan məhz dəxilsiz iynə-dərmanlar, bir də həkimlərin qeyri-peşəkarlığı olub. 5 aylıq körpənin bağırsağına «klizma»yla 1 litrə yaxın su vurmuşdular, pampersini açanda gördüm ki, qana boyanıb. Tibb bacısı məni sakitləşdirdi ki, «qorxma, yəqin bağırsağı təmizlənir». Mən körpəmə qarşı qəddarlıq etmiş həkimlərin cəzalandırılmasını tələb edirəm».
5 aylıq Cahidin ölümünün səbəblərini prokurorluq araşdırır.