“Mühit” Ekoloji Mühafizə İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “COP29 – Yaşıl gələcək naminə meşələri qoruyaq” layihəsinə may ayından etibarən start verib.
Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, Lerik, Siyəzən və Quba rayonlarında fəaliyyət göstərən birlik üzvləri 17 iyul tarixində Hacıqabul rayonunda tədbirlərini davam etdirmişlər.
Hacıqabul rayonu “Kür-Araz” ovalığının cənub-şərqində, Şirvan düzənliyinin və Hərəmi silsiləsinin cənub-şərq hissəsində yerləşir. Ərazisindən Kür və Pirsaat çayları axır, ovalıq sahəsi isə dəniz səviyyəsindən aşağıda yerləşir. Kür çayı boyunca uzanan Tuqay meşələri bir vaxtlar Şirvan düzünün təbii gözəlliyi və ekoloji tarazlığının əsas elementi olmuşdur.
Tədbiri “Mühit” Ekoloji Mühafizə İctimai Birliyinin sədri Əzizağa Hünbətəliyev açaraq, ötən ilin noyabr ayında Bakı şəhərində keçirilmiş COP29 Konfransının dünya və ölkəmiz üçün əhəmiyyətindən danışdı. O, Kür çayı boyunca uzanan Tuqay meşələrinin regionun ekoloji mühitinə təsirindən bəhs etdi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi Tofiq Abdullayev Tuqay meşələrinin inkişaf perspektivlərindən və meşə ilə təmasda davranış qaydalarından danışdı.
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin baş zabiti Nüsrət Mənsumov meşələrdə baş verə biləcək yanğınlar zamanı ilkin qabaqlayıcı tədbirlər barədə iştirakçılara məlumat verdi.
Daxili İşlər Nazirliyinin Hacıqabul Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Afiq Abuşov qeyd etdi ki, vaxtaşırı olaraq meşə zolaqları olan ərazilərdə reydlər həyata keçirilir.
Meyniman kənd icra nümayəndəsi Cavid Vəliyev meşə ərazilərinin mühafizəsi ilə bağlı kənd sakinləri ilə maarifləndirici söhbətlər aparıldığını vurğuladı.
Layihənin hüquqşünası Aydın Kərimov isə Azərbaycan Respublikasının Konstitusiyasında insanlara verilmiş ekoloji hüquqlar və meşə zolaqlarında baş verən qanunsuz istismar halları zamanı tətbiq olunan İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinin müvafiq maddələri barədə tədbir iştirakçılarını məlumatlandırdı.
Sonda iştirakçılar Meyniman və Bürbənd kəndlərinin meşə ərazilərində 4 ədəd xəbərdaredici lövhə quraşdırdılar.
Fotolar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.