Şəhid atası 300 manata görə can verir - Foto, Video
Məmmədəli Səfərov illər əvvəl oğul övladı dünyaya gələndə çox sevinmişdi
Düşünürdü ki, sağ-salamat böyüdəcək, tərbiyə və təhsil verəcək. Bir gün gələcək evində rahat oturub oğul çörəyi yeyəcək. Amma ömür vəfa etmədi. 1992-ci ildə hərbi xidmətdə olarkən oğlu Mehman Səfərov şəhid oldu. Ata bunula fəxr edərək təskinlik tapmağa çalışdı. Amma son illər evsiz-eşiksiz, bir parça çörəyə möhtac, küçələrdə yaşayarkən oğlunun şəhid olmasından qismən heyfsləndi.
Məmmədəli Səfərov uzun müddətdir ki, evsizdir. O bir müddət Bakı şəhəri, Binəqədi rayonu 7 mk.r-da yerləşən Bolluq bazarındakı kafelərdən birində işləyib və elə orada da qalıb. Daha sonra adıçəkilən bazar söküldüyündən Məmmədəli Səfərovun da getməyə bir yeri olmur. O, 2015-ci ilin əvvəllərində şəhid atası olması səbəbilə evlə təmin olunması üçün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edib. Prezident Aparatı məsələni həll etmək üçün Binəqədi RİH-nə göndərib. Binəqədi RİH Məmmədəli Səfərovun şəhid ailəsi və ikinci qrup əlil olmasını nəzərə alaraq 13 mart 2015-ci il tarixində onun mənzil növbəsinə götürülməsi üçün sərəncam imzalayıb. Sərəncəma əsasən şəhid atası gələn ilə qədər evlə təmin olunmalıdır.
Bu müddət ərzində Binəqədi Rayon İcra Hakimiyyəti Məhəmmədəli Səfərova laqeyd qalmayıb. Ötən ilin may ayından etibarən Binəqədi rayonu ərazisində kiçik bir evi kirayələyərək şəhid atasını ora yerləşdirib. Düzdür, sözügedən ünvan yaşamaq üçün tam təminatlı olmasa da, hər halda şəhid atası üçün küçələrdə yaşamaqdan daha yaxşıdır.
Məmmədəli Səfərovun oğlu Mehman Səfərov 1992-ci ildə Ağdərə rayonunun Umudlu kəndində şəhid olub. Neftçalada yerləşən internat məktəbə onun adı verilib, qarşısına büstü də qoyulub. Amma indi ataya oğlu şəhid olduğu üçün ödənilməli olan 11 min manat sığorta pulu verilmir ki, özünə sığınacaq düzəltsin.
Neftçalanın ilk şəhidi Mehman Səfərov haqqında...
Səfərov Mehman Məmmədəli oğlu 1972-ci il aprel ayının 12-də Neftçala şəhərində dünyaya göz açıb. Bu gün adını daşıyan Neftçala İnternat məktəbinin 8-ci sinfini bitirib. Təhsilini davam etdirmək üçün Bakıya yollanır. Bakıdakı Mədəni-Maarif texnikumunun rəqs şöbəsinə daxil olur.
1991-ci ildə hərbi xidmətə yola düşür. 1992-ci il iyul ayının 15-də Ağdərə rayonu Umudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. İyul ayının 18-də Neftçala Şəhidlər xiyabanında son mənzilə yola salınıb. Orta təhsil aldığı internat məktəbi hal-hazırda Mehman Səfərovun adını daşıyır. Məktəbin həyətində şəhidin büstü qoyulub.
Hazırda şəhid Mehman Səfərovun atası ağır xəstədir. İkinci qrup əlil ağır vərəm xəstəsidir. 12 ildir bu xəstəlikdən əziyyət çəkən Məmmədəli Səfərov bu gün müalicə də oluna bilmir. O, 110 manatı oğlu şəhid olduğuna görə, 55 manat isə əlilliyinə görə ümumilikdə 165 manat təqaüd alır. Ağsaqqalın bir resepti isə 300 manatdır. Yəni, onun bir kurs müalicə alması üçün 300-350 manat lazımdır. Şəhid atasının isə bu dərmanları almağa imkanı yoxdur. Belə görünür ki, övladını vətən yolunda qurban verən ata ölümə məhkumdur. Çünki müalicəsi davam etməsə, normal qidalana bilməsə xəstəlik onun sonuna çıxacaq.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətini rəhbəri Elman Babayev bütün suallarımızı qısa və konkret cavablandırdı: "Şəhid atası dərmanlarını əldə etmək üçün Səhiyyə nazirliyinə müraciət etsin. O ki, qaldı mənzillə təminata, mənzil tərtib edilmiş siyahı ilə, növbəlilik əsasında verilir. Siyahıda hər hansı dəyişiklik etmək mümkün deyil. O da növbəsi çatanda alacaq."
Ümid edək ki, Məmmədəlinin ömrü həmin növbənin çatmasına vəfa edəcək. Ən azından oğul fəda edən ata həmin evdə rahatlğın nə olduğunu dada biləcək.
O vaxta qədər isə Məmmədəli kişinin yaşaması üçün ona yardım edilməlidir. Bunu düşünən qonşuları əlindən gələni edir. Hətta pul vəsaiti üçün insaflı insanların yardım edəcəyinə ümid edib şəhid atasının adına bankda hesab da açdırıblar.
(Hesab nömrəsi Bank Respubilka: 380194401107618001 şəxsiyyət vəsiqə nömrəsi:14120011
Milli on aparat vastəsi ilə maddi yardim etmək mümkündür
Əlaqə telefonu: 0555485821 Məhəmmədəli Şəhid Atasinin özüdür.) (İstiPress)