AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanın yaxın aylarda ölkədaxili sosial partlayışla üzləşə biləcəyi istisna deyil - TƏHLİL

  • + A
  • - A
  • 14-07-2020, 10:01

    Ermənistanın yaxın aylarda ölkədaxili sosial partlayışla üzləşə biləcəyi istisna deyil - TƏHLİL





    Təxribat törətdilər. Gözlənilməz olmadı. Çünki Ermənistanın cəbhə bölgəsində təxribatlara hazırlaşdığı müşahidə edilirdi. Rəsmi İrəvanın son davranışları Ermənistanın bir xain hazırlıq içərisində olduğunu açıq-aşkar sezdirirdi.

    Əslində, ötən həftə yazdığımız bir yazıda Ermənistanın cəbhə bölgəsində təxribat törədə biləcəyini proqnozlaşdırmışdıq. Paşinyan hakimiyyətinin Ermənistan əhalisini savaşla şantaj etməyə çalışdığını vurğulamışdıq.

    Bu ehtimalı irəli sürərkən gündəmə gətirdiyimiz arqumentlər əsasən, Ermənistanın daxilində yaranmış siyasi, sosial, maliyyə-iqtisadi vəziyyətin təhlilinə dayanırdı. Belə ki, müşahidələrə dayanan təhlillər Ermənistanda ölkədaxili situasiyanın böhran həddinə çatdığını, hər an sosial partlayışın ola biləcəyini iddia etməyə tamamilə əsas verirdi.

    Məsələ ondadır ki, Ermənistan maliyyə-iqtisadi resursları olmayan “dövlət”dir. Bu düşmən ölkə “öz qarnını” məhz xarici yardımların və erməni diasporunun ianələri hesabına doydurur. Ancaq bütün dünyada epidemiyanın yayılmasından sonra Ermənistanın “ağzına sümük atmaq həvəsində olanlar”ın sayı o qədər də çox deyil. Hətta demək olar ki, Ermənistan hazırda öz ənənəvi himayədarları tərəfindən unudulmuş vəziyyətdədir.

    Paşinyan hakmiyyəti ümumiyyətlə, ölkədaxili vəziyyətə nəzarəti itirə və sosial partlayış təhlükəsi qaçılmaz xarakter ala bilər...

    Belə vəziyyət isə Ermənistan üçün batmaq təhlükəsi yaradır. Çünki xaricdən himayədar yardımı kəsildiyindən Ermənistanın dövlət büdcəsində iri “yırtıqlar” əmələ gəlib. Rəsmi İrəvan ölkənin gündəlik ehtiyaclarına xərcləmək üçün maliyyə vəsaiti tapa bilmir.

    Elə Ermənistan mətbuatının verdiyi məlumata görə, əhalinin onsuz da ağır olan vəziyyəti daha da dözülməz həddə çatıb. Sosial narazılıq artmaqda davam edir. Və bu narazılıq zaman ötdükcə, siyasi etirazlara səbəb olur. Sosial böhran dərinləşdikcə, Paşinyan hakimiyyəti ölkədaxili vəziyyətə nəzarəti əlində saxlamaqda çətinlik çəkir.

    Hətta bəzi hesablamalara görə, cəmisi bir neçə həftə də belə davam edərsə, Paşinyan hakmiyyəti ümumiyyətlə, ölkədaxili vəziyyətə nəzarəti itirə və sosial partlayış təhlükəsi qaçılmaz xarakter ala bilər. Epidemiyanın Ermənistana vurduğu sarsıdıcı zərbələri də nəzərə aldıqda, bu, tamamilə real görünür.

    Təbii ki, Paşinyan hakimiyyətinin dayaqları sosial partlayışların qarşısında tab gətirməyə imkan verəcək səviyyədə möhkəm deyil. Erməni ekspertlərin iddiasına görə, ilk ciddi siyasi silkələnmədən sonra hökumətin dağılma ehtimalı inandırıcı hesab olunur.

    Belə vəziyyət Paşinyan hakimiyyətinin daxilində panik durum yaradıb. Çünki sosial-iqtisadi tənzimlənmə proqramlarına malik olmayan hökumət mövcud situasiyadan çıxış yolu tapmaqda çətinlik çəkir.

    Ermənistanın Azərbaycanla açıq və uzunmüddətli savaşa davam gətirmək gücünün olmadığını elə Paşinyan hakimiyyətinin özü hamıdan yaxşı bilir...

    Belə anlaşılır ki, Paşinyan hakimiyyəti üçün xarici düşmənlə – Azərbaycanla cəbhə bölgəsində qısamüddətli silahlı toqquşmalar yeganə çıxış yoludur. Rəsmi İrəvan bununla ölkə əhalisinə mesaj verməyə çalışır ki, “Müharibə vəziyyətindəyik, ölkə ərazisində situasiyanı gərginləşdirəcək davranışlar yolverilməzdir”. Yəni hökumət səfalətə sürüklədiyi əhalini savaşla qorxudub, susdurmağa cəhd göstərir.

    Təbii ki, bu, “suda batanın saman çöpündən yapışması” qədər anlamsız və mənasız davranışdır. Çünki bu, Paşinyan hakimiyyətinə sadəcə, müvəqqəti vaxt qazandıra bilər. Hər halda, müasir dünyada heç bir dövlət əhalisinin qarnını savaşla doydura bilməz. Qısa bir müddətdən sonra vəziyyət açlıq və səfalət səviyyəsinə çatarsa, əhali heç bir savaş şantajına əhəmiyyət verməz. Ayağa qalxar və Paşinyan hakimiyyətini aşırar.

    Digər tərəfdən, Ermənistanın cəbhə bölgəsindəki hərbi təxribatları həm də siyasi avantüradan başqa bir şey deyil. Çünki Ermənistanın Azərbaycanla açıq və uzunmüddətli savaşa davam gətirmək gücünün olmadığını elə Paşinyan hakimiyyətinin özü hamıdan yaxşı bilir.

    Birincisi, ordular arasındakı döyüş qabiliyyətinin fərqi açıq-aşkar ortadadır. Ən müasir silahlarla və hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələrinin qarşısında Ermənistan Rusiyanın yararsız hesab edərək, verdiyi köhnə silahlarla və təmirə möhtac texnika ilə neçə gün tab gətirə bilər?

    İkincisi, müharibə çox bahalı məşğuliyyət növüdür. Ermənistan əlindəki köhnə silah-sursatı sərf etdikdən sonra ordunu hansı maliyyə-iqtisadi resurslar hesabına təchiz edəcək? Yenidən silah-sursat almağa maliyyə vəsaitləri tapacaqmı? Öz əhalisinə çörək pulu verə bilməyən bir “dövlət” ordusuna silahı hansı para ilə alacaq? Üstəlik, onsuz da nəhəng “yırtıq”ları olan Ermənistan büdcəsinin savaşa sərf edilməsi əhalinin sosial durumunu daha da ağırlaşdırmazmı? Belə vəziyyətdə Paşinyan hakimiyyəti soasil partlayışın qarşısını necə alacaq?

    KTMT-nin toplantısının təxirə salınması Paşinyan hakimiyyətinin öz müttəfiqlərini aldatmaq ümidlərini puça çıxartmaqdadır. Bu qurum Ermənistanın hərbi avantüralarına alət olmağa həvəsli deyil...

    Belə anlaşılır ki, Paşinyan hakimiyyəti “odla oynayır” və çox riskli bir işə girişib. Bu, son nəticə olaraq, Ermənistanı kataklizimlərə sürükləyə və hətta mövcudluğunu təhlükə altına sala bilər.

    Əslində, rəsmi İrəvanın son davranışları da məhz bu reallığı ortaya çıxartmaqdadır. Belə ki, Paşinyan hakimiyyəti başlatdığı hərbi avantüranı uzun müddət davam etdirə bilməyəcəyini çox gözəl anlayır. Ona görə də, hərbi təxribatı törətdikdən dərhal sonra üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) şikayət edib. Guya ki, Ermənistan Azərbaycanın zərbələrinə məruz qalıb və KTMT öz üzvü olan dövlətə hərbi dəstək verməlidir.

    Ermənilər KTMT-də olanları da deyəsən, öz ağıllarında hesab edirlər. Sanki KTMT-də olanlar, xüsusilə də Rusiya nə baş verdiyindən xəbərsizdir. Halbuki Rusiya yəqin ki, Ermənistan təxribat törətməmişdən əvvəl kimin nə etmək istədiyini çox yaxşı bilirdi.

    Əslində, KTMT-nin bu məsələyə həsr ediləcəyi gözlənilən toplantısının təxirə salınması da Paşinyan hakimiyyətinin öz müttəfiqlərini aldatmaq ümidlərini puça çıxartmaqdadır. Bəzi iddialara görə, KTMT Ermənistanın hərbi avantüralarına alət olmağa həvəsli deyil.

    Hazırda Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətləri müsbət keyfiyyətə malikdir. Və Kreml həmin münasibətləri Paşinyan hakimiyyətinin hərbi avantüralarına qurban verməz...

    Xüsusilə də Paşinyan hakimiyyətinin Ermənistanda Rusiya əleyhinə əhval-ruhiyyəni gücləndirməyə yönəlik addımları Kremldə qıcıq doğurmaqdadır. Belə vəziyyətdə Kremlin Paşinyan hakimiyyətini müdafiə etməyə həvəs göstərəcəyi qətiyyən inandırıcı görünmür.

    Digər tərəfdən, Azərbaycanla qardaş və ən yaxın müttəfiq olan Türkiyə də baş verənlərə seyirçi qalmaq niyyətində olmadığını sezdirir. Hər halda, Türkiyə XİN-in baş verənlərlə bağlı sərt bəyanatı və Azərbaycanın yanında olduğunu xüsusi olaraq, vurğulaması hər kəs üçün ciddi mesajdır. Çünki Türkiyənin NATO-nun ən önəmli, aparıcı dövlətlərindən biri olduğunu qətiyyən nəzərdən qaçırmaq olmaz.

    Onu da nəzərə almaq lazımdır ki, KTMT-dəki dövlətlərin mütləq əksəriyyətinin Azərbaycanla olduqca yaxın tərəfdaşlıq münasibətləri mövcuddur. Həmin dövlətlər kimsəyə faydası olmayan Ermənistan ucbatından Azərbaycanla münasibətlərə xələl gətirməyə həvəs göstərməzlər.

    Eyni zamanda, hazırda Rusiyanın da Azərbaycan və Türkiyə ilə münasibətləri müsbət keyfiyyətə malikdir. Və Kreml də həmin münasibətləri Paşinyan hakimiyyətinin hərbi avantüralarına qurban verməz.

    Belə anlaşılır ki, Paşinyan hakimiyyəti “qaş qayırmaq istəyərkən, göz çıxarıb”. Yəqin ki, yaxın günlərdə Ermənistan Paşinyan hakimiyyətinin düşünülməmiş davranışlarından qaynaqlanan məsuliyyətin tam yükünü çəkməli olacaq.
    Elçin XALİDBƏYLİ,
    Siyasi ekspert //musavat.com//


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR