AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

12 iyul təxribatları bir daha işğalçı ölkənin simasını açıb ortaya qoydu

  • + A
  • - A
  • 15-07-2020, 21:50

    12 iyul təxribatları bir daha işğalçı ölkənin simasını açıb ortaya qoydu
    ​ ​ Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyul ayının 12-i günündən başlayan və iki gün ərzində davam edən erməni təxribatı, bir daha işğalçı ölkənin simasını açıb ortaya qoydu. Bəli, Tovuz rayonunun sərhəd kəndləri olan Ağdam və Əlibəyli kəndlərində, həmçinin digər yaşayış məntəqələrinə yaxın ərazilərdə müəyyən təxribata əl atmaqla hansısa planlarını həyata keçirmək istəyən düşmən qüvvələrinə anındaca cavab verildi. Yəni, şanlı ordumuz 2016-cı ilin aprel hadisələri zamanı ermənilərə verdiyi “ibrət dərsi”ni bir daha onlara “başa saldı”. Çünki, ötən illər ərzində Azərbaycanın Silahlı Qüvvələri kifayət qədər təkmilləşmiş, hər cür texniki avadanlıqlarla, silah növləri ilə təmin olunmuş, bir sözlə lazımi təminatlarla dolğun şəkildə təmin olunmuşlar. Belə bir səbəblər üzündəndir ki, bu gün ordumuzda ruh yüksəkliyi, döyüş əzmi ən yüksək səviyyədədir. Hər şeydən öncə isə, ölkə rəhbəri, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordumuza göstərdiyi diqqət və qayğı, bu gün öz nəticəsini göstərir. Yəni, onu qeyd etmək istəyirəm ki, ötən illər ərzində cənab Prezidentin, bütövlükdə dövlətimizin Azərbaycan ordusuna qarşı yanaşması, məhz bugünkü uğurlarımızın əsası oldu.

    ​ ​ ​ Bir məqama da toxunum ki, ordumuzun ötən günlər ərzində əldə etdiyi uğurlar, birbaşa düşmən ölkəni çaşbaş saldı. Belə ki, bütün tədbirlərdə riyakar mövqeyini ortaya qoyan, yerli ictimaiyyətlə bərabər, beynəlxalq ictimaiyyəti də aldatmağa çalışan Nikol Paşinyan və onun komandası, məhz ötən günlərdə yaşadıqları uğursuzluqları erməni xalqından gizlətməyə çalışsa da, onlar geniş xalq kütləsinin müqaviməti ilə üz-üzə qaldılar. Yəni, erməni xalq küçələrə axışdı və ölkənin siyasi rəhbərliyindən baş verən ölüm faktlarının hesabatlarını tələb etdi. Artıq çıxılmaz duruma düşüb dalana sıxılan Ermənistanın siyasi rəhbərliyi, bu gün düşdüyü vəziyyətdən çıxış yolları axtarmaqdadır. İki günlük qarşıdurma nəticəsində 100-dən çox canlı qüvvəsini itirən, xeyli sayda hərbi texnikası sıradan çıxan Ermənistanda sanki matəm yaşanır. Yəni, geniş xalq kütləsi ilə iqtidar üzüzə dayanıb. Bütün bunlara əsas səbəb, düşmən ölkədə siyasi rəhbərliyin çoxsaylı ölüm faktlarını gizlətməyə çalışmasıdır.

    ​ ​ ​ İşğalçı ölkədə hadisələr bu cür cərəyan etsə də, Azərbaycanda isə fərqli stiuasiya yaşandı. Yəni, cəbhəboyu ərazilərdə şanlı Azərbaycan ordusu düşmən üzərində üstünlüyünü əldə etdikcə, geniş xalq kütləsi Bakıda, Sumqayıtda, Xırdalanda və digər yerlərdə küçələr axışdı və cənab Prezidentə, Silahlı Qüvvələrimizə həmrəylik nümayiş etdirdilər. Bütün bunlar onu sübut etdi ki, düşmən ölkədən fərqli olaraq Azərbaycan Respublikasında xalq-iqtidar, xalq-ordu birliyi möhkəmdir, sarsılmazdır. Sözsüz ki, bu cür həmrəylik ölkə başçısına, hər bir azərbaycanlı zabitə, əsgərə verilən gücdür, əvəzsiz dayaqdır. Hazırda xalqımız dövlət başçısının yürütdüyü siyasəti dəstəkləyir. Buna baxmayaraq, dünən yaranmış vəziyyətdən yararlanmağa çalışanlar da tapıldı. Belə ki, dünən gecə saatlarında bir qrup şəxslər polisin dağılma tələbinə əməl edib evlərinə getmələrinə baxmayaraq, kiçik bir qrupa daxil olan şəxslər isə, polisin çağırışına məhəl qoymadılar və qeyri-qanuni addımlarını atıb Milli Məclisin binasına daxil olurlar. Hətta, həmin şəxslər Milli Məclisin binasına zərər vurub, orada olan jurnalistlərə qarşı zorakılıq da tətbiq edirlər. Bu cür təxribata əl atanlar vətənpərvərlik, orduya və dövlətə dəstək aksiyasının istiqamətini dəyişməyə çalışırlar və Milli Məclisin foyesində “Allahu-Əkbər” şüarları da səsləndirirlər. Sözsüz ki, indiyə kimi dövlətimiz bir çox təxribatların qarşısını qətiyyətlə alıb. Düşünürəm ki, təxribatçılıq edən, beşinci kolonun nümayəndələri olan həmin şəxslər, atdıqları addımlara görə hüquqi müstəvidə lazımi cəzalarını alacaqlar. Fakt budur ki, bu gün Azərbaycan güclü dövlətdir və hər cür təxribatın ​ qarşısını da almağa qadirdir.

    ​ ​ ​ Bundan əlavə onu da qeyd edim ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində əmələ gələn qarşıdurmaların, baş verən ölüm faktlarının bütün məsuliyyəti bugünkü Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür. Çünki, Nikol Paşinyan və onun komandası hələ də riyakar mövqelərindən daşınmayıblar və təxribati işlərlə məşğul olurlar. Amma, onlar onu undurlar ki, aparılan bu haqq mübarizəsində Azərbaycana qalib gələ bilməyəcəklər və gectez ələ keçirmiş olduqları torpaqlarımızı geri qaytarmağa məcbur olacaqlar. Bir anlığa diqqət yetirək ki, 12 iyulda ermənilərin qol qoyduqları təxribat əməllərindən sonra, dünyanın bir çox ölkələri ölkəmizə qarşı həmrəylik nümayiş etdirdilər, Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər. Bu cür yanaşmalar onu göstərir ki, həmin ölkələr Ermənistanın işğalçılıq siyasətini görürlər və belə bir səbəb üzündən də, Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər.

    ​ ​ ​ Bəli, bu gün xalqımız “ağı qaradan” seçməyi bacarır və kimin kim olduğunu yaxşı dərk edir. Yəni, hər kəs görür ki, cənab Prezident illərdir ki, belə bir problemi sülh yolu ilə, qan tökmədən, heç bir şəhid vermədən nizama salmağa çalışır. Belə bir vaxtda hər bir azərbaycanlının əsas borcu ölkə rəhbərinin yanında olmaqdır, cənab İlham Əliyevə həmrəylik nümayiş etdirməkdir. Çünki, bizim həmrəyliyimiz, məhz bizim gücümüzün qüdrətini ortaya qoyur. Odur ki, həmrəy olmalıyıq ki, ümumi işlərimizdə qalib ola bilək. Dünən gecə Bakının mərkəzi küçələrində yaşanan izdiham bir daha onu sübut etdi ki, bu gün xalq ölkə rəhbərinin yanındadır, cənab Prezidentlə həmrəydir.

    Məşhur Məmmədov

    Millət vəkili


    12 iyul təxribatları bir daha işğalçı ölkənin simasını açıb ortaya qoydu


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR