İyulun 12-dən Azərbaycan-Ermənistan sərhədində-Tovuz istiqamətində düşmən təxribatı nəticəsində başlanan hərbi toqquşmalar bütün ölkəni ayağa qaldırıb.
Düşmənin hucumunu dəf edən zaman şəhid olan zabit və əsgərlərimizin dəfni böyük izdihamla müşayət olundu. Azərbaycan xalqı öz ordusuna dəstək vermək üçün bütün gecəni meydanlarda qaldı. Yüz minlərlə insan “Qarabağ” hayqıraraq əsgərlərimizi çağırır, minlərlə vətəndaş könüllü cəbhəyə yollanmaq üçün hərbi komisarlıqların həyətinə cəm olurlar.
30 ildən çoxdur ki, davam edən Qarabağ münaqişəsi ən müxtəlif periodlarında qələbə və məğlubiyyətləri ilə cəmiyyətin yaddaşına yazılıb. 26 ildir davam edən sülh danışıqları nəticəsiz qalır, beynəlxalq güclərin biganə nəzələrləri altında status-kvo davam edir.
Tovuz döyüşləri zamanı ölkənin bütün ictimai-siyasi müstəvisi vahid halda birləşdi, dövlətə dəstək nümayiş etdirdi. Bu gün hər kəs öz çevrəsində bu mübarizəyə qoşularaq Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırılması üçün çalışır.
Bu sırada Qafqaz Müsəlmanları İdarəsi və onu rəhbəri Şeyxülislam Allahşükür Paşazadə mühüm yer tutur.
Şeyx “Səninləyik, Azərbaycan əsgəri!” yazdı
Özünün sosial şəbəkədəki rəsmi səhifəsində “Səninləyik, Azərbaycan əsgəri!” yazan Şeyx Azərbaycan ordusunun haqq davasına xeyir-dua verdi, şəhidlərimizin həlakından sarsılan xalqa “Allah yolunda şəhid olanlara “ölü” deməyin. Əksinə, onlar diridirlər” müqəddəs kəlamı ilə təsəlli oldu, “Düşmənlə döyüş meydanındakı ölüm istənilən bir məkan və zamanda can, namus və malın müdafiəsi zamanı möminlərin ölümü Allah yolunda şəhadətdir”- yazdı.
General Polad Həşimovun şəhid olmasını göz yaşı içində qarşılayan Şeyxülislam onun dəfni günü “Qarabağ savaşında şəhadət zirvəsini fəth edən ilk döyüş generalımızla xalqımız vidalaşmaqdadır. Cənab General Biz hamımız əsgərik. Ruhun şad olsun”-deyə bəyan etdi.
Bu gərgin günlərdə A.Paşazadənin verdiyi bəyanat bir daha Azərbaycan xalqının Qarabağla bağlı vahid mövqeyinin nümayişi oldu.
“Bu təxribatın bütün siyasi və hüquqi məsuliyyəti Ermənistan tərəfin üzərindədir, törətdiyi cinayət əməllərinə görə bu dövlətin siyasətbazları Allah və bəşər məhkəməsi qarşısında cavab verəcək”- deyə bəyan edən QMİ sədri işğalçı Ermənistanın bu çirkin təxribatını qətiyyətlə pislədiklərini, dünya ictimaiyyətini və beynəlxaq təşkilatları Azərbaycanın haqq işinə fəal dəstək verməyə, təcavüzkarın hüquqi cəzalandırılması üçün səy göstərməyə çağırdı.
“Azərbaycan Ordusunun azğın təcavüzkarı geri oturtması, cəsur hərbçilərimizin işğalçını ciddi itkilərə məruz qoyaraq bu təxribatın qarşısını alması bizdə sonsuz inam və qürur hissi yaradıb”-deyə vurğulayan A.Paşazadə bu narahat günlərdə Ali Baş Komandan, dövlətimiz, xalqımız və Vətən torpaqlarını müdafiə edən ordumuzla həmrəy olduğunu bir daha bəyan edib.
QMİ sədri qanlı müharibənin ilk günündən Azərbaycan ordusunun yanında olub, vətənin müdafiəsinin təşkili üçün səylə çalışıb. Şeyxülislam dəfələrlə ağır döyüşlərin getdiyi cəbhə xəttinə gedərək əsgərlərlə birgə olub, onlara mənəvi güc verib.
Din xadimlərinə ünvanladığı müraciətində “moizələrimizdə özümüzü əsgər kimi hiss etməliyik. Biz Vətənimizi işğaldan azad etməliyik və edəcəyik”,-deyən Allahşükür Paşazadə Qarabağ davasını torpağı işğal olunmuş Azərbaycan xalqının ədalətli davası olduğunu bəyan edib. 2017-ci ildə Moskvada erməni katalikosu Qaragenlə görüşü zamanı ona “Qarabağ müharibəsi işğal olunmuş 7 rayonda, Azərbaycan ərazisində gedir. Bura Azərbaycan ərazisidir” – deyən QMİ sədri işğalın dünyada tanıdılması üçün fəaliyyət göstərib.
“Dini müharibə yox, ərazi işğalı!”
Zaman-zaman Qarabağ münaqişəsini dünyaya dini zəmində müharibə kimi təqdim etməyə çalışan erməni siyasi dairələri “təqib olunan əzabkeş xrstianlar” adı altında saxta göz yaşı axıtmağa və xain ərazi iddalarını dini don geyindirməyə cəhd ediblər.
Bu zaman müddətində erməni kilsəsi qarşıdurmanın fəal iştirakçısı kimi işğalçı hakimiyyətin siyasətinə dəstək verərək bütün humanist prinsiplərinin əleyhinə çıxaraq qanlı qarşıdurmada barışdırıcı missiya ilə çıxış etməyib.
Şeyxülislam ilk gündən Qarabağ münaqişəsinin dini zəmin daşımadığını bəyan edərək bütün beynəlxalq müstəvidə bu iddianı dağıdan fəaliyyət aparıb. Erməni katolikosu ilə müxtəlif nufuzlu din xadimlərinin vasitəçiliyi ilə aparılan danışıqlarda münaqişəni belə rəngdə təqdim edilməsinə qətiyyətlə əleyihinə çıxan A.Paşazadənin birmənalı mövqeyi dünyada bu qanlı müharibənin dini yox, ərazi işğalı ilə nəticələnən işğalçı mahiyyətini açıqlayıb.
Münaqişənin başladığı ilk illərdən QMİ millətlərarası nifrətin dərinləşməməsi üçün bütün imkanlarını səfərbər edib. Bu baxımdan Şeyxülislam Allahşükür Paşazadə atdığı bütün addmlarında ardıcıl olub.
1993-cü ilin fevralında İsveçrənin Montre şəhərində QMİ sədri Allahşükür Paşazadə və katalikos 1-ci Vazgen arasında keçirilən görüş zamanı hər iki dini lider imzaladıqları birgə müraciətdə bəyan etdilər ki, Qarabağ münaqişəsi dini motiv daşımır.
2017-ci ilin sentyabrında Moskvada Danil monastırında Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin vasitəçiliyi ilə katolokos Qareginlə baş tutan sonuncu görüşdə ona “biz din xadimləriyik, hərbçi deyilik. Problemin elə həll yolunu tapmalıyıq ki, xalqlara ziyan gəlməsin. Dini liderlərin münaqişənin həllinə töhfə vermək imkanları var. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Müharibə də Azərbaycan ərazisində gedib. Azərbaycan torpaqları işğal olunub”- demişdi.
Bu illər ərzində QMİ sədri ən müxtəlif səviyyələrdə keçirilən tədbirlərdə Azərbaycanın Qarabağla bağlı haqlı mövqeyini bəyan edib.
Bu yöndə dünya katoliklərinin “döyünən ürəyi” sayılan Vatikanda Roma Papası ilə görüşlərində Şeyxülislam Azərbaycanın problemi ədalətli və ərazi bütövlüyü hesabına həllini ifadə etmişdi. 2004-cü ildə Vatikanda Papa İohan Pavellə görüşü zamanı Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəndə Vatikan münaqişənin sülh yolu ilə həlli ilə bağlı Azərbaycanın mövqeyini bəyəndiyini bəyan etmişdi.
Azərbaycanı dəstəkləyən müsəlman dövlətləri
Azərbaycanın etibarlı mühüm platformalarından olan İslam Əməkdaşlıq Təşkilatı daim ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib və işğalçı Ermənistanı pisləyib.
1991-ci ildə Şeyxülislam Allahşükür Paşazadənin bilavasitə təkidi sayəsində İslam Konfransı Təşkilatının (indiki adı İƏT – İslam Əməkdaşlıq Təşkilatı) üzvlüyünə qəbul edilən Azərbaycan bu gün müsəlman ölkələrinin etibarlı tərəfdaşına çevrilib.
İƏT çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar qəbul edilmiş sənədlər təşkilatın müntəzəm keçirdiyi toplantılarda hər dəfə yeni bəndlər əlavə edilərək xeyli təkmilləşdirilib. Xocalı faciəsi beynəlxalq təşkilatlar sırasında ilk dəfə olaraq məhz İƏT tərəfindən soyqırımı aktı kimi tanınıb.
Eyni zamanda hər il fevralın 26-da A.Paşazadənin Xocalı soyqırımı ilə bağlı bəyanatı səslənir, bu qətliamın təşkilatçıları lənətlənir.
Azərbaycanı İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrlə yalnız milli mənəvi dəyərlər deyil, beynəlxalq siyasi arenada birgə fəaliyyət də ciddi şəkildə bağlayır.
İslam Əməkdaşlıq Təşkilatı və onun üzvü olan dövlətlər Azərbaycanın haqq işinin tərəfdarı kimi münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həll edilməsinə dəstək verilməklə İslami həmrəylik ideyasına sadiqdir.
Səmavi dinlərin rəhbərlərinin vahid mövqeyi
QMİ sədrinin müxtəlif dini konfessiya rəhbərləri ilə görüşləri zamanı Azərbaycan dövlətinin Qarabağla bağlı mövqeynin ardıcıl müdafiəçisi kimi çıxış edib.
A.Paşazadə bununla yanaşı ölkəmizdə yaşayan müxtəlif dini konfessiyaları Azərbaycanın haqlı davasına səfərbər etməklə bu mövqeni təkcə QMİ-nin deyil, bütün səmavi dinləri təmsil edənlərin vahid mövqeyi kimi nümayiş etdirib. Dünya Azərbyacanda fəaliyyət göstərən bütün dini konfessiyaların Qarabağ münaqişəsi ilə bağlı birgə mövqeyinin şahidi olub.
Ötən il Bakıda keçirilmiş Dini Liderlərin 2-ci Sammiti bu baxımdan əlamətdar oldu.
Zirvə görüşünün mühüm nailiyyətlərindən biri sammit iştirakçılarının Qarabağla bağlı mövqelərinin bəyan etməsi oldu. Sammit Birləşmiş Millətlər Təşkilatını beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, xüsusilə dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməsinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yuxarıda göstərilən prinsiplərə tam uyğun olaraq sülh yolu ilə həll olunmasına töhfə verməyə çağırdı.
Bununla bağlı imzalanmış Bəyannamədə əksini tapmış “işğal” sözü çox mühümdür. Dünyanın nufuzlu dini və ictimai xadimləri, dövlət rəsmiləri “Azərbaycanın işğal olunmuş ərazilərində mədəni və dini abidələrin dağıdılmasından öz dərin narahatlıqlarını ifadə edərək” dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına dəstək verməyə səsləyib.
Bütün dinlər insanlar arasında sülhü və barışı təbliğ edir, amma vətəni qorumağı və düşmənin xain hucumuna müqaviməti də vacib sayır. Bu baxımdan Azərbaycanın məruz qaldığı xain hucum, işğal edlimiş ərazilərinin azad edilməsi uğrunda mübarizəsi cəmiyyətin bütövlüyündən keçir. Bu zaman cəmiyyəin önündə olan ictimai xadimlərin fəaliyyəti bu prosesin indikatoruna çevrilir, dövlətin və cəmiyyətin vahid mövqe tutmasında öz töhfələrini verir.
Emin ABBASOV