11 ölkə və Aİ İsrail ilə “Hizbullah”ı atəşkəsə əməl etməyə çağırdı

Kanada, Avstraliya, Danimarka, Estoniya, Finlandiya, Fransa, İslandiya, Latviya, Litva, Norveç və İsveçin xarici işlər nazirləri, eləcə də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas Livandakı vəziyyətlə bağlı birgə bəyanat yayıblar.
Fransanın Xarici İşlər Nazirliyinin saytında dərc olunan sənəddə tərəflər arasında hərbi əməliyyatların yenidən intensivləşməsindən ciddi narahatlıq ifadə olunub və atəşkəs rejiminin qorunmasının vacibliyi vurğulanıb.
Bəyanatda bütün tərəflər maksimum təmkin nümayiş etdirməyə, atəşkəsə ciddi şəkildə əməl etməyə və mülki əhalinin təhlükəsizliyini təmin etməyə çağırılıb.
Diplomatlar Livan hökumətinin ölkə ərazisində dövlət hakimiyyətini gücləndirmək səylərinə dəstək ifadə edərək, BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrasının vacibliyini qeyd ediblər. Sənəddə Livanın təhlükəsizlik institutlarının möhkəmləndirilməsi və “Hizbullah”ın tam silahsızlaşdırılması zərurəti vurğulanıb.
Nazirlər “Hizbullah”ı İsrailə qarşı hücumları dayandırmağa, İsraili isə Livanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə, hərbi eskalasiyadan çəkinməyə çağırıblar.
Bəyanat müəllifləri həmçinin ABŞ və beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə aparılan diplomatik səylərə dəstək verərək, tərəfləri uzunmüddətli sabitliyin təmin olunmasına yönəlmiş danışıqlara töhfə verməyə səsləyiblər.
Sənəddə vurğulanıb ki, Livan və İsrail xalqları müharibə təhlükəsi olmadan sülh, təhlükəsizlik və ləyaqət şəraitində yaşamaq hüququna malikdirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.