"Rusiya hərbi qüvvələri Qafqazın dərinliklərinə doğru irəliləyə bilər” - "Washington Times"
Tammiqyaslı müharibənin başlaması Rusiya hərbi qüvvələrini Qafqazın dərinliklərinə doğru irəliləməsinə yol aça bilər.
Ovqat.com xəbər verir ki, Filadelfiyada fəaliyyət göstərən Xarici Siyasət Araşdırmalar İnstitutunun Avrasiya proqramının böyük elmi işçisi Stiven Blank ABŞ-ın “Washington Times” nəşrinə verdiyi açıqlamasında belə deyib.
Nəşr həmçinin qeyd edib ki, Ermənistanla Azərbaycan arasında gərginliyin artmasının mürəkkəb regional geosiyasətlə bağlılığı var. “Odur ki, bu gərginlik çox sayda dövlətin cəlb olunacağı münaqişəyə də çevrilə bilər”.
Nəşrin “Ermənistanla Azərbaycan arasındakı döyüşlər neft-qaz nəqlilə bağlı narahatlıq yaradır” sərlövhəli məqaləsini təqdim edirik.
Azərbaycan rəsmiləri deyir ki, onların düşmən qonşu Ermənistanla hərbi toqquşmaları Qafqaz regionundan Qərbi Avropa bazarlarına neft-qaz nəqlinə əngəl yarada bilər.
Azərbaycanın Dağlıq Qarabağ regionu yaxınlığında ötən həftə baş vermiş ölümcül döyüşlər bu münaqişənin yaxın zamanlarda həll edilməyəcəyini ortaya qoyub. İki ölkə arasındakı hərbi toqquşma həm regionda, həm də onun hüdudlarından kənarda əsəbləri tarıma çəkib. İndi, hər kəs zorakılığın miqyasının daha da böyüyəcəyindən narahatdır.
Ermənistanla Azərbaycan 1990-cı illlərin əvvəllərində Azərbaycandan qopmuş region uğrunda müharibə aparıb. O vaxtdan “dondurulmuş münaqişə”yə çevrilmiş problem bu günlərdə tərəflər arasında yeni hərbi əməliyyatlara səbəb olub. Bu, son dövlərdə baş vermiş ən ciddi döyüşlərdir. Son toqquşmalarda ən azı 20 nəfər həyatını itirib. Bu döyüşlərdə ağır artilleriya və dronlardan da istifadə edilib.
Donald Tramp administrasiyası tərəfləri sakitliyə çağırıb. ABŞ-ın dövlət katibi Mayk Pompeo iki ölkə sərhədindəki zorakılıqdan narahat olduğunu hələ ötən həftə dilə gətirmişdi: “Biz tərəfləri gərginliyi dərhal aradan qaldırmağa, konstruktiv dialoqu bərpa etməyə çağırırıq”.
Avropanın da narahatlığı artır... Səbəb həm də SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun son açıqlamasıdır. O, ötən həftə verdiyi açıqlamada Xəzər dənizindən hasil edilən neft və qazı dünya bazarına nəql edən enerji infrastrukturun hərbi əməliyyatların baş verdiyi bölgənin yaxınlığında yerləşdiyini xatırladıb. “Reuters” agentliyinin məlumatına görə, E.Nəsirov konkret olaraq, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin, həmçinin Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin ötən həftə hərbi toqquşmanın baş verdiyi ərazinin yaxınlığından keçdiyinə diqqət çəkib. Burada mühüm əhəmiyyətə malik digər obyektlər də yerləşir. Məsələn, Nəsirovun da xatırlatdığı kimi, “Cənub Qaz Dəhlizi”nə daxil olan iki qaz kəməri də eyni bölgədən keçir. Bu layihənin tərkib hissəsi olan TANAP-la Cənubi Qafqaz Boru Kəməri Gürcüstanla Türkiyədən də keçməklə, Avropaya uzanır.
Yeri gəlmişkən, “Reuters” agentliyi “Cənub Qaz Dəhlizi”ni mühüm əhəmiyyətə malik layihə kimi xarakterizə edir. Onun işə düşməsindən sonra Avropanın rus qazından asılılığını azalacaq. Odur ki, Ermənistan-Azərbaycan sərhədindəki son hərbi toqquşmalarda Rusiyanın rolunun ola biləcəyinə dair də fərziyyələr var.
Bütün bunların fonunda ötən həftənin şənbə günü Rusiya mətbuatı Müdafiə Nazirliyinə istinadən, Cənub hərbi dairəsində hərbi təlimlərin keçiriləcəyi haqda məlumat yayıb. Bu hərbi dairə əslində, Ermənistan-Azərbaycan münaqişə zonasının yaxınlığında yerləşir. Doğrudur, rusiyalı rəsmilər bu hərbi təlimlə iki ölkə arasındakı son toqquşmalar arasında əlaqənin olmadığını deyir. Ekspertlər isə hesab edir ki, Ermənistanla Azərbaycan arasında gərginliyin artmasının mürəkkəb regional geosiyasətlə bağlılığı var. Odur ki, bu, çox sayda dövlətin cəlb olunacağı münaqişəyə də çevrilə bilər.
“Ermənistanla Azərbaycan arasında münaqişə həll edilməmiş qalır” - deyən Filadelfiyada fəaliyyət göstərən Xarici Siyasət Araşdırmalar İnstitutunun Avrasiya proqramının böyük elmi işçisi Stiven Blankın proqnozu belədir: “Tammiqyaslı müharibənin başlaması Rusiya hərbi qüvvələrini Qafqazın dərinliklərinə doğru irəliləməsinə yol aça bilər. Bölgədə Azərbaycanı dəstəkləyən Türkiyə ilə Ermənistanı dəstəkləyən İranın da iştirakı ilə ciddi qarşıdurmanın yaşanması mümkündür”.
Lakin hələlik münaqişənin alovlanacağı, yoxsa pat vəziyyətinin yaranacağı məlum deyil.
“Associated Press” xatırladır ki, iki ölkə arasında Azərbaycanın Dağlıq Qarabağ regionu üzündən ortaya çıxmış münaqişə uzun illərdir davam edir. Tərəflər arasında 1994-cü ildə atəşkəs müqaviləsi imzalansa da, region hələ də Ermənistanın dəstəklədiyi etnik erməni qüvvələrinin nəzarəti altındadır. Bütün beynəlxalq səylərə baxmayaraq, münaqişənin həlli “dalana dirənib”.
Ermənistanla Azərbaycan arasında bundan qabaq da zaman-zaman hərbi toqquşmalar baş verib. Məsələn, 2016-cı ilin aprelində baş vermiş və 4 gün davam etmiş toqquşmalarda onlarla hərbçi həyatını itirmişdi.
Qay Teylor