Prezident İlham Əliyev Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azadmedia.az sərəncamın mətnini təqdim edir:
1. Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 4,6 milyon (dörd milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) adlandırılsın.
2. Müəyyən edilsin ki:
2.1. Cəmiyyət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir;
2.2. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (bundan sonra ‒ Agentlik) keçir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərin (lizinq alanların və lizinq obyektlərinin siyahısı, habelə lizinq ödənişləri üzrə borcların məbləği müəyyənləşdirilməklə) altı ay müddətində Agentliyə ötürülməsi üçün tədbirlər görsün;
3.2. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində kənar auditorun və aidiyyəti dövlət orqanlarının (qurumlarının) apardığı yoxlamaların nəticələri nəzərə alınmaqla, mövcud qalıq portfelinin bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərinin ötürülməsi zamanı Agentliyin hesabında nəzərə alınmasını təmin etsin;
3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:
4.1. Cəmiyyətin yeni nizamnaməsini üç ay müddətində təsdiq etsin;
4.2. Cəmiyyətin və Agentliyin sərəncamındakı əmlakın kənar auditor təşkilatı cəlb edilməklə qiymətləndirilməsini təşkil etsin və qiymətləndirmənin nəticəsinə əsasən, onların yeni balansı barədə məlumatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin;
4.3. bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Agentliyin həyata keçirməsi ilə bağlı aşağıdakı tədbirlərin görülməsini təmin etsin:
4.3.1. mövcud qalıq portfelinin və qüvvədə olan lizinq müqavilələri üzrə əmlakın idarə edilməsini;
4.3.2. lizinq ödənişləri üzrə borcların yığılmasını;
4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698, № 11, maddələr 2242, 2289, № 12 (I kitab), maddələr 2566, 2597; 2019, № 1, maddə 82, № 2, maddə 213, № 3, maddə 426, № 4, maddələr 620, 630, 649, № 5, maddələr 819, 862; 2020, № 3, maddələr 238, 240, № 4, maddə 404, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 iyul tarixli 1084 nömrəli və 10 iyul tarixli 1105 nömrəli fərmanları) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 1.11-ci bəndinə hər iki halda “orqanların” sözündən sonra “və Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2318; 2018, № 5, maddə 956) ilə təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”nin 3.1.11-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“3.1.11. səlahiyyətlərinə aid məsələlərə dair inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür;”.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1.Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 292; 2017, № 1, maddə 50; 2018, № 9, maddə 1840, № 11, maddə 2263; 2019, № 3, maddə 430, № 5, maddə 823) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur);
1.2. həmin Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda dəyişiklik təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın 10.40.37-ci bəndinə uyğun olaraq, təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;
2.2. həmin Qaydaların 14.4-cü bəndinə uyğun olaraq, aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;
2.3. həmin Qaydaların 17.5-1-ci bəndinə uyğun olaraq, aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamaların həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;
2.4. həmin Qaydaların 3.12.22-1-ci yarımbəndinə uyğun olaraq, mülki aviasiya sahəsində yüklərin və poçt göndərişlərinin aviasiya təhlükəsizliyini təmin etmək məqsədilə qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikat və fərdi kod nömrəsinin verilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.5. həmin Qaydaların 7.1-3-cü bəndinə uyğun olaraq, hava limanının nəzarət edilməyən zonalarının təhlükəsizliyinin təmin edilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.6. həmin Qaydaların 10.40.2-ci yarımbəndinə uyğun olaraq, mülki hava gəmiləri ilə daşınan yük və poçt göndərişlərinin təhlükəsizliyinin təmin edilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:
3.1. aşağıdakı normativ hüquqi aktları iki ay müddətində təsdiq etsin:
3.1.1. “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın 10.30.2-1-ci yarımbəndinə uyğun olaraq, sərnişinlərdən hava gəmisində daşınması qadağan edilmiş maddə və (və ya) predmetlərin götürülməsi, saxlanılması, geri qaytarılması və məhv edilməsi qaydasını;
3.1.2. həmin Qaydaların 14-6.5.2-ci yarımbəndinə uyğun olaraq, mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması metodikasını;
3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Aidiyyəti dövlət orqanları (qurumları) bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək üçün zəruri tədbirlər görsünlər.