Qalmaqallı Kanada şirkətində istefa: Arif Əsgərov həbsin astanasında - 56 milyon
Kanadanın qlobal miqyasda fəaliyyət göstərən “Bombardier” şirkətinin icraçı direktoru Pyer Boduen şirkətin son vaxtlar üzləşdiyi korrupsiya qalmaqallarına görə vəzifəsindən istefa verib.
Şairkətin dəmiryol bölməsi də ciddi qalmaqallarla üzləşib. Bu yaxınlarda “Bombardier”in İsveçdəki törəmə şirkətinin üç rəhbər işçisi Azərbaycan məmurları ilə korrupsiya sövdələşməsinə görə həbs olunub.
Məlum olub ki, şirkət Azərbaycanla 2013-cü ildə bağlanan müqaviləyə əsasən Azərbaycan Dəmir Yollarına (o zaman Nəqliyyat Nazirliyinin tərkibində, nazir Ziya Məmmədovun nəzarətində olan struktur idi, dəmiryollarına isə Arif Əsgərov başçılıq edirdi.)
Bakı-Böyük Kəsik yolu üçün siqnalizasiya avadanlıqları satıb. Və 300 milyon dollarlıq müqavilədən on milyonlarla dollar “otkat” şəklində Azərbaycan məmurlarına ötürülüb.
Ulus.Az xəbər verir ki, bu məsələ Arif Əsgərovun həbsini daha da yaxınlaşdırır. Onun adı 56 milyonluq yeyintidə hallanır. Hətta 2013-cü ildə bu qalmaqallar üzündən onun həbs ediləcəyi də gözlənilirdi.
Həmin il QSC-də külli miqdarda, daha dəqiq desək, 48 milyonluq yeyinti faktı aşkarlandı, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları QSC-nin marketinq şöbəsinin rəisi Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs etdilər.
R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunurdu. Az sonra məlum oldu ki, R.Hüseynovu qabağa verib həbs etdirən də A.Əsgərovun özü olub.
O bu yolla oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovu məsuliyyətdən kənarda saxlamağı bacardı.
İsveç məhkəməsi Kanadanın beynəlxalq nəqliyyat infrastrukturu şirkəti olan “Bombardier”in bu ölkədəki törəmə şirkəti “Bombardier Transportattion”un əməkdaşı olan Rusiya vətəndaşını həbs edib.
Ulus.Az xəbər verir ki, “Bombardier” şirkətinin bir neçə top-meneceri “Azərbaycan Dəmir Yolları” QSC ilə 2013-cü ildə bağlanmış müqaviləyə görə Azərbaycanın vəzifəli şəxslərinə 56 milyon dollar yeyinti ötürülməsinə dair sövdələşmədə iştirak ediblər.
Böyük yeyinti faktlarını üzə çıxaran isə İsveçin SVT telekanalı, TT agentliyi və “Radio Canada”, habelə mütəşəkkil cinayətkarlıq və korrupsiya araşdırmaları üzrə jurnalistika Mərkəzi OCCRP-dir.
Jurnalistlər aşkara çıxarıblar ki, “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən, 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilir, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülür.
Sövdələşməyə əsasən, siqnalizasiya avadanlıqlarının təchizatı iki ayrı müqavilə əsasənda həyata keçirilir.
Birinci müqavilə üzrə “Bombardier” şirkəti tərəfindən “Ebilock-950" siqnalizasiya avadanlığı 126 milyon İsveç kronuna Londonda qeydiyyatdan keçmiş həmin “Multiserv Overseas" şirkətinə satılır, həmin şirkət isə avadanlığı bu dəfə 5,5 dəfə baha qiymətə, yaxud o vaxtkı məzənnə ilə 695 milyon krona və ya 104 milyon dollara Azərbaycana satır.