AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dahi sərkərdə, tarixi şəxsiyyət

  • + A
  • - A
  • 10-09-2020, 23:45

    Qazi Mustafa Kamal Paşa hələ sağlığında Türkiyənin müstəqilliyinin,
    Cümhuriyyətin atası hesab olunurdu. Türkiyə tarixində oynadığı
    əhəmiyyətli rola görə 1928-ci ildə Türkiyə Böyük Millət Məclisinin
    xüsusi qərarı ilə Mustafa Kamala “Baş müəllim” dərəcəsi, 1934-cü ildə
    isə rəsmən "Atatürk" soyadı verilib. Allahın türk xalqına xilaskar kimi
    göndərdiyi Atatürk 1938-ci il noyabrın 10-da dünyaya vida edəndən
    sonra bütün əməlləri, varlığı, həyatı ilə əbədi yaşamaq, ölümsüzlük
    haqqı qazandı. Təsadüfi deyil ki, BMT-nin mədəniyyət, elm və təhsil
    sahəsi üzrə ixtisaslaşmış təşkilatı olan UNESCO tərəfindən 1981-ci il
    "Atatürk ili" elan olunmuşdu. 3 il əvvəl isə türk alimləri kəşf etiyi
    Yupiterə bənzəyən yeni planetə “Atatürk” adını verməyi qərara aldılar.
    “Nə mutlu türküm deyənə” sözlərinin müəllifi olan Atatürk haqqında
    dörd yüzə yaxın əsər yazılıb. Kitablar bu tarixi şəxsiyyətin insan olaraq
    necə biri olduğunu çox yaxşı izah edirlər. Bu kitablarda Atatürkün
    xarakteri, nikbinliyi, zarafatları, qəribəliyi, hazırcavab olması və sair
    keyfiyyətlərindən bəhs olunur.
    2001-ci ildən Atatürkə, Türkiyəyə və türk dünyasına ehtiram əlaməti
    olaraq Azərbaycanda Atatürk Mərkəzi fəaliyyətə bşlamışdır. Mərkəzdə
    Atatürk irsinin öyrənilməsi və təbliği ilə yanaşı, türk dünyasının tarixi,
    mədəniyyəti və bu sferaya daxil ola biləcək digər məsələlər araşdırılır və
    nəşr olunur. Türkiyə Cümhuriyyətinin banisi və ilk prezidenti Mustafa
    Kamal Atatürklə bağlı nəşr olunan kitab və sənədli materiallardan bəzi
    faktların maraqlı olduğunu nəzərə alıb qəzetimizin oxucularına təqdim
    edirik.
    Haqqında yazılanlara görə, Atatürkün minlərlə kitabı olub, amma Rəşad
    Nuri Güntəkinin “Çalıquşu” əsərini həyatı boyunca, hətta cəbhədə belə
    başucundan ayırmayıb. Hər gün kitabın təsadüfi bir səhifəsini açar və bir
    neçə səhifə oxuyarmış... Ən çox sevdiyi rəqs vals olub. Klassik
    musiqilərdən əlavə, Anadolu melodiyalarını da dinləməyi sevirmiş.
    Yaltaqlığa nifrət edirdi, şit, bayağı tərifləri xoşlamırdı. “Atatürkün
    xidmətçisi idim” adlı bir kitabda yazıldığına görə, Atatürk yuxunu çox sevməzmiş. Həyatı cəbhələrdə keçən bir komandir olaraq yatmağa çox
    fürsət tapa da bilməmişdi. Müharibələr zamanı qısa müddət yatar, yəni
    paltarları ilə səyyar çarpayıya uzanar, eləcə bir neçə saat yatmağa səy
    edərmiş. Dövlət başçısı olunca yaxınlarından bir neçə adam “artıq indi
    yatmalısınız” deyə məsləhət görüncə, “xeyr, əsas böyük müharibə indi
    başlayır, müasir sivilizasiya səviyyəsinə çatmağımız üçün gecə-gündüz
    çalışmalıyıq”, - deyə etiraz edərmiş.
    Atatürk çox yaxşı geyinər, geyindiyi hər şeyi özü seçərmiş.
    Ayaqqabılarını Sirkəçidəki “Qızıl Çəkmə”yə və Bəyoğlundakı Nuru
    Ustaya tikdirərmiş.
    ...Çanaqqala qələbəsi ilə məşhurlaşan gənc Mustafa Kamal həmin
    illərdə axırıncı Osmanlı hökmdarı Sultan Vahidəddinin kiçik qızı Səhibə
    Sultana evlilik təklifi edib. Səbihə Sultan isə öz əmisi oğlunu sevirdi.
    Buna görə də illər sonra Türkiyə Cümhuriyyətinin əsasını qoyacaq
    Atatürklə şahzadənin icdivacı baş tutmayıb.
    Sakarya vuruşmasından çətin qalibiyyətlə qayıdan Mustafa Kamal Paşa
    Türkiyə Böyük Millət Məclisində hesabat xarakterli çıxış edir,
    problemləri və qarşıdakı çətinlikləri göstərir. Əsas diqqət də ərzaq və
    maddi təminatın çatışmazlığına yönəldir. Sakaryada əsgərlərin və
    düşmənlərin qida çatışmazlığını diqqətə çatdırır. Amma buna
    baxmayaraq o, qalib gəlmişdi, müvəffəqiyyətinə görə "Qazi" adını almış
    və marşallığa yüksəlmişdir. Məhz bu səbəbdən Məclisə bir rəssam
    Atatürkə ehtiram nişanəsi olaraq çəkdiyi tablonu təqdim edir. Tablo
    Sakarya müharibəsini özündə əks etdirirdi və Atatürk cüssəli, kök bir
    atın üzərində əzəmətli şəkildə təsvir olunmuşdu. Rəsm əsəri gözəl
    olduğundan salondakılar onu alqışlayır. Lakin Atatürk qəfildən rəssama
    deyir: “Bunu başqa kimsə görüb? Rəssam “xeyr” deyəndə əlavə edir: -
    Onda lütfən başqa heç kəsə göstərmə. Rəssam tutulur, nə deyəcəyini
    bilmir. Atatürk əlavə edir ki, rəsm kimi gözəl sənət əsəridir. Amma
    burada at çox yaxşı , bəslənmiş, həmçinin mən də çox gümrah və tox
    görünürəm. Amma vallahi, belə deyildi. Sakaryada atlar bir dəri, bir
    sümük, bizlər isə az qala çöpə dönən birisi idik. Bilirsənmi bu nə
    deməkdir? Səhvini anlayan rəssam deyir:- Bu rəsm Sakarya vuruşmasının dəyərini aşağı salan bir əsərdir. Atatürk isə bu sözlərə
    yalnız gülümsəyir və rəssamın əlini sıxır.
    Günlərin bir günü türk kəndlisinin qəzet kağızına bükülmüş siqareti
    çəkərkən əli yanır və “Aparın bunu, özü çəksin” deyərək Atatürkün
    ünvanına söyür. Məhkəməyə çıxarılan kəndli haqda Atatürkə məlumat
    verəndə: “Onu məhkəməyə aparmaqdansa, normal bir siqaret
    verərdiniz, çəkərdi”, - deyib.
    Türkiyədə milli azadlıq hərəkatının başlanğıcında 1919-cu il dekabr
    ayının 18-də Atatürk Ərzurum və Sivas konqreslərindən sonra Sivasdan
    Ankaraya yola düşür, ertəsi gün o, Kayseriyə gəlir və Hacı Bəktaşi Vəli
    pirinə getməyi qərara alır. Çünki Qızılbaş və Bəktaşilərin Orta
    Anadoluda nüfuzu çox böyük idi. Dekabr ayının 23-24-də Atatürk
    qızılbaşların Çələbici Cəmaləddin əfəndi və Hacı Bəktaşi Vəli pirinin
    Dədə vəzifəsini yerinə yetirən Salih Niyazi Baba ilə görüşmüşdür. Bu
    görüşün nəticəsində Qızılbaşlar milli mübarizədə müştərək hərəkət
    edəcəklərinə söz vermişdilər. 1920-ci il aprel ayının 23-də Böyük Millət
    Məclisi açıldığında Çələbi Cəmaləddin əfəndi Qırşehirdən millət vəkili
    seçilmiş və eyni zamanda, Məclisin sədr müavini olmuşdur.
    Dövlət başçısı seçilən Mustafa Kamal dəniz nəqliyyatı ilə Türkiyənin bir
    sıra ərazilərinə səfərlər edir. Sahilboyu vilayətlərin birinə də su
    nəqliyyatı ilə gedən Atatürk sahilə çatarkən sürətli addımladığı üçün
    azacıq səmtini itirir, lakin barmaqlarını sahil qumuna batıraraq özünü
    yıxılmaqdan qoruyur. Tez qarşısına qaçıb, bulaşmış əllərini təmizləmək
    üçün ona yardım etmək istəyirlər. Amma Atatürk bir müddət
    barmaqlarına baxır və onlara belə cavab verir: -Bu mənim torpağımdır.
    O məni heç vaxt kirlətməz!
    Getdiyi şəhər və ya kəndlərdə onun üçün qurban kəsilən heyvanlara
    baxa bilməzdi. Belə vəziyyətdə ya üzünü çevirər, ya da qurbanın
    kəsilməsinə icazə vermirdi. Cəbhələrdə düşmənlə qarşı-qarşıya döyüşən
    biri olaraq ən maraqlı xüsusiyyəti döyüş meydanı xaricində qan görəndə
    halı pisləşirmiş.
    Bir dəfə Atatürk Çankayada keçirilən toplantıya tələsirmiş. Sürücüyə də
    bildirir ki, mümkün olduğu qədər onu iclas olacaq yerə tez çatdırsın,
    çünki xeyli qonaqlar onu gözləyirdi. Amma keçdiyi yerlərin birində xalq onu böyük izdihamla qarşılayır. Atatürk maşından düşərək qısa
    müddətli onlara əl edir, hal-əhval tutur. Vaxtın azlığını əsas gətirərək
    maşına oturmaq istəyir. Elə bu zaman balaca uşaq ağlamağını eşidir.
    Baxıb görür ki, anasının qucağında toppuş bir uşaq əllərini ona uzadaraq
    ağlayır. Atatürk ona yaxınlaşıb qucağına alır və yanağından öpür. Uşaq
    da əllərini maşına doğru uzadır və təkid edib ağlayır. Anası da utana -
    utana Atatürkə deyir ki, uşağın istədiyi maşındır. Bir söz deməyən
    Atatürk uşaqla bərabər maşına oturur və onu gəzdirir. İclasa
    gecikməsinə baxmayaraq uşağı gətirib şəxsən özü anasına təhvil verir.
    Anası üzürxahlıq edəndə isə o, bu cavabı verir: - Mən Türkiyənin
    sabahını gəzdirdim. Bu sabah hər şeydən və hər kəsdən önəmlidir.
    Türkiyəli yazıçı-publisisti İsmət Bozdağın "Lətifə xanım. Atatürkün həyat
    yoldaşı" kitabı Atatürkün şəxsi həyatı haqqında müəyyən təsəvvür
    yarada bilir. Oxucu üçün məşhur tarixi şəxsiyyətlərlə bağlı bütün
    soraqlar, xüsusilə də onların ailə həyatı son dərəcə maraqlıdır. Türk
    ailəçiliyinin dünyaya örnək olası cəhətlərinin görünməsi, bilinməsi
    baxımından kitabda əhəmiyyətli məqamlar var. Olduqca maraqlı
    çalarlarda ailə həyatı təsvir olunan Atatürkün xarakterinə güzəşt prinsiri
    tamamilə yaddır. Hiss olunur ki, özünəməxsus bir aqibət yaşayan
    Atatürk uzun illər ərzində onu bütünlüklə anlaya biləcək ömür-gün
    yoldaşı axtarır. Lətifə xanımla evlənərkən haradasa zənn edir ki,
    axtardığı qadın obrazını Lətifənin timsalında tapıb, ancaq az sonra
    anlayır ki, Lətifə ilə evlənməkdə səhv edibmiş. Bu da təbiidir: Atatürk
    kimi bir şəxsiyyətin qadını olmaq çox çətin idi...
    Tarixi şəxsiyyətlər haqqında bəzən həqiqəti əks etdirməyən əfsanələr
    də dolaşır. Atatürk haqqında bir əfsanələr var. O, İsmet İnönü ilə yaxın
    dost, silahdaş idi. Günlərini bir yerində keçirirdilər. Bir dəfə süfrə
    başında mübahisələri düşür, İsmət Paşa deyir ki, bu boyda ölkəni bir
    sərxoş idarə edir. Bu söz Atatürkün acığına gəlir və deyir ki, yadından
    çıxartma, bu sərxoş səni baş nazir qoyub. Səhəri günü isə İsmət İnönünü
    vəzifədən azad edir, Cəlal Bəyarı baş nazir qoyur. İsmət Paşa da
    prezident olandan sonra düz hakimiyyətdən gedənə qədər Atatürkün
    xatirəsinə Anıtqəbiri tikilməsinə icazə vermir. Pulların üzərində
    Atatürkün şəkillərini yığışdırır, heykəllərini qadağan edir. 1953-cü ildə Cəlal Bayar prezident olur və Anıtqəbirin tikintisi davam etdirilir.
    Ankaranın ən uca yerində qərar tutan Anıtqəbir kompleksi tamaşaçını
    Türkiyənin sözün əsl mənasında yox olmaqdan qurtarmış böyük
    Atatürkə bir daha insani sayğı üstə kökləyir. Atatürkün nəşi movzoleyin
    əsas qatında torpağa tapşırılıb. Məzar evinin ortasında qırmızı mərmər
    sənduqə mövcuddur. Sənduqənin çevrəsində bütün türk ellərindən,
    Quzey Kıbrıs Türk Cümhuriyyətindən və Azərbaycandan göndərilən
    torpaqların olduğu bürünc vazalar diqqəti cəlb edir. Anıtqəbir
    kompleksində habelə Türkiyə Cümhuriyyətinin ikinci prezidenti və Qərb
    Cəbhəsinin komandanı İsmət İnönünün simvolik büstü yerləşir.
    Atatürk haqqında yazımıza onun ölkəmizlə bağlı söylədiyi bu fikirlərlə
    yekun vururuq: "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim
    kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq
    ona yardım etmək borcumuzdur." Mustafa Kamal Atatürk bu sözləri
    1921-ci ildə Azərbaycanın Türkiyədəki təmsilçisi İbrahim Əbilovun
    etibarnaməsini qəbul edərkən demişdir. Bu, Atatürkün Azərbaycan
    haqqında işlətdiyi ən məşhur fikirlərindən biridir.

    Nurəddin MUĞANLI


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR