AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda neft hasilatı qədim və zəngin tarixə malikdir

  • + A
  • - A
  • 19-09-2020, 11:50

    Azərbaycanda neft hasilatı qədim və zəngin tarixə malikdir


    Anar MƏMMƏDOV
    Milli Məclisin deputatı


    Neft sənayesi özünün 150 illik tarixi ərzində böyük inkişaf yolu keçmişdir. Xalqımız bu sərvətdən yalnız XX əsrin sonralarında - müstəqillik qazandıqdan sonra tam bəhrələnmək imkanı əldə etdi. Bu imkanı reallığa çevirən isə ulu öndər Heydər Əliyev dühasının məhsulu olan yeni neft strategiyamız və həmin strategiyanın reallaşdırılması üçün hazırlanmış neft diplomatiyasıdır. Neft strategiyası ölkəmizin təbii sərvətlərindən xalqımızın bəhrələnməsinə xidmət etdisə, neft diplomatiyası Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının birgə işlənilməsi üçün dünyanın Qafqazda marağı olan bütün mərkəzlərinin iqtisadi mənafelərinin ödənilməsinə şərait yaratdı. Bu isə Azərbaycan Respublikasının beynəlxalq aləmdəki tərəfdaşlarının, dostlarının sayının daha da artması demək idi.

    1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq "Əsrin müqaviləsi" adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu. "Əsrin müqaviləsi" adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü oldu. "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi. Bu uğurlu strategiya nəticəsində nəinki neft sənayesini əhatə edən sahələr dirçəldi, həm də bütövlükdə ölkə iqtisadiyyatı inkişaf etdi. Bu baxımdan, neft sənayesinin inkişafı qeyri-neft sektorunun inkişafına da ciddi təsir göstərdi. Bir sözlə, bu müqavilənin imzalanması müstəqil Azərbaycanın inkişafının əsasını təşkil edir.

    Hər hansı bir ölkədə istehsal olunan neft, təbii qaz o zaman xalqa və dövlətə səmərə verər ki, bu sərvət dünya bazarına çıxarıla bilsin. Ona görə də ulu öndər Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən biri də Azərbaycan neftinin dünya bazarına nəqli yollarının dəqiq müəyyənləşdirilməsi idi.

    Xalqımızın və dövlətimizin mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri layihəsi əsas götürüldü və geridə qalan illər sübut etdi ki, bu variant həqiqətən Azərbaycanın maraqlarını tam təmin edir.
    Bildiyimiz kimi, 3 il bundan öncə sentyabrın 14-də Bakıda ölkəmiz üçün tarixi əhəmiyyətli bir hadisə baş verdi. Azərbaycan 6 ölkənin 11 şirkəti ilə 2050-ci ilə qədər "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib yenidən işlənmiş saziş imzaladı. Bu saziş şübhəsiz ki, 1994-cü ildə imzalanmış müqavilənin yalnız zaman baxımından deyil, həm də geosiyasi, iqtisadi, mədəni və siyasi aspektdə davamı oldu.

    “Əsrin müqaviləsi” Azərbaycana indiyədək olduğu kimi, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəltmək imkanı verəcək. Bununla da respublikamız bir çox neft hasil edən ölkələrdən fərqli olaraq nefti insan kapitalına çevirə bilən dövlət imicini qoruyub saxlayacaq. Çünki ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq. Neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün”.

    Azərbaycanda neftçi peşəsi çox hörmətli peşədir. Bütün bu uğurların əldə edilməsində Azərbaycan neftçilərinin çox böyük xidməti, zəhməti, payı var. Təsadüfi deyil ki, bunu nəzərə alan ulu öndər Heydər Əliyevin Fərmanına əsasən məhz “Əsrin müqaviləsi”nin imzalandığı gün – 20 sentyabr ölkəmizdə həm də neftçilərin peşə bayramı kimi bayram edilir. Qəhrəman neftçilərimizi bu əlamətdar gün münasibətilə təbrik edir, onlara Azərbaycan neft-qaz sənayesinin tərəqqisində yeni-yeni uğurlar arzulayıram.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR