«Maşın bazarı»ndakı yanğında Rasim Salmanov izi…
Bazarın sahibi hər ay milyonlar qazansa da, burada yanğın təhlükəsizliyi ilə bağlı heç bir tədbir görülmür
İş adamı baş vermiş hadisə ilə bağlı məsuliyyətə cəlb oluna bilər
Bakının Nizami rayonundakı “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın nəticəsində 930 kvadratmetr ərazi yanıb. Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev deyib. Onun bildirdiyinə görə, yanğın bazar ərazisindəki piştaxtalardan birindən başlanıb və tez bir zamanda böyük sahəyə yayılıb: “Hər bir dükanın arasında arakəsmə yoxdur, iş vaxtı olmadığından piştaxtalar dəmir barmaqlıqlarla bağlı olub, eyni zamanda tezliklə əraziyə çoxlu adam yığıldığına və hər kəs öz əmlakını çıxartmağa cəhd göstərdiyi üçün maneə yaranıb”.
R.Xudiyev bildirib ki, yanğın əsasən bazarın boyalar, neft məhsulları satılan hissəsində baş verib. “Bütün çətinliklərə baxmayaraq, yanğının qarşısı alınıb, bazarın 3 min kvadrat metr ərazisindən 930 kvadratmetrini əhatə edən yanğın söndürülüb. Digər ərazilər yanğından mühafizə edilib”. O, yanğının başvermə səbəbinin ekspertlərin araşdırmasından sonra məlum olacağını da qeyd edib. Xatırladaq ki, bundan əvvəl də bir neçə dəfə «maşın bazarı»nda yanğın hadisəsi baş verib.
Maraqlıdır, bu hadisələr nədən baş verir? Bazarda işləyən bir qrup satıcı gundelik-baku.com-a bildirib ki, işlədikləri ərazidə yanğın təhükəsizliyi qaydalarına qətiyyən riayət olunmur: «Bazarda 45-ə yaxın dükan yanıb, camaata külli miqdarda ziyan dəyib. Bu tip yanğın hadisələri gözləniləndir. Çünki dükanların heç birinin elektrik xətti normal deyil. Bundan başqa, bazarın ərazisində yanğın söndürən maşınların əlavə su doldurması üçün anbar yoxdur. Bazarın sahibi Rasim Salmanov və adamları icarədarlardan pul yığmağı yaxşı bilirlər, amma təhlükəsizliklə bağlı heç bir iş görmürlər. Bazarda elektrik xətləri yenidən çəkilməlidir. Həmçinin baş verə biləcək yanğın hadisələri üçün su anbarı tikilməlidir. Yəqin ki, bu hadisədən sonra bazarın rəhbərliyi indiyə kimi etdiyi səhvləri aradan qaldıracaq».
Qeyd edək ki, “maşın bazarı”nın sahibi, “Bizim market” mağazalar şəbəkəsinin ortaqlarından olan Rasim Salmanovla bağlı bir müddət əvvəl qalmaqallı məsələ ortaya atılmışdı. Rasim Salmanovun qayınanası Xanımbacı Qasım qızı İsmayılovanın yazdıqlarından aydın olur ki, kürəkəni Rasim Salmanov onun adından 17 dekabr 2015-ci ildə Bakı Şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi verib. Ərizə əsasında, X.İsmayılovanın nəvəsi Sahib Arif oğlu Quliyev barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanıb və sonuncu 1 fevral 2016-cı ildə tutulub. Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs-qətimkan tədbiri seçilib. Hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılır: “Rasim Salmanova verdiyim etibarnaməni ləğv etdirdim ki, adımdan hər hansı bir müraciət edə bilməsin. Həmin etibarnamənin ləğv edilməsi haqda sənədi də istintaqa təqdim etdim. Əvvəlcə məsələni zorakılıq və öz üsulları ilə həll etməyə çalışdı. Mənə və ailəmə hədə-qorxu gəldi. Bir gün də xəbər çıxdı ki, Rasim Salmanov bizim ailəni izlədirmiş. Nəvəm Sahib Quliyevin və ailəsinin yaşadığı evi BMCMİ-nin yanındadır. Rasim Salmanov nəvəmin evini güddürüb. Bu hadisə Nardaran hadisələri dövründə olduğuna görə idarənin ətrafında güclü nəzarət olub. Rasim Salmanovun adamları saatlarla Sahib Quliyevin mənzilini güdən zaman idarə əməkdaşları bu haldan şübhələnib. Həmin adamları tutaraq idarəyə aparıblar. Tutulanlar etiraf ediblər ki, Rasim Salmanov onlara Quliyevlər ailəsini güdmək və lazım olsa, tədbir görmək sifarişi verib. Adamlar onlara bunun müqabilində pul ödəndiyini də deyib. İdarədə araşdırma gedən zaman Rasim Salmanov Sahib Quliyevin evinə gəlib yalvarıb, səhv etdiyini boynuna alıb. Ölkədən qanunsuz olaraq çıxarılan 100 milyonlarla dolların hesabını Rasim Salmanovdan soran yoxdur. Rasim manatın birinci devalvasiyasından iki gün əvvəl, 19.02.2015-ci il tarixdə və ondan sonrakı tarixlərdə külli miqdarda maliyyə vəsaitlərini Azərbaycandan çıxarmağa nail olub. Rasim Salmanov bütün bu maliyyə fırıldaqlarını Beynəlxalq Bankın sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin köməkliyi ilə edib. Azərbaycanda qazanılan və ölkədən çıxarılan pullara Türkiyə və Kanadada müxtəlif əmlaklar alıb. Rasim Salmanov 11 milyon dollara İstanbulda, ”Zorlu” Ticarət Mərkəzində ev, Kanadanın Vankuver şəhərində dəyəri 100 milyon dollarla ölçülən evlər, çayın qırağında torpaq sahələri, “Ferrari” markalı maşın və sair əmlaklar alıb. Müxtəlif biznes sahələrinə investisiya qoyub. Qeyd etməliyəm ki, “Bizim market”lər şəbəkəsi rəsmi olaraq mənim adıma olub».
Göründüyü kimi, milyonlara sahib olan iş adamının nəzarətindəki bazarda yanğın təhlükəsizliyi ilə bağlı məsələlər sıfıra bərabərdir. Hesab edirik ki, baş vermiş məlum yanğın hadisəsi ilə əlaqədar olaraq ilk növbədə bazarın sahibi Rasim Salmanov istintaqa cəlb olunmalı və onun barəsində araşdırma başlanmalıdır. Bu adamın barəsində ciddi ölçü götürülməsə, bazarda analoji hadisələr təkrarlana bilər.
Yazı ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.