Xəbər verdiyimiz kimi, 17 oktyabrda Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə raket hücumu nəticəsində Rusiya vətəndaşı, 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilyeviç ağır yaralanmışdı. Sonradan gənc aldığı xəsarətlərdən dünyasını dəyişdi.
AzadMedia.az Virtualaz.org-a istinadən xəbər verir ki, mərhum Arturun anası - Stavropol sakini Anna Mehrabyan oğlunun cəsədinin Yessentukiyə aparılmasında israr edir.
"Arturun atası dünyasını dəyişəndə beş aylıq hamilə idim. Uşaq Gəncədə - Azərbaycanda nənə və babasının, digər qohumlarının olduğunu bilirdi. Uşağı özüm böyüdüb tərbiyə etdim. Qohumlar Azərbaycandan gəldilər və bizdə qonaq oldular", - deyə Anna Mehrabyan bildirib.
Bir dəfə Artur tətil üçün Azərbaycana getmək istədiyini deyib. Atasının yaşadığı şəhəri görmək və qəbiristanlıqda onun məzarına baş çəkmək istəyib. Anna Mehrabyan, oğlunu onun arxasınca gələn nənəsi ilə birlikdə Gəncəyə göndərib.
"Mənə dedi ki, "Ana, Azərbaycanda xoşuma gəlsə, orada qalacağam". Cavabında ondan soruşdum: "Bəs mən?". Artur Gəncədə daha yaxşı olacağını, atasının olduğu yerlərdə olmaq istədiyini söylədi ", - deyə qadın xatırlayıb.
İki il yarım Artur Gəncədə yaşayıb, oxuyub. Yeniyetmə Yessentukiyə evə getməli imiş, ancaq pandemiya başladı. Sərhədlər qapadıldı, sonra döyüş əməliyyatları başladı. Narahat olan Anna Mehrabyan səfirlik və nazirliyə müraciət etdi.
"O vaxt bir aydı uşağımı görmürdüm. Məni inandırdılar ki, vəziyyət nəzarət altındadır, hər şey yaxşıdır və yerli sakinlərə toxunulmur. Arturun xalası mütləq onunla birlikdə gələcəyini söylədi", - deyə Yessentuki sakini vurğulayıb.
17 oktyabrda ailəni böyük kədər bürüdü. Gecə evə mərmi atdılar, bina çökdü. Artur ağır yaralandı və komaya düşdü , 24 oktyabr tarixinə qədər o vəziyyətdə qaldı. Həkimlər yeniyetmənin həyatını xilas edə bilmədilər.
"Ötən gün təsadüfən uşağımın öldüyünü bildim. Axıra qədər inanmırdım. Bunun doğru olmadığını düşünürdüm. Sonra adını gördüm. 17 oktyabrdan komada olub", - deyə A.Mehrabyan izah edir.
Artur Mayakovun yatdığı xəstəxanadan Anna Mehrabyana bir neçə dəfə zəng edərək oğlunu ziyarət edə bilməsi üçün gəlməsini təklif ediblər. Lakin Anna Mehrabyan gəlməyib...