İstanbulda Azərbaycana dəstək aksiyası keçirilib
İstanbul şəhərinin Bəyazit meydanında Azərbaycan Ordusunun tarixi zəfərlərə imza atması, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi münasibətilə Azərbaycana dəstək aksiyası keçirilib. Azərbaycan və türk diaspor təşkilatlarının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə həmrəylik və Azərbaycana qardaş dəstəyi nümayiş etdirilib. Aksiyada hər iki ölkənin Dövlət Himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı və təcavüzkar siyasətindən danışıblar. Azərbaycan və Türkiyənin bayraqlarının dalğalandırıldığı tədbirdə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə son qoyulması ilə bağlı şüarlar səsləndiriblər. Aksiya iştirakçıları Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə Müzəffər Ali Baş Komandana və qüdrətli Azərbaycan Ordusuna minnətdarlıqlarını bildiriblər.