AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Makronun qərəzinin səbəbi: - Kəlbəcər qızılını itirib

  • + A
  • - A
  • 13-11-2020, 10:37

    Makronun qərəzinin səbəbi: - Kəlbəcər qızılını itirib

    Noyabrın 15-də ermənilər Kəlbəcəri tərk edirlər. Erməni separatçıları rayonda yerləşən Xudavəng (Dadivank) monastrı ilə vidalaşıblar. Bu, onların Kəlbəcərə əbədi vidasıdır. Amma Kəlbəcərlə vidalaşan, deyəsən, təkcə ermənilər deyil, həm də onlardan geri qalmayan fransızlar olacaq.

    “Yeni Müsavat”a bildirilib ki, Fransanın hakim ailəsinin noyabrın 15-də tam azad ediləcək Kəlbəcərdəki qızıl mədənlərində marağı olub. Görünür, Fransa prezidenti Emmanuel Makron muradına çatmadı, onun Kəlbəcər qızılına olan arzusu ürəyində qaldı. Elə bəlkə də buna görə - Kəlbəcərdəki qızıl mədənlərini itirdiyi üçün qanı qaralan Makron bizə qarşı nahaq mövqe tutması ilə guya öz aləmində acığını çıxmağa çalışır.

    Fransa münaqişənin əvvəl günündən tutduğu qərəzli mövqeyi indiyə qədər davam etdirir. Son olaraq, Fransa Xarici İşlər Nazirliyinin bəyanatında yenə həmsədrə yaraşmayan, tam ermənipərəst mövqe nümayiş etdirdi. Azərbaycan XİN-dən isə bildirildi ki, qəti narahat olmasınlar, beynəlxalq hüquqa tam uyğun şəkildə, beynəlxalq sərhədlər çərçivəsində ölkəmizin ərazi bütövlüyünü təmin etmişik. Və bir milyondan çox azərbaycanlının insan hüquqlarının bərpa olunması istiqamətində legitim səyləri Fransanı narahat etməməlidir.

    Amma Makronun dərdi tək ermənilərə olan sevgisi deyil, həm də Kəlbəcər qızılıdır. Eynilə Zəngilanın qızılı da Fransanın əlindən çıxır.

    Rayonun Vejnəli qızıl yatağı kvars-qızıl-sulfid tərkibli damar geoloji-sənaye tipinə aid edilir. Ermənistanın genişmiqyaslı talan əməliyyatına Fransa, Kanada, İsveçrə və digər ölkələrdən imkanlı erməni əsilli və ya erməni diasporu ilə əlaqələri olan iş adamları cəlb edilmişdi. Bu cür kriminal biznes nümayəndələrindən biri də İsveçrənin dünyaca məşhur saat brendi “Franck Muller Group”un təsisçilərindən biri və baş direktoru Vartan Sirmakesdir. V.Sirmakes Kəlbəcərin “Söyüdlü” və Zəngilanın “Vejnəli” yataqlarından oğurlanan qızılı İsveçrə birjalarında satışa çıxarır, qazanc isə elə həmin ölkənin banklarına yatırılır. Simarkes Azərbaycanın işğal olunmuş ərazilərində 999,9 əyyarlıq qızıl külçələrin satışı ilə məşğul olan bir sıra proqramların da əsas sərmayədarı idi. Bir müddət əvvəl “Tretya Sila Plyus” qəzetinin baş redaktoru Vağram Ağacanyan Kəlbəcər və Laçın rayonlarında qızıl hasilatında Rusiya ilə Fransanın maraqlarının olduğu haqda yazırdı. Rusiyalı elmlər doktoru Aleksey Baliyev iddia edirdi ki, Dağlıq Qarabağda 30-dan çox erməni şirkəti qızıl və digər resursların hasilatı ilə məşğul olur.

    Bir müddət əvvəl Moskvanın “Geologix Group” şirkəti Dağlıq Qarabağda qızıl hasilatı ilə məşqul olmağa başlamaq istəyini açıqlamışdı. Bundan əlavə, Ermənistanın qızıl hasil edən şirkətlərindən biri “FDM” regionda 2001-ci ildən fəaliyyətə başlayıb və burada 16 ton qızıl əldə edə bilib. Şirkət təkcə 2008-ci ildə 4 ton qızıl hasil edib.

    Ümumilikdə Dağlıq Qarabağda tədqiq edilmiş 155 xammal yatağı var. Onlar arasında 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun, 1 sink, 14 yarı qiymətli daşlar, 9 gips, 4 mərmər tuf, 10 mineral su və 7 müalicəvi palçıq yatağı var. Regionda həmçinin çoxsaylı mərmər, qranit, bazalt, tuf və qrafit istehsalı üçün xammal ehtiyatı var.

    İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a dedi ki, İsveçrə və Fransa şirkətlərinin Qarabağda fəaliyyəti haqda zaman-zaman məlumatlar olub. Onun sözlərinə görə, həmin şirkətlərin Fransanın hazırkı hakim ailəsinə yaxınlığını sübut etmək lazımdır: “Hələlik təsdiq olunmamış məlumatlardır. Lakin İsveçrə və Fransa şirkətlərinin Kəlbəcərdə fəaliyyəti haqda məlumatlar var. Sadəcə, Makron ailəsi ilə bağlı olub-olmaması ciddi araşdırma tələb edən mövzudur. Əgər həmin şirkətlərin siyasi bağlantıları təsbit olunarsa, beynəlxalq mediaya çıxara, ciddi iş görə bilərik. Hazırda Azərbaycan xarici media ilə düzgün işləyir, bu faktları üzə çıxarsaq, Makronun gələcək siyasi fəaliyyəti şübhə altına düşə bilər”.

    N.Cəfərli hesab edir ki, indiki halda bu iddiaların sübuta yetirilməsi məqsədəuyğundur: “Avropa, Amerika və Rusiyanın bəzi şirkətlərinin 26 il ərzində Qarabağda müəyyən fəaliyyəti olub. Xarici İşlər Nazirliyimiz tərəfindən dəfələrlə bu haqda bildirilib. İndi zaman yetişib, həmin dəlilləri toplayıb beynəlxalq hüquq çərviçəsində iddia qaldırmaq mümkündür. Bunun üçün Azərbaycan hüquqi aktlara ratifikasiya olmalıdır. Ancaq olmasa belə, dünya mediasına həmin sübutları təqdim etdikdə Makronun rəqibləri kampaniya aparıb onun gələcək siyasi karyerasını şübhə altına ala bilər”.

    Ekspertin fikrincə, 44 günlük müharibədə Fransanın və prezidentinin tutduğu mövqe daha çox seçkilərlə əlaqəlidir: “Makronun reytinqi Fransa prezidentləri arasında ən aşağı göstəriciyə malikdir. Seçkilərə bir ildən az müddət qalıb və Makronun Azərbaycan, Türkiyə ilə bağlı çıxışları Fransadakı ermənilər qarşısında reytinq toplamaq niyyəti güdür”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR