AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məcnun Məhəbbətin Leylası Laçın...

  • + A
  • - A
  • 8-12-2020, 18:24


    Bənzərsiz səsi ilə ifa etdiyi “Laçınım mənim” mahnısı ilə təkcə laçınlıların deyil, bütün Azərbaycan xalqının qəlbini riqqətə gətirən mərhum sənətkar, Azərbaycanın əməkdar artisti Məhəbbət Kazımovun ruhu indi azad Laçınla baş-başadır

    Ayyarımdan sonra 60 illik ömrünün 22 ilini Laçın həsrəti ilə alışıb yanan Məhəbbət Kazımovun bu dünyadan nakam köçməsinin 7 ili tamam olacaq. Sənətkarın qartal olub göylərində uçmaq, duman kimi torpağında sürünmək istədiyi dədə-baba yurdunda artıq dekabrın 1-dən doğma Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Bəli, Laçın rayonu da Ağdam və Kəlbəcərdən sonra bir güllə belə atılmadan, uğrunda yeni qurbanlar verilmədən işğaldan azad olundu. 28 il əvvəl erməni daşnaklarının “Qarabağın qapısı” adlandırdığı Laçından analarının qucağında çıxan oğullar müzəffər Azərbaycan Ordusunun qalib əsgərləri kimi doğma yurda qayıtdılar...

    Bu gün xalqımız böyük zəfərin sonsuz sevincini yaşayır. Azərbaycanın hər bölgəsində insanların üz-gözündən təbəssüm yağır. İndi hər birimizin içində 30 ilə yaxın həsrətində olduğumuz cənnətməkan Qarabağa səfər arzusu baş qaldırıb. El arası sərhəd yoxdur, bundan böyük səfər yoxdur, deyib qanadlanırıq. Tarixin yaddaşı isə zaman-zaman Azərbaycan xalqının yaddaşına köçür. Keçmişdən bugünümüzə, bugünümüzdən gələcəyə işıq salan yazılı mənbələr yaddaş zəncirimizi heç vaxt qırılmağa qoymur.

    Ötən əsrin 20-ci illərində canlı xəritəyə bənzəyən Laçına inzibati rayon mərkəzinə çevriləndən sonra böyük ədibimiz Tağı Şahbazi Simurğun təşəbbüsü ilə Laçın dağının adı verilib. XVII əsrdə bu dilbər guşədə yaşamış məşhur Azərbaycan aşığı Sarı Aşığın, XVIII əsrdə Pənahəli xan Cavanşirin sərkərdəsi olmuş Qara Murtuza bəyin, xalq qəhrəmanı Sultan bəy Sultanovun, Qarabağın general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Xosrov bəy Sultanovun və başqa görkəmli şəxsiyyətlərin miras qoyduqları yurd sevgisindən pay götürən laçınlı məşhurlardan biri də XX əsrin 70-ci illərində sənət aləmində ulduzu parlayan “Laçın” instrumental ansamblının rəhbəri Məhəbbət Kazımov idi...

    Ecazkar səsi ilə 1998 –ci ildən “Laçınım mənim” mahnısının sözlərinə özünəxas tərzdə improvizələr edən Məhəbbətin xəmiri səfalı Laçının Çorman kəndində yoğrulub, kündəsi bu dədə-baba yurd ilə tutulmuşdu. Laçının işğalından sonra Vətən eşqi ilə Türkiyədə, Rusiyada, İranda, Özbəkistanda, Çexiyada və digər ölkələrdə qastrol səfərlərində olan Məhəbbət Kazımov Azərbaycan milli musiqisi janrında bir çox mahnı və muğamları böyük şövq ilə ifa edərdi. Laçın haqqında mahnının ürəklərdə yurd - yuva bağlamasının əsas səbəblərindən biri onun canına hopan hiss, ayrılıq, həyəcan, emosiya, Vətən həsrəti, ağrı ilə ifasında idi. Laçını görməyən belə ölməz sənətkarın ifasında bu mahnını dinləyəndə qədim Oğuz yurdunun füsunkar gözəlliyini seyr etməyə can atırdı, xəyalən oranın yovşanlı çöllərini, çoban yaylaqlarını, zirvəsində məğrurcasına qartallar süzən yalçın qayalı dağlarını gəzib –dolaşırdı. Məhəbbət dədə-baba yurdunun hər qarışını daxili yanğı ilə vəsf edirdi. Laçın ağrısı-ağısı Məhəbbətin dilinin ucunda bitmişdi. Laçın sanki bütün təbiəti ilə Məhəbbətin öz obrazında, səsində cəmlənmişdi. Onun avazında Laçının durnagözlü bulaqlarının zümzüməsi, çaylarının şırıltısı eşidilirdi. Məhəbbətin Laçın harayı Azərbaycanın harayı idi...

    Ömrünün son günlərinə qədər o, Vətən nisgili ilə yaşadı. “Bu il yenə gedəmmədim bizim dağlara” deyən sənətkar elə Göyçənin, Zəngəzurun, Şuşanın, Təbrizin, Dərbəndin, Borçalının da xiffətini Laçın qədər çəkən əsl Vətən oğullarından biri idi. Deyirdi ki, Allah Şuşanı Məkkə, Mədinə, təbərrik kimi Türk dünyasına müqəddəs bir pay verib, amma mənim əsl qibləgahım Laçındır. Məhəbbətin Laçın həsrəti Leylisini itirmiş Məcnun həsrəti idi. Ruhu hər daşı, qayası səngər olan Laçının məğlubiyyəti ilə barışmayan Məhəbbət elə bil Laçınsız yaşamaqdan getdikcə cana doyurdu:



    İlahi, ömrümə bir ömür cala,

    Qoyma ümidlərim puç olub sola,

    Durub təkbaşına düzəlib yola,

    Bir gecə Laçına qayıdacağam...



    Fəqət doğma Laçının nisgilini daşımağa Məhəbbətin ürəyinin giri qalmamışdı. Deyirlər, daş dəyənə, yol gedənə bəllidir. “Qarabağa aparan yol” qəzetində baş redaktorun müavini vəzifəsində çalışarkən bir dəfə Məhəbbət Kazımovla görüşdüm, onun uşaqla uşaq, böyüklə böyük olduğunun yaxından şahidi oldum. Müsahibə aldığım zaman Milli Ordumuzun sıralarında hərbi xidmətdə olan oğlum mənə zəng elədi. Məhəbbət Kazımov telefonu məndən alıb əvvəlcə bütün əsgərlərə salam söyləyəndən sonra bir ağız mahnı oxuyub dedi: “İsmayıl, inşallah, əsgərlikdən sağ-salamat qayıt gəl, əmi toyunda yeni mahnılarını oxuyacaq...”

    Laçına qayıtmaq Məhəbbətin ən böyük arzusu idi. Deyirdi ki, ömrüm uzandıqca elə bil Laçına doğru gedirəm: “Allah bizim yaşlı nəsilə ömür versin, gedib atalarımızın-babalarımızın uyuduqları məzarları ziyarət eləyək, ondan sonra mən Allahın ölümünü də şərəflə qəbul edərəm...” Bəzən də ifa etdiyi mahnının dili ilə “Dindirmə, daha bəsdi, yaman kövrək olmuşam,” deyərdi. Tarixin, yaşadığımız zəmanənin, dünyanın ikili standartlı siyasəti ucbatından Vətən həsrətli ağsaqqallarımızın, ağbirçəklərimizin çoxu doğulduğu ata ocağından kənarda dünyasını dəyişdi. Çox heyif ki, ömür Məhəbbətə də vəfa etmədi, o da bir çox həmyerliləri kimi Laçının azad olunmasını görə bilmədi. Amma son mənzilə qəlbində yurd sevgisi olan insanlar arasında himnə çevrilən "Laçınım mənim" mahnısı ilə yola salındı.

    Unudulmaz sənətkarın oğlu Rəşid Kazımov deyir ki, atam məclislərdə bu mahnını oxuyanda əvvəlcədən xahiş edirdi ki, heç kəs əl çalmasın... Hətta bir toy məclisində bu mahnını ifa edən zaman toy adamlarının oynadığını görəndə mikrofonunu qoyub məclisi tərk etmişdi. Məhəbbətin Laçın haqqında mahnısı kimisinə həsrət qaldığı uşaqlığını, kimisinə doyunca yaşaya bilmədiyi gəncliyini, kimsinə də mayasını o qədim yurdun dağından-qayasından götürən dözümünü-səbrini, müdrikliyini xatırladırdı. Əməkdar artistin oğlu Rəşid Kazımov Bakıda anadan olub. Əslən Laçından olan həmyaşıdları kimi o da Laçının şəkillərini sosial şəbəkələrdə görüb, videolarda izləyib. Görməsə belə hər zaman Laçını arzulayıb. “Doğma Laçınıma gedəndə oradan bir ovuc torpaq gətirib atamın qəbrinin üstünə səpəcəyəm. Onun da ruhu şad olsun.” Rəşid deyir ki, Laçın atamın yaralı və həssas nöqtəsi idi. Bəstələdiyi “Laçınım mənim” mahnısını o qədər yanıqlı oxuyurdu ki, ürəyi buna tab gətirmirdi...

    Qəribədir, insan harda dünyaya göz açsa da, uşaqlığı harda keçsə də, hər zaman ata-babasının aid olduğu torpağı, əcdadlarının yurdunun intizarını çəkir, ora can atır. Rəşid deyir: “Bütün xalqımız Qarabağın qayıtmasına sevinir. Bizim sevincimiz isə ikiqatdır, daha qabarıqdır. Ona görə ki, biz özümüz qarabağlıyıq... İnşallah, öz dədə-baba yurdumuza qayıdacağıq. Sevincimiz ən çox bununla bağlıdır ki, torpaqlarımız düşmən tapdağından xilas oldu.”

    İndi bütün Məhəbbətsevərlər bir ağızdan deyirlər: - Laçına yeni nəfəs verən Vətən oğullarının zamanı gəlib, ruhun şad olsun, sənətkar, Laçın bizimdir, Qarabağ Azərbaycandır!

    Nurəddin Muğanlı,


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR