AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Viləşin qəhrəman oğulları

  • + A
  • - A
  • 17-12-2020, 18:09



    Nurəddin ƏDİLOĞLU yazır.

    Viləş Masallıda həm çay adıdır, həm də kənd. Azərbaycan çempionatının güclülər dəstəsində 2000-2001 mövsümündə bürünc medallar qazanan və iki dəfə ölkəmizi UEFA İntertoto Kubokunda təmsil edən “Viləş” Futbol Klubu da Masallıda yaranmışdı. Amma Viləşin yaşayış məntəqəsi kimi adı rayonun coğrafiyasına yeni daxil olsa da XIX əsrin birinci yarısında, ilk məktəbin əsası bu kənddə qoyulmuşdur. Yüksək çinli hərbçilərin yetişməsində bu təhsil ocağının böyük rolu olmuşdur. 1828- ci ildə bağlanmış Türkmənçay sülh müqaviləsindən sonra Cənubi Qafqazda qalan rus əsgərləri kəndin ilk məskunları olub. İlk adı Mixaylovka, sonra Nikolayevka olmuş bu kənd Sovet hakimiyyəti illərində M.Kalininin şərəfinə Kalinovka adlandırılmışdır. Ötən əsrda kəndin yüzlərlə sakini həm Birinci, həm İkinci Dünya müharibələrində, həm də Qarabağın erməni faşistlərindən azad edilməsi uğrunda döyüşlərdə iştirak etmişdir.

    Düşmənə qarşı sonsuz nifrəti olan qardaşlar

    İntiqam və Nurlan Əsgərli qardaşları da bu kənddə dünya göz açmışdılar. Onların ermənilərə nifrətinin bir səbəbi Birinci Qarabağ savaşında kənddən dörd nəfərin şəhid olması və əmiləri Poladın 1993-cü ildə Ağdərənin Mehmanlı kəndində ağır yaralanması olmuşdu. Uşaqlıqdan hərbçi olmaq istəyən hər iki qardaş ağılları söz kəsən vaxtdan deyirmişlər ki, "düşməndən şəhidlərimizin və əmimizin qisasını alacağıq..." İntiqam da, Nurlan da hər ikisi bacarıqlı idmançılar idi. Karate, əlbəyaxa və qaydasız döyüş növlərini dərindən bilirdilər.

    Tale elə gətirdi ki, onlar təkcə qardaş yox, həm də döyüş yoldaşı oldular. Milli Ordumuzun sıralarında müvəqqəti hərbi xidmətini başa vurduqdan sonra gazirlik məktəbində oxuyaraq Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat bölüyundə xidmət ediblər. Onların tərcümeyi-halı

    qısa olsa da, döyüş bölgələrində göstərdikləri qəhərmanlıq böyük romanların, müharibədən bəhs edən filmlərin mövzusudur.

    "Mən əsiri eşqiyəm öz xalqımın, öz yurdumun..."

    Əliağa Vahidin bu misrasını kiçik qardaş Nurlan çox sevər və tez-tez təkrar edərmiş. Dörd il öncə - “Dördgünlük müharibə” kimi tarixə düşən Aprel döyüşlərində 21 yaşlı gizir Gizir Nurlan Əsgərli snayperlə Talış kəndi uğrundakı döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmişdi. Ermənilər postlarını qoyub qaçırdılar. Döyüşlər şəhidsiz, yaralısız olmur. Komandirləri polkovnik Raquf Orucovun gözlərinin önündə şəhid olduğunu görəndə Nurlan da, qardaşı da bərk sarsılırlar. Nurlan deyir ki, biz qəhrəmanlığı, şücaəti, mərdliyi bu kişidən öyrəndik. Bu dağlarda daha belə oğul doğulmayacaq. Onun heyfini düşməndə qoymayacağıq. Gərgin keçən döyüş boyu Nurlan böyük qardaşını qorumaq üçün qabağa keçiridi. Aprelin 4-də ermənilərin komanda-qərargah məntəqəsinin parladılması zamanı Nurlanla döyüşçü yoldaşlarının yanında mərmi partlayıb, üç nəfər həlak olub, iki nəfər isə ağır yaralanıb. Nurlan düşməndən geri alnmış torpaqlarda həlak olur. Yaşca özündən kiçik qardaşının nəşini odun-alovun içərisindən İntiqam özü çıxarıb. Qardaşını gətirib zabitlərə təhvil verəndən sonra, yenə geri qayıtdıb ki, polkovnik Vüqar Yusifovun cansız bədənini döyüş meydanından çıxarsın... Gizir Nurlan Əsgərli Ağdərə istiqamətindəki döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Viləş kəndinin girəcəyində indi Nurlan Əsgərlinin xatirəsini əbədiləşdirən küçə də var...

    Qardaşının intiqamını alan İntiqam

    “Kaş Nurlan Şuşaya bayraq sancandan sonra şəhid olaydı... Heyf, fələk imkan vermədi...” Bu sözləri İntiqama atası Bayram kişi 4 il əvvəl demişdi. Qardaşını doğma kənddə torpağa tapşırandan sonra qisas

    hissi ilə yaşayan gizir İntiqam Əsgərli Ali Baş Komandanın vercəcəyi hücum əmrini intizarla gözləyirdi. Türkiyədə hərbi təlimdən sonra ön xəttə qayıtmışdı. Nəhayət, çoxdan gözlədiyi məqam yetişdi. İkinci Qarabağ müharibəsi başlayan gündən əldə silah işğal altında olan torpaqlarımızda düşmənə qarşı qəhrəmanlıqla döyüşdü.. İntiqam iki il əvvəl ailə həyatı qurmuşdu. Bir övlad atası idi, ikinci övladı da tezliklə dünyaya gələcəkdi. Ona görə komandanlıq ona Şuşa uğrunda döyüşlərə qatılmamağı tapşırmışdı. İntiqam etiraz edib “Vətən torpağı uğrunda qurban getmək vəzifə və şərəf borcumuzdur.” deyib döyüşlərə atılmışdı. İntiqam Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

    Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə İntiqam Bayram oğlu Əsgərliyə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

    Şəhidlər anası Ziba xanım

    Şəhid övladlarının böyük portretləri, qoşa şəkilləri ilə bəzədilmiş şəhid otağı onların xatirələri ilə doludur. Vətənə, xalqa layiqli övladlar böyütməsi ilə qürur duyan Ziba xanımın dediyi kimi, Nurlan da, İntiqam da bu otağın hər qarışında, hər əşyasında, hər divarında bir xatirə qoyub gediblər. Otağın bütün əşyaları dilsiz olsa da, sanki danışırlar...

    Əsgərlilər ailəsində 30 yaşlı şəhid İntiqamın Nur adlı balaca qızı böyüməkdədir. Aprel şəhidi olan əmisi Nurlanın şərəfinə onun adını Nur qoyublar. Ailənin gəlini isə bətnində İntiqamın varisini daşıyır. Ziba xanım övladının hələ dünyaya göz açmamış körpəsinə atasının adını qoyacağını deyir.

    Bu günlərdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva şəhidlər anası Ziba xanım ilə görüşüb. Komitə sədri Nurlan və İntiqam Əsgərli qardaşlarının Vətən uğrunda döyüşlərdə fədakarlıqla iştirak edərək şəhid olmasını ailədəki yüksək vətənpərvərliyi parlaq şəkildə göstədiyini bildirirb: “Sizə minnətdarıq, əziz Ana! Övladlarınızın ruhu qarşısında ehtiramla baş əyirik.Bu gün sizinlə görüşümüz bir vəfa borcudur... Şəhidlərimizin qanı yerdə qalmayıb, Azərbaycan tarixi Zəfər

    qazanıb. Bu zəfər münasibəti ilə təbriki haqq edən ilk insanlar şəhid Analarıdır. Sizi iki şəhidimizin anası kimi, Zəfərimiz münasibəti ilə böyük ehtiramla təbrik edirəm."

    Qənirə Paşayeva Milli Məclisin Mədəniyyət komitəsi adından şəhid anasına təşəkkür məktubu təqdim edib. Görüşdə iştirak edən “Nəfəs” Xeyriyyə Təşkilatının sədri Firəngiz Balakişiyeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova, “Asiya” İnformasiya Agentliyinin rəhbəri Cəfər Cəfərov və digər ziyalılarımız Ziba xanıma hər zaman yanınızdayıq deyiblər.

    Şəhid qardaşların atası Bayram Əsgərov deyir ki, böyük oğlu İntiqama həm Vətəninin, həm qardaşı Nurlanın, həm də döyüşçü yoldaşlarının intiqamını almaq nəsib olub:“ Övladlarım həmişə Vətəni düşünərdilər. İstəmirdilər ki, torpaqlarımız düşmən tapdağı altında qalsın. İntiqam Vətəninin, qardaşının, döyüş yoldaşlarının qisasını aldı. Amma öz ömrünə də şəhidlik yazıldı. Oğlum Şuşada şəhid oldu. Şuşada qazanılan zəfərdə İntiqamın da payı var.”




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR