Bu gün Ermənilərin Tovuz rayonu istiqamətində 12-16 iyul tarixlərində törətdikləri hərbi təxribatlardan 40 gün ötür. Azərbaycan tərəfi düşmənin xain hücumuna cavab verərkən Ermənistanın yüzə yaxın canlı qüvvəsini, çoxsaylı hərbi texnikasını məhv etdi. Düşmən bu dörd günlük savaşda qınına çəkilməyə məcbur edildi.
Azərbaycan tərəfdən bu döyüşlərdə 11 hərbçi şəhid, 1 mülki vətəndaş həlak oldu.
Bu təxribatlar törədilərkən Azərbaycan beynəlxalq aləmdə də Ermənistana sarsıdıcı zərbələr vurdu. Bu zərbələrin təsirindən düşmən hələ də özünə gələ bilməyib.
Bu gün torpaqlarımız uğrunda canından keçən qəhrəman övladlarımızın 40 mərasimi keçirilir. Onların arasında Masallı rayonundan şəhid mayor Anar Novruzov da var.
Azadmedia.az saytı xəbər verir ki, Tovuz rayonunun Ağdam kəndində düşmənə qarşı döyüşdə qəhrəmancasına şəhid olan mayor Anar Novruzovun Masallı rayonunda 40 mərasimi də RİH aparatının işçiləri, deputatların və ailə üzvlərinin iştirakı ilə izdihamla qeyd olunub. Masallı rayonundan seçilən deputat Məşhur Məmmədov, həmkarı Anar İsgəndərov, Rayon İH başçısı Şahin Məmmədov və rayonun aktivistləri ilə pandemiya qaydalarına riayət etməklə şəhid mayor Anar Novruzovun evinə baş çəkərək yaxınlarına baş sağlığı verib, sonra isə rayon ictimaiyyəti ilə bərabər Şəhidimizin məzarını ziyarət ediblər. Şəhidin məzarı önündə digər çıxış edənlərlə yanaşı deputat Məşhur Məmmədov da çıxış edərək şəhidlərin qəhrəmanlığından, ziyarətində olduğu Tovuz döyüşlərində şəhid ailələrinin əzmkarlığından, dövlətin şəhid ailələrinə göstərdiyi diqqətdən söhbət açdı, Allahdan şəhidimizə rəhmət, yaxınlarına səbr dilədi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.