Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara yanacağın qiymətinin artımı ilə əlaqədar sui-istifadə və əsassız qiymət artımına yol verilməməsinə dair xəbərdarlıq olunub.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlarla görüşü zamanı deyib.
O bildirib ki, vətəndaşlara rahat və təhlükəsiz nəqliyyat xidmətlərinin göstərilməsi daim dövlətin diqqətindədir:
“Dövlət başçısının tapşırığına uyğun olaraq son 5 ildə vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi üçün ardıcıl və məqsədyönlü tədbirlər görülüb. Müasir və komfortlu avtobuslar gətirilməklə avtobus parkının 40 faizi yenilənib. Dizel yanacağının qiymət artımı ilə bağlı daşıyıcılara müəyyən dəstək tədbirləri nəzərdə tutulub. Bu məqsədlə İqtisadiyyat Nazirliyi ilə birgə müvafiq təhlillər aparılır. Dəstək tədbirlərinin göstərilməsi bir daha dövlətin həm sahibkarlıq subyektlərinin, həm də gündəlik ictimai nəqliyyatdan istifadə edən əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinin qorunmasına verdiyi önəmi göstərir. Daşıyıcılara sui-istifadə və əsassız qiymət artımına yol verilməməsinə dair xəbərdarlıq olunub”.
Görüş zamanı dizel yanacağının qiymətinin tənzimlənməsi, son 5 ildə sərnişindaşıma sahəsində görülən, problemlər və qarşıda duran vəzifələr barədə müzakirələr aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.